Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:10

Azərbaycan futbolunda pullar göyə sovrulur


Avro-2008-in seçmə mərhələsi çərçivəsində Azərbaycan-Serbiya oyunu, 17 oktyabr 2007
Avro-2008-in seçmə mərhələsi çərçivəsində Azərbaycan-Serbiya oyunu, 17 oktyabr 2007

«İndi Azərbaycan futboluna imkanlı, tanınan şəxslər vəsait yatırır. Bu pullar göyə sovrulur. Başa düşürsünüz…» Həvəskar Futbol Federasiyasının vitse-prezidenti Zakir Məmmədov belə deyir. Ancaq o, Azərbaycan futboluna ayrılan pulların göyə sovrulduğunu məcazi mənada söyləyir. Əslində, bir qədər də səbr etsəniz, Azərbaycan futboluna ayrılan pulların göydə yox, elə yerdə necə «sovrulduğunu» biləcəksiniz…


«Klubları ya ayrı-ayrı dövlət müəssisələri, ya imkanlı şirkətlər, ya da vəzifəli şəxslər himayə edir»


Azərbaycanın güclülərdən ibarət futbol çempionatında 13 klub təmsil olunur. Hərçənd ilin əvvəlində 14 klub ölkə çempionu adı uğrunda mübarizəyə başlamışdı. Ancaq sonradan maliyyə problemləri üzündən İmişlinin «MTK-Araz» klubu oyunlarını yarıda dayandırıb birinci dəstəyə keçdi. «Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmov deyir ki, güclülər dəstəsindəki klubların böyük əksəriyyətini ya ayrı-ayrı dövlət müəssisələri, ya imkanlı şirkətlər, ya da vəzifəli şəxslər himayə edir. Azərbaycan futbolunun flaqmanı sayılan «Neftçi» futbol klubunun prezidenti Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevdir. «Qəbələ» klubunun prezidenti isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovdur. Bundan başqa, «İnter» klubuna rəsmən Beynəlxalq Bank, «Olimpik» klubuna isə «Azal» Dövlət Hava Yolları Konsernin törəmə qurumlarından biri sponsorluq edir. Bu siyahını düz həmin o nəhs rəqəm başa çatana qədər davam etdirmək olar. Ancaq Rüstəmov deyir ki, futbol klublarını imkanlı dövlət müəssisələrinin və vəzifəli şəxslərin himayə etməsi tək Azərbaycanda deyil. Əksər keçmiş sovet respublikalarında futbolu əsasən bu yolla inkişaf etdirməyə çalışırlar. Ancaq onun sözlərinə görə, belə halların hökm sürdüyü ölkələrdə şəffaflıq olmadığından futbola ayrılan pulların mənimsənilməsinə böyük imkanlar yaranır:


- Bütün dünya bilir ki, «Çelsi»nin və ya «Milan»ın büdcəsi nə qədərdir. Ancaq Azərbaycanda heç bir klub illik büdcəsi ilə bağlı ictimaiyyətə hesabat vermir. Bilinmir ki, il ərzində klubun gəliri nə qədər olub, xərcləri nə qədər. Şəffaflıq yoxdur. Şəffaflıq yoxdursa, onda biz deyə bilərik ki, ortada mənimsəmə var…


Üstəlik, qeyri-şəffaflıq tək klubların yox, eləcə də onların sponsorlarının fəaliyyətində özünü göstərməkdədir. Nə klublar maliyyə xərcləri, nə də sponsorlar onlara ayırdıqları vəsaitlərlə bağlı ictimaiyyətə hesabat vermirlər. Hər halda bununla bağlı suallarımıza nə Beynəlxalq Bankdan, nə də «Azal» Dövlət Hava Yolları Konsernindən məlumat ala bilmədik.


Halbuki, qabaqcıl ölkələrin hər birində klubların sponsorları maliyyə yardımları ilə bağlı məlumatlar verirlər. Tutaq ki, Azərbaycanda çoxsaylı azarkeşləri olan Türkiyənin «Qalatasaray» klubuna sponsorluq edən «AVEA»nın fəaliyyətində bunu açıq görmək mümkündür.
Mahir Rüstəmov bildirir ki, Azərbaycan futboluna ayrılan pullar təyinatı üzə xərclənmir. Bu, necə baş verir?


- Təsəvvür edin, real dəyəri 200-300 min dollar olan oyunçunun sənəddə qiyməti 500 min, 1 milyon dollar göstərilir. Qalan pul mənimsənilir.


«Mənimsəmə əsasən futbolçu və məşqçilərin transferində baş verir»


Mahir Rüstəmov deyir ki, mənimsəmə əsasən futbolçu və məşqçilərin transferində baş verir. Onun iddialarına görə, Azərbaycanın əksər klublarında transferlər bir çox hallarda məhz futbola ayrılan pulun yuyulması məqsədilə həyat keçirilir.


Rüstəmov hesab edir ki, Azərbaycana gətirilən əcnəbi futbolçuların böyük əksəriyyəti peşəkar səviyyələrinə görə yerli futbolçulardan geri qalır. Onun sözlərinə görə, Azərbaycanın əksər klublarında bir çox əcnəbi futbolçular var ki, bütün çempionat boyu yalnız bir neçə dəqiqəliyə oyuna buraxılır. Mahür Rüstəmov bildirir ki, əgər həmin futbolçuların transferlərindən böyük pullar qazanılmasa, onları Azərbaycana gətirməyin heç bir mənası olmaz.


«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmov
Üstəlik, Azərbaycanda FİFA lisenziyalı menecerlər cəmi bir neçə nəfərdir. Mahir Rüstəmovun sözlərinə görə, arada istənilən qədər lisenziyasız menecerlər olduğundan transferlər bir növ bazara çevrilib. Lisenziyasız menecerlər Afrika, Şərqi Avropa ölkələrindən futbloçuların gətirilib yerli klublara transfer edilməsinə vasitəçilik edirlər. Azərbaycana gətirilən əcnəbi futbolçuların da böyük əksəriyyəti ya klubsuz olduğundan və yaxud da əvvəlki klublarında müqavilə müddətləri başa çatdığından onlarla necə deyərlər, bazarlıq asan başa gəlir.


Həvəskar Futbol Federasiyasının vitse-prezidenti Zakir Məmmədov isə deyir ki, məsələ heç də təkcə ayrılan pulun aşağı səviyyəli futbolçuları transfer etməklə mənimsənilməsindən ibarət deyil. Onun sözlərinə görə, Azərbaycan futbolunda ayrılan pulun mənimsənilməsi ilə yanaşı, vergidən yayınma halları da geniş yayılıb:


- Futbolçu ilə ikili müqavilə bağlanır. Bir variant AFFA-ya verilir, digər variant isə futbolçuda qalır. Futbolçu ilə klub arasında münaqişə yaranarsa, AFFA-ya təqdim edilən müqavilə əsas götürülür.


Mikayıl Yusifov: «Futbolçular bir az diqqətli və daha ağıllı olsunlar»


Zakir Məmmədovun sözlərinə görə, klublar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) təqdim edilən müqavilədə futbolçunun əməkhaqqısını aşağı göstərməklə ödəyəcəkləri verginin həcmini azaltmaq məqsədi güdürlər. Ancaq mübahisəli məqamlarda heç də bütün futboçular AFFA-ya təqdim edilən müqavilənin əsas kimi götürülməsi ilə razılaşmırlar. Ötən il «Xəzər-Lənkəran» klubu qapıçı Mikayıl Yusifovu transferə çıxarmışdı. Mikayıl Yusifov isə AFFA-ya təqdim edilən müqaviləyə əsasən əməkhaqqısının ödənilməsi ilə razılaşmırdı. Futbolçuya vəkillik edən Zakir Məmmədov deyir ki, şikayətə AFFA-da düzgün baxılmadığından onlar məcbur olub həm UEFA-ya, həm də FİFA-ya müraciət etməli olublar. Məmmədovun sözlərinə görə, tərəflər yalnız bundan sonra razılığa gəliblər. Hazırda Türkiyənin birinci liqasında təmsil olunan «Kartalspor»un şərəfini qoruyan Mikayıl Yusifov da hələ o mübahisəni unutmayıb:


- Mən şəxsi müqaviləmlə əməkhaqqımın ödənilməsini istəyirdim. AFFA isə onlarda olan müqaviləni əsas götürürdü…



Yusifov kommersiya sirri olduğundan iki müqavilə arasında fərqin nə qədər olduğunu demir. Bununla belə, sezonun əvvəlində ağır zədə alan və başı necə deyərlər, daşdan-daşa dəyən bu futbolçu Azərbaycandakı həmkarlarına məsləhət verməkdən də qalmır:


- Bir az daha diqqətli və daha ağıllı olsunlar. Mən demirəm ki, ağılsızam. Hər halda diqqətli və ağıllı olmaları məsləhətdir. Mən deyirəm özləri başa düşər …


Ancaq «Xəzər-Lənkəran» klubunun rəhbərliyi Mikayıl Yusifovun iddialarını qəbul etmir. Klubun vitse-prezidenti Tuyqun Nadirov deyir ki, futbolçularla iki müqavilə bağlanması haqda deyilənlər həqiqət deyil. Nadirovun sözlərinə görə, klubdan ayrılan futbolçunun sonradan onlar haqqında xoş fikirlər dilə gətirməməsini başa düşmək lazımdır:


- Mən şəxsən öz klubumuzla bağlı bunu təkzib edirəm. Bizdə futbolçular nə qədər alırsa, sənədlərdə də elə həmin rəqəmlər göstərilir.


Qarşı tərəfin isə deyəsən, heç də öz iddialarından geri çəkilmək fikri yoxdur. Həvəskar Futbol Federasiyasının vitse-prezidenti Zakir Məmmədov deyir ki, əslində, futbolçularla ikili müqavilə bağlanmasından elə AFFA-nın də xəbəri var:


-Yenə deyirəm, bunu AFFA-da hamı bilir. Sadəcə, göz yumurlar. Onlara lazımdır ki, çempionat davam etsin, üzvlük haqları ödənilsin. Başqa şeylə maraqlanmırlar…


AFFA rəsmiləri isə futbolçularla ikili müqavilə bağlanmasından xəbərsiz olduqlarını deyirlər. Federasiyada İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhəbəri Mikayıl Nərimanoğlu deyir ki, söylənən halların olması belə onların üzərinə heç bir məsuliyyət qoymur:


- Bizə notariusda təsdiq edilmiş sənəd verirlər. Biz də onu əsas götürürük. Bizim ikinci bir qurumumuz yoxdur ki, onun dediklərini təsdiq edək. Əgər belə hallar varsa, burada futbolçuların özləri məsuliyyət daşıyırlar. Onlar müstəqil şəxslərdir. Niyə onlarla ikili müqavilə bağlanmasına yol verirlər. Əgər onlarla ikili müqavilə bağlanırsa, buna elə onda etiraz etsinlər.


Ancaq Zakir Məmmədov deyir ki, AFFA-nın bu məsələdə yaxasını kənara çəkməsi düzgün deyil. Onun sözlərinə görə, AFFA rəsmiləri maraqlı olsalar, belə halları üzə çıxarıb, aradan qaldırarlar:


«İnter» klubunun prezidenti Georgi Nikolov
- Tutaq ki, Nigeriyadan gətirilən bir futbolçunun sənəddə aylıq əməkhaqqı 250 manat göstərilir. Ancaq AFFA-nın şərti var ki, xaricdən gətirilən futbolçuya azı 300 manata kirayəyə ev tutulmalıdır. Hansı futbolçu razı olar ki, aylıq əməkhaqqısı 250 manat olduğu halda, ona aylıq 300 manata ev tutulsun? AFFA bilmir ki, onda futbolçu həmin ev kirəsini alıb özünə daha ucuz qiymətə ev tutar. AFFA yaxşı bilir ki, Azərbaycanda futbolçulara nə qədər maaş verilir. Bu, mindir, iki mindir, daha çoxdur…


«Bizdə 200 min manatdan aşağı illik müqavilə yoxdur»


Əslində, Azərbaycanda futbolçuların qonşu ölkələrlə müqayisədə yüksək məvacib almalarını AFFA rəsmiləri də gizlətmirlər. Bu qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyir ki, Azərbaycanda futbolçular əksər keçmiş sovet respublikalarındakı həmkarlarından daha çox qazanırlar:


- Moldovaya getmişdim. Orada əksər futbolçuların illik müqaviləsi 20-25 min manat arasındadır. Gürcüstanda da təqribən belədir. Bizdə 200 min manatdan aşağı illik müqavilə yoxdur. Demək bizdə pullar futbolçuların cibinə gedir.


Əslində, məsələnin mübahisəli tərəfi də elə Mikayıl Nərimanoğlunun sonuncu fikrində əks olunur. Əgər o, ayrılan pulların futbolçuların ciblərinə getdiyini deyirsə, Zakir Məmmədov və bəzi insanlar isə şübhəli transferlər və başqa qanunsuz əməliyyatlarla aradakı mənimsəmə hallarından danışırlar.


Hər halda indi Azərbaycan futbolunda əcnəbi futbolçuların limiti 5+2 prinsipi ilə müəyyən edilir. Yəni hansısa klub bir oyuna eyni vaxtda 5 əcnəbidən artıq futbolçu çıxara bilməz. Ümumilikdə isə əsas heyətdə 7 əcnəbi futbolçunun saxlanmasına icazə verilir. Ancaq Azərbaycanda elə klublar var ki, onun az qala yarısı əcnəbi futbolçulardan ibarətdir. Çoxu da 11 nəfərlik start heyətinə düşə bilmədiyindən bir qayda olaraq ya ehtiyatda gözləyir, ya da ümumiyyətlə, heyətə daxil edilmir. Azərbaycanda bu halın səbəblərini fudbol yazarlarından başqa, klub rəsmilərinin də dilindən eşitmək maraqlı olar. Ümumilikdə heyətində 13 əcnəbi futbolçu olan «İnter» klubunun prezidenti Georgi Nikolov deyir ki, əcnəbi futbolçuların heç də hamısı Azərbaycan çempionatına uyğunlaşa bilmirlər. Nikolovun sözlərinə görə, bir futbolçunun əvvəlki klubdakı oyunlarının kasetinə baxanda onun səviyyəsindən razı qalırsan. Ancaq Azərbaycanda əvvəl göstərdiyi peşəkarlığı göstərə bilmir. Georgi Nikolov hesab edir ki, həmin oyunçu Azərbaycan futbolunun reallıqlarına hazır deyil:


- Siz özünüz də bilirsiniz ki, futbol bazarı çox zəngindir. Siz ucuz, orta və çox bahalı futbolçu ala bilərsiniz. Təəssüf ki, Azərbaycan çempionatının indi reytinqi elədir ki, çətin çox bahalı, reytinqi yüksək olan futbolçu bura oynamağa gələr. İkincisi, Azərbaycan klubunun indi hansısa futbolçu üçün 2, 3, 5 milyon avro və ya dollar ödəməsi real deyil. Azərbaycan futbolunun səviyyəsi üçün bu, məncə, real deyil.


Xəqani Məmmədov: «Bizim futbolda rüşvət 2 mindən başlayır, 10-15 minə çatır»


Ancaq məsələ təkcə heç də Azərbaycana peşəkar səviyyəsi yüksək olan, bahalı futbolçuların gəlməməsində deyil. Söhbət birbaşa peşəkarlıq səviyyəsi aşağı olan, start heyətinə düşə bilməyən futbolçuların transferlərindən gedir. Həmin futbolçular bir çox müşahidəçilərin fikrincə, şübhəli qiymətlərə transfer edilsələr də, bir qayda olaraq nə öz klublarına, nə də bütünlükdə Azərbaycan futbolunun inkişafına xidmət edə bilərlər. Ona görə də bəzi futbol yazarları hesab edirlər ki, bu vəziyyətdən düzgün çıxış yolu uğursuz transferlərə ayrılan vəsaitin uşaq futboluna yönəldilməsidir. Əslində, Georgi Nikolov da bu fikirlə razılaşır:


- Tam həqiqətdir. Mən də sizin kimi hesab edirəm ki, bu vəsaiti əvəzedici komandaların, gənc istedadların inkişafına yönəltmək olar. Ancaq bir daha deyirəm ki, klubun idarəedilməsi şəxsi məsələdir. Hər bir sahibkar bunu özü müəyyənləşdirməkdə azaddır.


Ancaq Azərbaycan futbolunda sirlər təkcə şübhəli transferlərlə kifayətlənmir. Keçmiş FİFA dərəcəli hakim Xəqani Məmmədov deyir ki, Azərbaycan futboluna ayrılan pulların mənimsənilməsində oyunları satan hakimlərin də öz payı var:


- Bizim futbolda rüşvət 2 mindən başlayır, 10-15 minə çatır. Bəzən bundan da yüksək olur. Bu rəqəmləri mənə olan təklifdən deyirəm. Əgər mən təklif olunan pulu götürmürdümsə və həmin klub oyunu udurdusa, pul arada mənimsənilirdi. Yuxarılara isə pulun hakimə çatdığı deyilirdi. İndi rəqəmlər astronomik həddə çatıb…


Xəqani Məmmədov artıq iki ildir hakimlikdən uzaqlaşıb. Onun gümanlarına görə, indi hakimlərə təklif edilən rüşvətlərin həcmi də xeyli artıb. Məmmədov deyir ki, hər klubda hakimlərlə sövdələşmə aparan xüsusi şəxslər olur. Keçmiş hakimin fikrincə, futbola ayrılan pulların təyinatı üzrə xərclənib-xərclənmədiyini tam aydınlaşdırmaq üçün sponsor təşkilatların klub rəsmiləri ilə əlaqələrində də şəffaflıq olmalıdır:


- Bəlkə də həmin pullar dövlət müəssisəsində silinir. Tutaq ki, bir dövlət müəssisəsi bir kluba il ərizində təxminən 2 milyon pul ayırıb. Bəlkə 12 milyon da silinib?


AFFA-nın keçmiş prezidenti Fuad Musayev
Peşəkar Futbol Federasiyasının vitse-prezidenti Zakir Məmmədov isə deyir ki, futbola ayrılan pulların mənimsənilib-mənimsənilmədiyini çox asanlıqla üzə çıxarmaq olar. Onun fikrincə, bundan ötrü sponsor təşkilatlar maraqlı olmalıdırlar:


- Onlar bir audit qurumu yaradıb araşdırma aparmalıdırlar. Müəyyən etməlidirlər ki, futbola ayrılan pullar nə qədər təyinatına uyğun xərclənir.


Fuad Musayev: «Biz 11 il 9 milyon xərclədik. Bunlar bu məbləği bir ilə xərcləyirlər»


Beynəlxalq futbol təşkilatı - FİFA-nın son reytinq cədvəlində Azərbaycan düz 118-ci yerdə qərarlaşıb. Ancaq keçmiş sovet respublikalarından Ermənistan 90-cı, Gürcüstan 77-ci, Moldova isə 53-cü yerdədir. Əslində, Ermənistan və Gürcüstanda sovetlər dönəmində də futbol Azərbaycana nisbətən daha yaxşı inkişaf etmişdi. Ancaq Moldova haqda bunu demək olmaz. Hətta bu respublika sovetlər dönəmində uzun müddət güclülər dəstəsində heç bir klubla da təmsil olunmayıb. AFFA rəsmilərinin özləri etiraf edirlər ki, bu respublikaların hər birində futbolçularla bağlanan müqavilənin dəyəri Azərbaycandan qat-qat aşağıdır. Hətta qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyir ki, Moldovada Azərbaycanla müqayisədə futbolçularla bağlanan müqavilənin dəyəri 15-20 dəfə azdır:


- Moldovanın «Zimbru» klubunun elə bazası, elə stadionu var ki, sadəcə, bizim kulublar ona həsəd apara bilərlər. Bu il Azərbaycan klubları Avrokuboklarda mərhələ adlamadı. Ancaq illik büdcəsi onlardan 70 dəfə az olan klublar var ki, mərhələ aşdılar…


Bakıdakı klubların heç birinin isə nə özünün stadionu, nə də idman bazası var. «İnter» klubu 15 illiyə «Şəfa» stadionunu icarəyə götürüb. «Neftçi» və daha bir neçə klub isə oyunlarını icarə əsasında Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirir. Mikayıl Nərimanoğlu hesab edir ki, bu, klubların onlara ayrılan puldan düzgün istifadə edə bilməmələrinin göstəricisidir. Ancaq təkcə paytaxt klublarının yox, milli komandanın da idman bazası yoxdur. Yığmanın üzvləri oyunlar ərəfəsində bəzən elə asfalt üzərində məşq keçirlər.


Həvəskar Futbol Federasiyasının prezidenti Zakir Məmmədov deyir ki, əslində, Azərbaycan futbolunda belə təzad 2003-ci ilin dekabrından özünü göstərməyə başlayıb. Bir tərəfdən, çoxları futbola dövlət qayğısından danışır, başqa tərəfdən də nə futbol inkişaf edir, nə də bu sahədə əsaslı infrastruktur yaradılır.


2003-cü ilə qədər AFFA-ya Fuad Musayev rəhbərlik edib. 4 il bundan əvvəl isə həmin quruma «Azərneftyağ» İstehsalat Birliyinin rəisi Ramiz Mürzəyev rəhbər seçilib. Mirzəyev ötən ay vəfat etdiyindən hazırda AFFA prezidenti postu boşdur. Fuad Musayevin sözlərinə görə, onun dönəmində dövlət AFFA-ya bir qara qəpik də yardım etməyib. Əksinə ən müxtəlif təzyiqlərlə onu postundan uzaqlaşdırmağa çalışıblar. Fuad Müsayev deyir ki, o, 11 ildə ümumilikdə 9 milyon dollar xərcləyib. Onun sözlərinə görə, bu məbləğin elə 4 milyon 500 min dollarına «Şəfa» stadionunu tikiblər:


- İndi hökumət pul ayırır. Ancaq nəzarət yoxdur. Biz 11 il 9 milyon xərclədik. Bunlar bu məbləği bir ilə xərcləyirlər. Dövlət Neft Şirkəti bir ara yardımı dayandırdı, hay-küy qaldırdılar ki, biz xaricə çarter reysi ilə gedirik. Bizə heç çarter reysi də verən yox idi…


«Nə qədər ki, şəffaflıq yoxdur, futbolda ciddi dəyişiklik olmayacaq»


Hələ bir neçə il əvvəl Azərbaycanda futbolun inkişafına dair Dövlət Proqramı qəbul edilib. Ancaq «Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmov deyir ki, bu işlər formallıqdan uzağa getməyib. Ona görə də məşhur «nə etməli» sualı indi Azərbaycanın futbol ictimaiyyətində hələ də çoxlarını düşündürür. «İnter» klubunun prezidenti Georgi Nikolov çıxış yolunu klublara beynəlxalq standartlara cavab verən bazaların yaradılmasında görür.


«Futbol+» qəzetinin baş redaktoru və başqa yazarlar isə xüsusilə uşaq futboluna diqqət ayrılmasını zəruri sayırlar. Əslində, AFFA rəsmilərindən Mikayıl Nərimanoğlu da deyir ki, indi onları əsas düşündürən məsələ uşaq futbolunun inkişaf etdirilməsidir. Onun sözlərinə görə, məhz bu məqsədlə də yaxın vaxtlarda Bakının internat məktəblərinin birinin bazasında futbol akademiyası yaratmaq niyyətindədirlər. Mikayıl Nərimanoğlu deyir ki, FİFA-dan gələn yeni təlimat da klubları həm idman bazalarını yaxşılaşdırmağa, həm də uşaq futbolunu inkişaf etdirməyə sövq edəcək:


Azərbaycan-Finlandiya oyunu, 28 mart 2007
- Yeni təlimata əsasən, artıq bir neçə ildən sonra stadionu, bazası və üç yaş qrupunda komandası olmayan klublara lisenziya verilməyəcək. Əgər bir klub lap Azərbaycan çempionu da olsa, bu şərtlərə cavab verməsə, beynəlxalq oyunlara buraxılmayacaq.


Heç kim futbola ada kimi baxmağın tərəfdarı deyil


Fuad Musayev isə hesab edir ki, Azərbaycanda uşaq futbolunun inkişafı ciddi konsepsiyaya söykənməli və aparıcı ölkələrin təcrübəsindən istifadə edilməlidir. Onun sözlərinə görə, Ukraynada bütün orta məktəblərdə futbol dərsi keçildiyi halda, Azərbaycanda İdman Akademiyası belə başlı-başına buraxılıb. Musayev deyir ki, Türkiyə Almaniya təcrübəsindən istifadə edərək uşaq futbolunu inkişaf etdirib. Onun sözlərinə görə, məhz elə ondan sonra Türkiyədə futbol inkişaf etməyə başladı:


- Götürün, Yuqoslaviya təcrübəsini. Ölkə dağılıb, oradan çıxan bütün ölkələrdə futbol inkişaf edir. Orada hər yığmaya futbolçu yetişdirən uşaq məktəblərinə mükafatlar verilir.


Ancaq «Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmov da hesab edir ki, istər stadionların tikilməsi, istər klublara yeni bazaların yaradılması, istərsə də uşaq futbolunun inkişafı prosesində şəffaflıq olmalıdır. Onun fikrincə, Azərbaycan futbolunda nə qədər ki, şəffaflıq yaranmayıb, vəziyyət ciddi şəkildə dəyişməyəcək:


- Klublara bir şəxs rəhbərlik etməməlidir. O, səhmdar cəmiyyətə çevrilməli, istənilən şəxs səhmlərdən almalıdır. Sonra hər il hesabat açıqlanmalıdır. Bütün səhmdarlar da klubun gəlirini-çıxarını izləməlidir. Yox, əgər bir dövlət məmuru, ya biznesmen kluba rəhbərlik edəcək və şəffaflıq olmayacaqsa, vəziyyət dəyişməyəcək.


Hələ iki il əvvəl İtaliya futbolunda böyük qalmaqallar oldu. İtaliya Futbol Federasiyası başda çempion «Yuventus» olmaqla bir sıra klubları hakimlərin rüşvətlə ələ alınması və başqa qalmaqallarla bağlı cəzalandırdı. «Yuventus»un hətta çempionluğu əlindən alınaraq birinci dəstəyə göndərildi. Həmin il İtaliyanın dünya çempionu olması və bu uğurda həmin klubların böyük pay sahibi olması da nəzərə alınmadı. Həm futbol yetkililəri, həm də hökumət özündə iradə taparaq özbaşınalıqlara «dur» dedilər. Xəqani Məmmədov deyir ki, Azərbaycanda da belə sağlam iradəyə ehtiyac var. Ancaq tək futbolla bağlı belə bir iradənin göstəriləcəyi çoxlarına inandırıcı görünmür. Bu, tək futbolda yox, böyük neft pullarının xərcləndiyi bütün sahələrdə özünü göstərməlidir. Əslində, heç kim futbola ada kimi də baxmağın tərəfdarı deyil.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG