Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:49

Vətəndaşların məhkəmələrə etibarı azalır


Yaxın gələcəkdə hakim korpusunun təxminən 80 faizinin yeniləşəcəyi gözlənir

Yaxın gələcəkdə hakim korpusunun təxminən 80 faizinin yeniləşəcəyi gözlənir

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki, son illər bir sıra məhkəmə islahatlarının aparılmasına baxmayaraq, bu sahədə əsaslı dəyişikliyə hələlik nail olunmayıb: «Məhkəmə qərarlarının bir çox hallarda ədalətsiz olması ilk növbədə hakimlərin qeyri-peşəkarlığı ilə bağlıdır. Ya da ki, burada korrupsiya sxemləri var».


Konstitusiya Araşdırmaları Fondunun hesablamalarına görə, 2007-ci ildə Ali Məhkəməyə göndərilən şikayətlərin sayı ötən illə müqayisədə azalsa da, Avropa İnsan Haqları Məhkəməsinə edilən şikayətlər çoxalıb. Bu isə vətəndaşların Azərbaycan məhkəmələrinə etibarının getdikcə azalmasının göstəricisidir. Qanun pozuntularının aradan qaldırılması üçün isə Nuriyevin konkret təklifləri var: «Məhkəmə qərarlarının geniş miqyaslı monitorinqinə ehtiyac var. Müəyyən etmək gərəkdir ki, baş verən hüquq pozuntularının mahiyyəti nədir? Bu pozuntulara cavabdeh şəxslər kimlərdir? Bunları aydınlaşdırmaq lazımdır ki, onlara qarşı adekvat tədbirlər görmək mümkün olsun».


Əliməmməd Nuriyev yaxın gələcəkdə hakim korpusunun təxminən 80 faizinin yeniləşəcəyini bildirir. Onun sözlərinə görə, bu, məhkəmə qərarlarının keyfiyyət dəyişikliyinə müsbət təsir göstərəcək.


Məhkəmə-Hüquq Şurasının üzvü Əli Hüseynov da düşünür ki, bəzi problemlər qalsa da, uğurlar da yox deyil: «Bizim həyata keçirdiyimiz tədbirlərdə heç bir halda subyektivlik yoxdur. Biz bunu hər hansı görüntü xatirinə etmək fikrində deyilik. Bizə real nəticələr gərəkdir».


Rəsmi dairələr isə Azərbaycanda vətəndaşların hüquq və azadlıqlarının bütünlüklə təmin olunduğunu bildirir. Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev: «Azərbaycanda insan haqları qorunur».


Mehdiyev beynəlxalq birliyin Azərbaycanda fundamental insan haqlarının pozuntusu ilə bağlı fikirlərini də əsassız sayır. Onun sözlərinə görə, bəzən beynəlxalq qurumlar problemlərin əsl mahiyyətini dəyişməyə meyl göstərirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG