Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:45

Novruz Məmmədov Koçaryanı ittiham edir


«O, özü də dəfələrlə həmsədrlərə vədlər verib və sonra onlardan imtina edib»

«O, özü də dəfələrlə həmsədrlərə vədlər verib və sonra onlardan imtina edib»

«Robert Koçaryan dəfələrlə həmsədrlərə və Azərbaycan tərəfinə müəyyən vədlər verib və növbəti görüşdə onlardan imtina edib. Bu ilin iyun ayında Sankt-Peterburqda da belə olmuşdu». Bunu Azərbaycan Prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov «Azadlıq» radiosuna müsahibəsində bildirib.


Ermənistan prezidenti Robert Koçaryan bəyan edib ki, Bakı ilə Yerevan iki dəfə Qarabağ danışıqlarının təməl prinsipləri üzrə saziş imzalamağa nail olublar. Və bu, Azərbaycanın günahı üzündən baş tutmayıb.


Novruz Məmmədov isə bildirir ki, belə vəziyyət iki dəfə yaranıb – 1998 və 1999-cu illərdə. Həmin vaxt beynəlxalq ictimaiyyətin dəstəyi ilə tərəflər razılaşmaya nail olublar. Ancaq Ermənistanın daxilində baş verənlər buna imkan verməyib: «Əgər Robert Koçaryan bunları nəzərdə tutursa, onda adı ilə desin. Çünki özü də dəfələrlə həmsədrlərə vədlər verib və sonra onlardan imtina edib. Sonuncu dəfə bu ilin iyun ayında da müəyyən gözləntilər var idi. Amma Koçaryan Peterburqda dedi ki, mən məsləhətləşməliyəm. Halbuki əvvəlcə söz vermişdi və bu, bəhanə idi».


Cənab Məmmədov həmsədrlərin ötən həftə Madriddə nazirlərə təqdim etdiyi prinsiplər sənədini də açıqlayıb. Dediyinə görə, «bu, o təkliflərdir ki, Praqa prosesi adı altında 4 ilə yaxındır ki, müzakirə olunurdu».


Sənədin mahiyyətində mərhələli həll durur. Belə ki, birinci mərhələdə Qarabağ ətrafındakı rayonların əvvəlcə Laçın və Kəlbəcər istisna olmaqla beşi, sonra isə digərləri azad edilməlidir. Daha sonra ərazidə quruculuq və təmizləmə işləri aparılmalı, qaçqınlar qayıtmalı, kommunikasiya xətləri açılmalı, bölgəyə beynəlxalq sülhməramlılar yerləşdirilməli və status-kvo bərpa edilməlidir. Məmmədov onu da deyib ki, Azərbaycan tərəfi nizamlama çərçivəsində Bakı-Naxçıvan yolunun açılması və hətta Ermənistana uzadılmasına da razıdır. Bütün bu proseslər üçün Bakı 15-20 il vaxt verilməsini və ondan sonra Qarabağın statusunun müəyyənləşməsini təklif edir. Bununla belə, Prezident Aparatının rəsmisi vurğulayıb ki, hələ ortada tam razılıq yoxdur: «Olsaydı, həmsədrlər prinsipləri yenidən tərəflərə təklif etməzdilər».


Günün bütün mövzuları

XS
SM
MD
LG