Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:31

«Kosovo Qarabağ problemi üçün presedent ola bilməz»


Ekspertlər deyir ki, artıq Qarabağ probleminin həlli müzakirələri aktual fazaya keçib

Ekspertlər deyir ki, artıq Qarabağ probleminin həlli müzakirələri aktual fazaya keçib

Qarabağ probleminin həlli ətrafında müzakirələrin intensivləşməsi bu problemin həllilə bağlı düşüncələri cəmiyyətin gündəminə gətirir və buna görə belə müzakirələri təşkil edirik. Bunu «Cənubi Qafqaz» Araşdırmalar Mərkəzinin rəhbəri Rauf Mirqədirov deyib.


Böyük Britaniya Hərbi İcmallar üzrə Araşdırmalar İnstitutunun Cənubi Qafqaz bölməsinin dəstəyilə Qarabağ münaqişəsi ilə bağlı dəyirmi masa keçirilib.


R.Mirqədirov deyir ki, artıq Qarabağ probleminin həlli müzakirələri aktual fazaya keçib. Onun sözlərinə görə, Qarabağ probleminin həllinə «Kosovo modeli»nin mümkün tətbiqi və regionda sürətlə silahlanma məsələsi aktual müzakirə obyektidir. R.Mirqədirov Kosovonun müstəqillik əldə etməsindən sonra bu modelin Qarabağ probleminin həllinə də şamil olunacağı ehtimalı olduğunu vurğulayıb. O, beynəlxalq qurumların və aparıcı dövlətlərin bir qisminin buna yox dediyini bildirib. Amma, buna baxmayaraq, Rusiyanın Kosovo variantı qəbul edildiyi halda MDB məkanındakı münaqişələrə bu modelin tətbiqini mümkün saydığını xatırladıb. Ermənistan və Azərbaycanda silahlanma getdiyini deyən R.Mirqədirov bunun həm də müharibə anlamına gəldiyini və beynəlxalq birliyi narahat etdiyini xatırladıb.


Tədbirdə çıxış edən hüquqşünas Rauf Qarayev «Kosovo modeli»nin Qarabağ problemi üçün presedent ola bilməyəcəyini deyib və bunu beynəlxalq hüququn normaları ilə əsaslandırıb. O, Qarabağ probleminə münasibətdə aparıcı dövlətlərin mövqeyinin də belə presedentin tətbiqinə meylli olmadığını söyləyib.


Ekspert Rauf Rəcəbov Qarabağ probleminə münasibətdə tənzimləmə strategiyasının iflasa uğradığını və ATƏT-in Minsk qrupunun bunda artıq bir iş görəcəyinə ümid etmədiyini bildirib. O, Qarabağ problemi ilə bağlı danışdıqda Rusiyanın Abxaziya və Osetiya probleminə mövqeyini də yaddan çıxarmamağı tövsiyə edib və 2008-ci ilin Cənubi Qafqazda gərgin il olacağını bildirib.


Ekspert Əvəz Həsənov problemin həllində hansı modelin tətbiq ediləcəyilə bağlı məsuliyyəti vasitəçilərin üzərinə qoymağı savadsızlıq sayıb. Onun sözlərinə görə, rəsmi Bakı Qarabağa status vermək barədə danışırsa, bu statusu ermənilərlə müzakirə etməlidir. Amma hələ ki belə bir müzakirə yoxdur. O, Qarabağ ermənilərinə güc göstərməyin əleyhinə olduğunu deyib və həll modeli ətrafında çalışmağa çağırıb.


Beynəlxalq Böhran Qrupunun əməkdaşı Təbib Hüseynova görə, bu problem ətrafında qeyri-müəyyənlik var və hər tərəf status-kvonu öz xeyrinə dəyişmək istəyir. Onun sözlərinə görə, «Kosovo modeli» tətbiqini tapa biləcəyi üçün separatçılar da bu varianta ümid bəsləyirlər. O, problemin həlli üçün yeni yollar axtarmağın lazım gəldiyini önə çəkib.


«Turan» xəbər verir ki, daha sonra tədbir ekspertlərin iştirakı ilə qapalı şəkildə davam etdirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG