Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:22

İdxal məhsullarından asılılıq artır


İqtisadçı ekspertlər hesab edirlər ki, Azərbaycanın idxal məhsullarından asılılığı artır

İqtisadçı ekspertlər hesab edirlər ki, Azərbaycanın idxal məhsullarından asılılığı artır

«Manatın məzənnəsi getdikcə möhkəmlənir. Bu ilin ilk 10 ayında türk lirəsi və qazax tengesi istisna olmaqla manat qalan valyutalara nisbətən bahalaşıb». Bu barədə «Ayna» «İdxal məhsullarından asılılıq artır» başlıqlı məqaləsində yazır.


İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vüsal Qasımlı qəzetə bildirib ki, bu ilin ilk 10 ayında manatın ikitərəfli gerçək effektiv məzənnəsi dollar qarşılığında 12,5 faiz, avro qarşılığında isə 5,4 faiz bahalaşıb. Onun sözlərindən məlum oldu ki, belə vəziyyət idxalatçıların xeyrinə işləyir. İqtisadçı qeyd edir ki, 2007-ci ilin ilk 10 ayında un və tütün istisna olmaqla bütün növ ərzağın idxalı artıb, özü də əhəmiyyətli şəkildə. Göstərilən dövrdə ümumi idxalat 205 milyon dollar çoxalıb, ixracat həcmi 390 milyon dollar azalıb. Belə çıxır ki, Azərbaycanın idxal məhsullarından asılılığı artır.


V.Qasımlının dediyinə görə, bu ilin ilk 10 ayında manatın nominal məzənnəsi Avrozona, Rusiya, Böyük Britaniya, Gürcüstan və İsrail valyutalarına nisbətən düşsə də, gerçək effektiv məzənnəsi yüksəlib. «Bu onu göstərir ki, Azərbaycanda inflyasiya həmin ölkələrə nisbətən daha sürətlə gedib. Ümumi götürəndə isə ilk 10 ayda manatın qeyri-neft sektoru üzrə nominal effektiv məzənnəsi 3,8 faiz düşdüyü halda, gerçək effektiv məzənnə 3,8 faiz artıb. Azərbaycanda ümumi götürəndə bütün ticarət tərəfdaşlarında baş verən inflyasiyadan daha yüksək templə inflyasiya baş verir», - deyə iqtisadçı bildirdi.


«Yeni Müsavat» yazır ki, Milli Məclisdə PKK ilə bağlı bəyanat hazırlayacaq komissiyanın fəaliyyətinin dondurulması ictimai rəydə müxtəlif fikirlərin yaranmasına səbəb olub. Ölkə rəsmiləri Abdullah Güllə İlham Əliyev arasında imzalanmış bəyannamənin ratifikasiya edilməsi səbəbindən ayrıca bəyanata ehtiyac olmadığını desələr də, hələ ortada konkret nəticə yoxdur.


Qəzet xatırladır ki, bir müddət öncə Sülh və Demokratiya İnstitutunun təşkilatçılığı ilə «PKK terrorçu təşkilat kimi tanınsın» mövzusunda vətəndaş forumu keçirilmişdi. Həmin forumda Milli Məclisə müraciət qəbul edilmişdi. Sənəd millət vəkili Pənah Hüseyn tərəfindən Milli Məclis sədrinə təqdim olunmuşdu.


Yaranmış vəziyyətə Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus münasibət bildirib: «Milli Məclis bir daha öz qərarlarına hörmət göstərmədi. Bütün bunlar ölkədə müstəqil qanunverici orqanın olmadığına dəlalət edir. Digər tərəfdən doğurdan da, hansısa qüvvələr Azərbaycanın milli maraqlarına zidd siyasət yürüdürlər. Onlar PKK-nın terrorçu təşkilat kimi tanınmasını əngəlləyirlər».


Azərbaycan Mətbuat Şurası medianın regionlarla əlaqələrini daha da genişləndirmək məqsədilə yeni layihəsini gerçəkləşdirməyə başlayıb. Bu barədə «Yeni Azərbaycan» yazıb. «Layihədə ölkənin aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin bölgələrə səfərlərinin təşkili, regional quruculuğa dair dövlət proqramının həyata keçirilməsinin gedişatı, əyalət mətbuatı ilə sıx əlaqələrin yaradılması və sair bu kimi tədbirləri nəzərdə tutulub. Dekabrın 1-2-də Yevlax və Tərtərə səfərlərlə bu məqsədin reallaşdırılmasına başlanılıb. Nümayəndə heyətinin tərkibinə ölkənin 15-ə yaxın aparıcı qəzetlərinin baş redaktorları və həmçinin MŞ İdarə Heyətinin üzvləri daxil olublar».


Günün bütün mövzuları

XS
SM
MD
LG