Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:05

Azərbaycanda insan alveri qurbanlarının sayı azalmır


Son illərin praktikası Azərbaycanın həm də istifadəçi ölkə olduğunu göstərir

Son illərin praktikası Azərbaycanın həm də istifadəçi ölkə olduğunu göstərir

Qadın problemləri ilə məşğul olan qeyri-hökumət təşkilatı - Qadın Krizis Mərkəzinin hesablamalarına görə, son illər görülən tədbirlərə baxmayaraq, Azərbaycanda insan alveri qurbanlarının sayı azalmayıb. 2002-ci və 2007-ci ilin statistikası arasında fərq demək olar, yoxdur.



Bunu Mərkəzin rəhbəri Mətanət Əzizova deyir. Bildirir ki, Azərbaycan insan alverində daha çox «tranzit ölkə» kimi tanınsa da, son illərin praktikası Azərbaycanın həm də «istifadəçi ölkə» olduğunu göstərir:



«Azərbaycanda Özbəkistandan, Ukraynadan, Rusiyadan xeyli sayda insan alveri qurbanları aşkar olunub. Bizim Krizis Mərkəzinə daha çox Özbəkistandan olan qadınlar müraciət edib».


Mətanət Əzizova deyir ki, insan alveri ilə məşğul olan şəbəkəni bir çox hallarda rəsmi şəxslər himayə edir:


«Sutenyorlar, bu cinayətlərin qeydə alındığı məkanların himayədarları arasında daha çox polis əməkdaşlarının adı hallanır».


Rəsmən insan alverinin qurbanı kimi tanınan Sevda Xəlilova da bildirir ki, sutenyoruna polisə şikayət edəcəyini bildirəndə, sutenyor buna heç əhəmiyyət də verməyib:


«Mənə deyirdi ki, mənim güclü əlaqələrim var. Əlim hər yerə çatır. Hara şikayət etsən də, mənə heç nə edə bilməyəcəksən».


Daxili İşlər nazirinin müavini Vilayət Eyvazov isə polisin insan alveri ilə bağlılığı haqda deyilənlərin arxasında ciddi fakt dayanmadığını bildirir:


«Tərəfimizdən qeydə alınmayıb ki, insan alveri ilə məşğul olan cinayətkar dəstəni hansısa məmur, yaxud hüquq-mühafizə orqanlarının əməkdaşı himayə edir. Gecə barları da, əyləncə mərkəzləri də daimi nəzarətdədir. Orada olan bütün qanun pozuntuları qeydə alınır. Bu ilin 11 ayında bu məsələ ilə bağlı 265 cinayət faktı qeydə alınıb, 465 nəfər cinayət məsuliyyətinə cəlb edilib».


Vilayət Eyvazov deyir ki, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsi bu sistemdə çalışanların fəaliyyətini bütünlükdə nəzarətdə saxlayır:


«Əməkdaşların hüquqazidd əməlləri ciddi şəkildə araşdırılır. Əgər qanun pozuntusu intizam məsuliyyətinə layiqdirsə, adekvat tədbir görülür. Qanun pozuntusudursa, fakt araşdırılmaq üçün Respublika Prokurorluğuna göndərilir».


Vilayət Eyvazovun bildirdiyinə görə, 2008-ci ildən insan alveri qurbanlarına kompensasiyaların verilməsi də nəzərdə tutulur. Bu, 2004-cü ildə qəbul edilmiş İnsan Alverinə Qarşı Mübarizə Üzrə Milli Fəaliyyət Proqramın tələbinə uyğun həyata keçirilir. Hələlik kompensasiyanın dəqiq məbləği bəlli olmasa da, Baş nazirin bu barədə sərəncamının gələn ilin ilk aylarından həyata keçiriləcəyi gözlənilir.


İnsan alverinə qarşı mübarizə üzrə qeyri-hökumət təşkilatlarının əməkdaşlıq şəbəkəsinin koordinatoru Asif İsmayılov isə düşünür ki, bu məsələdə ciddi dönüş əldə edilməsi üçün vətəndaşların polisə etimadını artırmaq vacibdir:


«İnsan alverinin qurbanları əmin olmalıdırlar ki, qorxmadan, çəkinmədən hüquq-mühafizə orqanlarına müraciət etsələr, onların problemləri həll olunacaq».


Asif İsmayılov hələlik Azərbaycanda bu sahədə maarifləndirmə işlərinin də arzu edilən səviyyədə olmadığını deyir:


«Hava limanlarında, dəmiryol vağzallarında xüsusi elanlar vurulmalıdır, bukletlər paylanmalıdır ki, insan alverinin potensial qurbanları həmin informasiyalardan yararlansınlar».


Bununla yanaşı, Asif İsmayılov düşünür ki, regionlarda da insan alverinin qurbanına çevrilmiş şəxslər üçün reabilitasiya mərkəzləri yaradılmalıdır. Belə mərkəz Bakıda artıq yaradılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG