Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:43

Daniel Frid Azərbaycana mesajlar verdi


Azərbaycan necə ölkə olacaq? Frid hesab edir ki, bu suala hələ cavab yoxdur
Azərbaycan necə ölkə olacaq? Frid hesab edir ki, bu suala hələ cavab yoxdur

«Bizi xüsusilə narahat edən Azərbaycanda mətbuata təzyiqin artmasıdır. Təəssüf ki, Azərbaycanda mətbuatın vəziyyətinin pisləşdiyini görürük. Və bu, Azərbaycan üçün, Azərbaycanın Amerikayla münasibətləri üçün yaxşı xəbər deyil».


Bunu Amerika Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniel Frid deyib. Frid dekabrın 10-da Avrasiya Siyasəti Mərkəzində «Azərbaycan, Türkiyə, Birləşmiş Ştatlar münasibətləri və bu münasibətlərin Avrasiya üçün əhəmiyyəti» konfransında danışıb.


Daniel Frid bildirib ki, «Azadlıq» radiosunun əməkdaşı İlqar Nəsibovun tutulması xəbərindən təşvişə düşüb. O, jurnalistin buraxılmasını alqışlayıb, amma deyib ki, Nəsibovun həbsi Azərbaycanda müstəqil jurnalistikaya təzyiqin nümunəsidir. «Güclü dövlətlər jurnalisti həbs etmirlər, tənqidçiləri susdurmurlar». «Güclü dövlətlərin azad mətbuatı olur». «Mətbuat azad deyilsə, xalq da azad deyil». «Mətbuat standartları qorumalıdır, amma jurnalisti tutmaqla mətbuatı inkişaf etdirmək olmaz». Daniel Fridin Azərbaycana mesajı budur.


Frid bildirib ki, demokratiya sadəcə seçki keçirmək deyil: «Parlament ölkənin idarə olunmasında iştirak etməlidir, məhkəmələr məhkəmə kimi fəaliyyət göstərməlidir. Azərbaycanda isə müxalifət kənarlaşdırılıb».


Azərbaycan necə ölkə olacaq? Frid hesab edir ki, bu suala hələ cavab yoxdur.


Daniel Frid bildirib ki, Azərbaycanın enerji ehtiyatı var və Amerika, Avropa böyük alıcılardır. Amma Birləşmiş Ştatların Azərbaycanla əməkdaşlıq maraqları daha genişdir. Azərbaycan demokratiyaya nail olsa, müasir institututlar yaratsa, daha güclü ölkə və daha vacib əməkdaş olar. İnkişaf üçün Azərbaycanın müstəqil parlamenti, müstəqil mətbuatı, bank sistemi, müstəqil məhkəməsi olmalıdır. Azərbaycan əlindən gələni etməlidir ki, enerji bazarında şəffaflıq təmin olunsun.


Frid hesab edir ki, Amerika-Türkiyə-Azərbaycan əməkdaşlığı Azərbaycana möhkəm dövlət qurmaq üçün resurs verəcək, təhlükəsizliyə, sülhə imkan yaradacaq.


O, Qarabağ problemindən də danışıb. Deyib ki, münaqişəylə bağlı təməl prinsipləriylə razılaşmağın vaxtıdır. Çünki nə qədər ki, Qarabağ məsələsi yoluna qoyulmayıb, nə qədər ki, Ermənistan təcrid olunub, Cənubi Qafqaz ümumi inkişafdan, stabillikdən məhrum olacaq.


Daniel Frid bildirib ki, Azərbaycanla Amerikanın əməkdaşlığı keçmiş sovet məkanından kənara da təsir edə bilər. Demokratik, sivil, stabil Azərbaycan milyonlarla azərbaycanlının yaşadığı İran üçün də nümunə olar.


Daniel Frid çıxışında enerji sahəsində əməkdaşlığa da xüsusi yer verib. Bildirib ki, Amerika-Türkiyə-Azərbaycan strateji əməkdaşlığı Qara dənizdən Çinə qədər bütün regiona təsir edəcək. Bu əməkdaşlığın xeyri o olacaq ki, Avropaya cənub dəhlizi inkişaf edəcək. Cənub dəhlizinin inkişafı üçünsə Amerika, Türkiyə və Azərbaycan birgə fəaliyyət göstərməli, Qazaxstan və Türkmənistan qazını yeni layihələrə cəlb etməlidirlər.


Daniel Frid: «Mənə deyiblər ki, Azərbaycanın adı qədim fars dilindən gəlir, «Odlar diyarı» deməkdir. Ola bilər ki, bu, Azərbaycanın məşhur neft ehtiyatlarına görədir. Amma başqa bir nəzəriyyəyə görə, bu ad Zərdüştə inanan rahiblərin yandırdığı ocaqlara görədir. Mən bu versiyaya üstünlük verirəm, çünki sivilizasiyanı yaradan resurslar deyil, mədəniyyətdir». Daniel Frid çıxışına belə başlayıb. Çıxışını bitirəndə isə bildirib ki, Azərbaycanın gələcəyi öz əlindədir: «Qədimdə farsların diqqətini çəkən parlaq alovların sönməsinə imkan verilməməlidir».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG