Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:07

Orduya ictimai nəzarət varmı?


2007-ci ildə Azərbaycan ordusunda 46 hərbi qulluqçu ölüb

2007-ci ildə Azərbaycan ordusunda 46 hərbi qulluqçu ölüb

2007-ci ildə Azərbaycan ordusunda 46 hərbi qulluqçu ölüb. Ölüm hadisələri müxtəlif şəraitdə olub, o cümlədən atəşkəsin pozulması nəticəsində. Bu, Müdafiə Nazirliyi Mətbuat Xidmətinin açıqladığı rəsmi məlumatdır.


Silahlı Qüvvələrə Demokratik Nəzarət İctimai Birliyinin sədri Ələkbər Məmmədov isə deyir ki, onun apardığı hesablamalarda bu rəqəm 65 olub. Ötən il isə Azərbaycan ordusu 50-yə yaxın hərbi qulluqçusunu itirib. Məmmədov deyir ki, o, bu statistikanı mətbuatın və Müdafiə Nazirliyinin yaydığı məlumatlar nəticəsində əldə edib.


Silahlı Qüvvələrə Demokratik Nəzarət İctimai Birliyinin sədri Ələkbər Məmmədov deyir ki, əgər əsgər ölümünün bir hissəsi atəşkəsin pozulması nəticəsində olubsa, qalanları da orduya ictimai nəzarətin olmamasıyla bağlıdır. O, hesab edir ki, orduda xeyli çatışmazlıqlar var, əgər müstəqil qurumlar tez-tez silahlı qüvvələrə ictimai nəzarəti həyata keçirsə, əsgər ölümü açıqlanan rəsmi rəqəmlərdən xeyli aşağı olar.


Müdafiə Nazirliyinin sözçüsü Eldar Sabiroğluna görə isə indi orduya ictimai nəzarət çox yüksək səviyyədədir. O, nümunə kimi bu günlərdə 15 redaktorun bir neçə hərbi hissəyə baş çəkməsini göstərir.


Ələkbər Məmmədov burda da bir müəmma görür. O, hesab edir ki, ordu rəhbərliyi ictimai nəzarəti istədiyi ictimai birliklər və mətbuat vasitəsilə həyata keçirməyə cəhd edir.


Bir neçə aydır ki, ATƏT-in Bakı ofisi hərbyönlü QHT-ləri bir assosiasiyada birləşdirmək ideyasını ortaya atıb. Məqsəd bu sahədə fəaliyyət göstərən 50-yə yaxın qurumun işini əlaqələndirməkdir.


Ancaq Ələkbər Məmmədov bu ideyanı qəbul etmir. O, deyir ki, hakimiyyət ordudakı çatışmazlıqların müxtəlif QHT-lər tərəfindən yayılmasından narahatdır. Buna görə, hakimiyyət həmin QHT-ləri nəzarət altına almaq istəyir. Məmmədova görə, Azərbaycanda xeyli belə nümunələr var. Bir neçə QHT rəhbəri də o fikirdədir ki, bu, daha çox hökumətə sərf edən bir məsələdir. Amma əksər QHT-lər «yaşayarıq görərik» prinsipinə üstünlük verirlər.


ATƏT-in Bakı ofisinin hərbi və siyasi məsələlər üzrə şöbə müdiri Con MakQreqor səslənən iradları qəbul etmir. O, deyir ki, dünyanın əksər ölkələrində orduya ictimai nəzarət, hərbçilərin sosial hüquqlarının qorunmasına xidmət edən bu cür birliklər var. Onun təmsil etdiyi qurum da hərbyönümlü QHT-lərin bir assosiasiyada birləşməsinin tərəfdarıdır. Cənab MakQreqor yaradılacaq qurumun hakimiyyətyönlü bir qurum olacağı fikriylə də razı deyil. O, hesab edir ki, bu qurumlar bir yerdə olsa, onların fəaliyyəti daha səmərəli olar.


Günün bütün mövzuları

XS
SM
MD
LG