Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:49

Sementin bahalaşması digər tikinti materiallarının da qiymətinə təsir edəcək


Sement satışı ilə məşğul olan adamlar özləri də qiyməti qaldırırlar
Sement satışı ilə məşğul olan adamlar özləri də qiyməti qaldırırlar

Dekabrın 4-də rəsmən elan olundu ki, ayın 1-dən sementin qiyməti 16 faiz artıb. Sementin qiymətinin artımı əslində, bir neçə həftə əvvəldən özünü büruzə vermişdi. Ancaq buna baxmayaraq məhz rəsmi elandan sonra başqa tikinti materiallarının da qiymətində dəyişiklik olacağı barədə fikirlər səslənməyə başlayıb. Yəni, bu söz-söhbətə necə deyərlər, sement səbəb olub. Baxmayaraq ki, «Qaradağ Sement» Açıq Səhmdar Cəmiyyəti sementin pərakəndə satış qiymətinə yox, topdan satışına dəyişiklik etdiyini bildirir.


Cəmiyyətin Mətbuat Xidmətinin rəhbəri İskəndər Sərdarlı deyir ki, xeyli vaxtdır xaricdən alınan və sement istehsalının əsas komponentlərindən olan klinkerin qiyməti 95 faiz artıb. Ancaq zavod ölkədəki vəziyyəti nəzərə alaraq həmin vaxt sementin qiymətini artırmayıb. Ancaq bura bəzi başqa səbəblər də əlavə olunduqdan sonra müəssisə bu addımı atmaq məcburiyyətində qalıb: «İ nflyasiya dərəcəsinin 17 faiz olması ilə bağlı qabaqcadan verilmiş proqnozları nəzərə alaraq, sement üzrə qiymət artımının 16 faiz müəyyən edilməsi qərara alındı. Qiymət artımının digər səbəbləri idxal olunan klinkerin qiymətinin 95 faizə qalxması və işçi xərclərinin artmasıdır. Bundan əlavə, biz davamlı olaraq, yüksək keyfiyyətli xammal almaq və müəssisə xidmətlərini optimallaşdırmaq, eləcə də ekoloji təmiz istehsal şəraitini sabit saxlamaq üçün əlavə vəsaitlər xərcləyirik».


İskəndər Sərdarlı bildirir ki, sement satışı ilə məşğul olan adamlar özləri də qiyməti qaldırırlar. Zavodun onların işinə müdaxilə etmək imkanı yoxdur. Ancaq bununla belə, ölkədə iki sement zavodunun tikintisinə qərar verilib. Bu iş başa çatandan sonra satışla məşğul olanların qiymətdə belə gedişlər etmək imkanları məhdudlaşacaq.


Hələlik sementin qiymətinin qalxmasına görə digər tikinti materiallarında qiymət artımı müşahidə olunmur. Yəni, məhz dekabrın 1-dən bu yana hansısa tikinti materiallarının qiymətində dəyişiklik nəzərə çarpmır. Ancaq bəzi iş adamları və iqtisadçılar hesab edirlər ki, sementdən sonra digər tikinti materiallarının qiymətinin artımı labüddür.


Rusiyanın Perm vilayətindən Azərbaycana taxta göndərməklə məşğul olan Qalib Quliyev isə deyir ki, Rusiyada iqtisadi və mövsümi amillər taxtanın qiymətinə təsir edir. Ancaq bəzən Azərbaycanda taxtanın bahalaşması da Rusiyadakı qiymətlərə təsir edir. Məsələn, elə hal olub ki, onlar burada qiymətin qalxdığını bilib, Azərbaycana göndərdikləri taxtanın qiymətini artırıblar: «Keçən il eşitdik ki, Azərbaycanda taxtanın qiyməti qalxıb, biz də qaldırdıq».


Qalib Quliyev deyir ki, ilin əvvəlində Perm vilayətində taxtanın 1 kubunun qiyməti 100 ABŞ dolları idi. Hazırda 150 dollardır. Azərbaycanda isə 1 kubun satış qiyməti 260-270 dollar arasındadır.


İstər inşaatçılar, istərsə də özünə ev tikən və ya mənzilini təmir etdirən vətəndaşların tikinti materiallarının qiymətinin artımına münasibəti bəllidir. Bu, onların təkcə ürəyincə yox, həm də ciblərinə uyğun olmur.


İqtisadçı ekspert Rövşən Ağayev isə deyir ki, ölkədə sementin və digər tikinti materiallarının qiymət artımı inhisarçılığın nəticəsidir. Onun sözlərinə görə, kənardan ölkəyə sement və digər materialların gətirilməsinə sərbəstlik verilsə, keyfiyyətdə və qiymətdə rəqabət yaranar. Bu isə qiymətlərin aşağı düşməsinə də təsir edər.


İndiki halda isə tikinti materiallarının qiymətinin artması labüddür və bu, evlərin də qiymətinə təsir edəcək.


Bakıda tikilməkdə olan göydələnlərdən birinin mühəndisi ilə bu barədə söhbət etdim. Adının və hansı tikintidə işləməsinin açıqlanmasını istəməsə də, bildirdi ki, qiymətin hətta çox cüzi artımı da böyük tikintilərdə daha ciddi hiss olunur. Bu, əlbəttə ki, mənzillərin qiymətinə də təsirsiz ötüşmür. İnşaatçı onu da deyir ki, mənzillərin qiymətinin artmasına daha çox müxtəlif strukturlara qeyri-qanuni ödənilən vəsaitlər də təsir edir. Bura tikinti materiallarının qiymətindəki dəyişikliyi də əlavə edəndə, tikintini aparan şirkətə demək olar ki, heç nə qalmır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG