Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:57

İlin sonu, siyasətin əvvəli


Qiymətə minən tələbat malları və xidmətlər, qiymətdən düşən isə söz və azadlıqdır
Qiymətə minən tələbat malları və xidmətlər, qiymətdən düşən isə söz və azadlıqdır

2007-ci il də artıq yekunlaşmaq üzrədir. İndidən aydındır ki, dekabr ayı azərbaycanlılar üçün əsasən Yeni İl və Qurban bayramları ilə yadda qalacaq. Deməli, orta statistik azərbaycanlı bir daha ölkədə aparılan iqtisadi siyasətin ağırlığını öz üzərində hiss edəcək. Ölkədə gündən-günə qiymətə minən gündəlik tələbat malları və xidmətlər, qiymətdən düşən isə söz və azadlıqdır. Daha iqtisadiyyatda inhisarçılıq və bahalaşma haqqında söhbətlər də olmayacaq, çünki növbəti il üçün dövlət büdcəsi qəbul edilib, bu mövzular bir daha bir ildən sonra yada düşəcək. Elə söz və azadlıqdan da danışan tapılmayacaq.


Azərbaycan cəmiyyəti təəssüf ki, aksioloji cəhətdən tədqiq olunmayıb. Ölkədə iqtisadi qiymətlər ierarxiyası və şkalası məlumdur, amma dəyərlər şkalası hələ öyrənilməyib. Sorğu aparılacağı təqdirdə azadlığın bir dəyər kimi orta statistik azərbaycanlı üçün neçənci yerdə ola bilməsi bəlli deyil.


Bunu öyrənən və aşkar edən elmi-tədqiqat strukturları da yoxdur. Düzdür, bu yaxınlarda Strateji Araşdırmalar Mərkəzinin yaradılması haqqında sərəncam verildi, amma onun formalaşması yaxın gələcəyin işidir. Hər halda heç olmamaqdansa gec olmaq daha yaxşıdır.


Cəmiyyət həmişə zahirən statik və durğun vəziyyətdə olur. Bu, məşhur Broun hərəkətinə bənzəyir-kənardan baxanda heç nə hiss olunmur, amma mikroskopla baxanda böyük xaotik hərəkət görürsən. Bizim cəmiyyətə tətbiqən daxili xaotik hərəkət bir o qədər də böyük deyil. Amma belə hərəkət var.


Bəs 2007-ci il nə göstərdi? Məlum oldu ki, yaşı 20-yə çatan müstəqil Azərbaycan mətbuatı hələ peşəkar deyilmiş və o, etik dəyərlərdən çox uzaq imiş

Düzdür, müxalifət liderlərinin özləri partiyalarını dissident klublarına bənzədirlər. Jurnalistlər başqa məşğuliyyət axtarışındadırlar. Amma bütün bunlar narazılığın olmaması demək deyil. Narazılıq institutlaşanda onu görmək və idarə etmək daha asan olur, nəinki əks təqdirdə. Demokratik cəmiyyətdə narazılıq aşkar və institutlaşmış formada olur, qeyri-demokratik rejimlərdə isə o, latent xarakter alır.


2007-ci il söz və mətbuat azadlığı üçün çox çətin il oldu. Bütün dünyada söz azadlığı digər azadlıqların fundamenti sayılır. Bəs 2007-ci il nə göstərdi? Məlum oldu ki, yaşı 20-yə çatan müstəqil Azərbaycan mətbuatı hələ peşəkar deyilmiş və o, etik dəyərlərdən çox uzaq imiş. Bir vaxtlar isə müstəqil Azərbaycan mətbuatı son on ildə əldə edilmiş ən böyük nailiyyət hesab olunurdu. Azərbaycandakı hakimiyyətlərin hamısının idarəçiliyi vaxtında mətbuat üçün çətin olub. Amma son illərdəki çətinliklər əvvəlki dövrlərlə müqayisəyə gəlmir.


Siyasi partiyaların vəziyyəti daha acınacaqlıdır. Bunun bir günahı da partiyaların özündədir. Uzun müddət siyasi fəaliyyət qəzet nəşr etməklə məhdudlaşdığından qəzetlərə qarşı təzyiqlər artanda partiyalar şok yaşadılar. İndi növbəti seçkilərə partiyalar hansı potensialla gedirlər? Onlar nəyə ümid edirlər? Bu suallara yəqin ki, partiya funksionerlərinin özləri də cavab verməyə çətinlik çəkərlər. Əslində seçkiyə hazırlıq təkcə qanunlarda nəzərdə tutulmuş intervalda aparılmamalıdır, seçkiyə hazırlıq partiyaların daimi işi olmalıdır, bir seçki qurtarandan sonra partiya növbəti seçkiyə hazırlaşmalıdır. Amma partiya funksionerlərinin seçkiyə hazırlaşmaq haqqında təsəvvürləri primitiv və bəsitdir. Onlar seçkiyə hazırlaşmaq dedikdə təkcə mətbuatda və televiziyada çıxış etməyi nəzərdə tuturlar. Seçicilərlə canlı ünsiyyət yoxdur. Bəzi partiyalar bu ilin əvvəlində aksiyalar keçirməyə cəhd etdilər, amma bu cəhdlər çox zəif və epizodik xarakter daşıdı. Güman etmək olardı ki, ilin sonunda vəziyyət dəyişəcək, çünki partiyaların bir qismi artıq seçki üçün öz namizədlərini müəyyən ediblər. Amma hələ ki hər hansı fəaliyyət yoxdur.


Beləcə, Azərbaycanda cəmiyyət ancaq fəsillərin dəyişməsini hiss edir. Təkcə fəsillərin dəyişdiyi ölkədə isə siyasi analiz aparmaq bir o qədər də asan məşğuliyyət deyil. Amma ilin sonu istər-istəməz siyasətin əvvəlindən xəbər verir. Növbəti il bütün hallarda siyasi il olacaq. Yenə dialoqlar, müzakirələr meydana gələcək. Yekunlaşmaqda olan il isə bu proseslərin ərəfəsi, həm də bünövrəsidir. Etiraf etməliyik ki, heç bir il siyasət üçün təsirsiz ötüşmür, illər kimlərinsə uğurunu artırır, kimləri isə, əksinə uğursuzluğa düçar edir.



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG