Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:43

Banklar müflisləşir, ərzaq bahalanır, yoxsulların problemi artır…


Bu il həm də dünyada ərzağın bahalanmasıyla yadda qaldı

Bu il həm də dünyada ərzağın bahalanmasıyla yadda qaldı

Neftin bir bareli 100 dollara çatıb. Dollar qiymətdən düşür, banklar müflisləşir, ərzaq bahalanır, yoxsulların problemi artır.


2007-ci il yəqin daha çox bu problemlərlə yadda qalacaq. Və belə getsə, 2008-ci il də asan olmayacaq.


Neftin qiymətini qaldıran amillərdən biri Yaxın Şərqdə gərginlikdir. Hamı narahatdır ki, Amerika dünyanın dördüncü iri neft istehsalçısı olan İranla müharibəyə başlayar.


Digər tərəfdən, neftə ehtiyacı olan ölkələrə Çin, Hindistan kimi nəhənglər də qoşulub. İndi istehsal olunan neft istifadə olunan neftə az qala bərabərdir. Bu isə o deməkdir ki, neftin qiyməti gələn il də baha olacaq. Neftə ehtiyac artsa da, OPEK ölkələri hasilatı artırmaq istəmirlər. Hesab edirlər ki, neftin qiymətini qaldıran ehtiyac yox, spekulyantlardır. Çatem Hauz Araşdırma İnstitutunun Dubaydakı eksperti Valeri Marsel də hesab edir ki, neftin real qiyməti indikindən aşağıdır: «Neftin qiyməti bir neçə həftə əvvəlki həyəcanlı qiymətdən - 98 dollardan yuxarı deyil. Neft həm də ABŞ dolları başqa valyutalara nisbətən düşdüyünə görə bahadır. OPEK neft hasilatını artırmamasını bununla izah edir».


Ekspertlər dolların gələn ilin birinci rübü də düşəcəyini deyirlər. Frankfurtdakı «Kommersbank»ın analitiki Antje Praefcke inanır ki, 2008-ci ilin birinci rübü Birləşmiş Ştatların iqtisadiyyatı özünə gəlməyə başlayacaq. Praefcke deyir ki, maliyyə məsələlərində hərc-mərcliyə baxmayaraq, Amerika iqtisadiyyatı sağlam görünür: «Biz indiki böhranın real iqtisadiyyata mənfi təsirini hələ görmürük. Amma neqativ təsirlər tezliklə fundamental məsələlərdə özünü göstərməyə başlamalıdır».


Ancaq ABŞ iqtisadiyyatı özünə gələndən sonra da dollar çətin qalxar. Çünki sadə dillə desək, Amerika indi qazandığından çox xərcləyir; ixracın idxaldan çox olması, neqativ ticarət balansı dolların qalxmasına imkan vermir.


Bu il həm də dünyada ərzağın bahalanmasıyla yadda qaldı. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamasına görə, ərzağın qiyməti ümumilikdə 21% artıb. Amma ayrılıqda baxanda qiymətlər dəhşətlidir. Süd məhsulları 65% artıb, taxıl məhsulları 40%. Ət məhsulları isə 6% bahalanıb. Bu rəqəmlər kasıblara xüsusilə problem yaradır. Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bahalığın bir neçə səbəbini sadalayıb. Əvvəla, yanacağın qiyməti qalxdığı üçün ərzağı daşımaq baha başa gəlir. İkincisi taxıl məhsullarına tələbat artıb, çünki taxıldan benzinə alternativ olan bioyanacaq hazırlanır. Ərzağın bahalanmasının bir səbəbi də odur ki, dünya əhalisi artıb. Varlıların sayının artmasının da ərzağın bahalanmasının səbəblərindən biri olduğunu deyirlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG