Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:49

«Biz sovet dövrünə qayıtmışıq»


Putin prezidentlik dövrü bitəndən sonra da Rusiyanın əsas söz sahibi olaraq qalacaq
Putin prezidentlik dövrü bitəndən sonra da Rusiyanın əsas söz sahibi olaraq qalacaq

Rusiyada parlament seçkisində hakim partiyanın qalib gəlməsi proqnozlaşdırılan idi. Vahid Rusiya Partiyası səslərin təxminən üçdə ikisini qazandı. Bu isə ona imkan verəcək ki, Konstitusiyaya dəyişiklik təşəbbüsü ilə çıxış etsin. Belə dəyişikliklər Vladimir Putin üçün üçüncü dəfə də prezident seçilmək imkanları aça bilər. İqtidaryönlü Liberal Demokrat və Ədalətli Rusiya partiyalarıyla bir yerdə isə Vahid Rusiya 450 yerlik Dumanın təxminən 85-90 faizinə nəzarət edə biləcək.


Belə görünür ki, Vladimir Putin ikinci prezidentlik dövrü bitəndən sonra da ölkənin siyasi həyatında əsas söz sahibi olaraq qalacaq. Siyasi şərhçilər hesab edirlər ki, o, hətta prezident olmadan da ölkəni de-fakto idarə edə bilər.


Bəzi şərhçilər deyirlər ki, prezidentin səlahiyyətləri bir çox ölkələrdəki kimi azaldıla, əsas səlahiyyətlər Baş nazirə verilə bilər. Nəticədə Putin ölkəni Baş nazir kimi idarə etməyə başlaya bilər. Baş nazirliyin isə müddəti, limiti yoxdu. Amma Putinin özü bu fərziyyəni rədd edib.


Amma bir çox siyasətçilərin və analitiklərin fikrincə, ən real ssenari odur ki, əsas güc mərkəzi Vahid Rusiya Partiyasının rəhbərliyi olacaq və Putin ölkəni partiya aparatı vasitəsilə idarə edəcək. Necə ki, sovet dövründə ölkəni Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi idarə edirdi. Bu ssenari reallaşsa, həm prezident, həm də Baş nazir göstərişləri partiya rəhbərliyindən alacaq.


Parlamentə düşməyən müxalifətçi Sağ Qüvvələr Birliyinin rəhbərlərindən olan Boris Nadejdin deyir ki, Rusiya birpartiyalı sistemə doğru gedir: «Şübhəsiz ki, bu, artıq başqa bir ölkədi. Biz sovet dövrünə qayıtmışıq. Bundan sonra nə prezident, nə də parlament əsas güc sahibi olacaq, real güc Vahid Rusiya Partiyasında olacaq».


Rusiyada televiziyalar Kremlin nəzarətindədi və seçki ərəfəsi onlar bütün qüvvələrini Putinin daxili və xarici siyasətinin təriflənməsinə sərf etdilər. Müxalifət haqqında isə Qərb ölkələrinə casusluq edənlər obrazı yaradıldı, hətta Putin onların xarici səfirliklərdə çaqqal kimi süləndiyini dedi. Bundan başqa, müxalifət seçicilərin qorxudulması və saxtakarlıqlar haqda ittihamlarla çıxış etdi.


Səslərin təxminən onda birini qazanan kommunistlərin lideri Gennadi Züqanov isə deyib ki, bu dəfəki seçki Sovet İttifaqı dağılandan bəri ən ədalətsiz seçki olub.


Dövlət müəssisələrində işləyən bir çox seçicilər, o cümlədən müəllim və həkimlər narazılıq ediblər ki, müdirləri onlara göstəriş veriblər ki, Vahid Rusiya Partiyasına səs versinlər. «Qolos» müşahidə qrupu isə iddia edir ki, hətta bəzi seçicilərə pul da verilib ki, hakim partiyanı dəstəkləsinlər.


Avropa Birliyi bildirib ki, seçkiqabağı kampaniya vaxtı söz azadlığı pozulub. Birlik Rusiyanı seçki fırıldaqları ilə bağlı qanunsuzluqları araşdırmağa çağırıb.


Avropa Şurasından və ATƏT-in Parlament Assambleyasından olan nümayəndə heyəti deyib ki, seçki ədalətli keçməyib və demokratik standartlara cavab verməyib.


ATƏT Parlament Assambleyasının üzvü Kimmo Kilyunen mövqelərini belə izah edir: «İcra strukturu siyasətə elə müdaxilə edirdi ki, bunun səsvermənin nəticələrinə təsiri oldu».


Müxalifətçi Yabloko Partiyası da parlamentə keçə bilməyib. Partiyanın sədri Qriqori Yavlinski deyib ki, onlar seçkidə genişmiqyaslı saxtakarlıqlar olacağını gözləyirdilər. Amma seçkiyə qatılıblar ki, hazırkı iqtidarın siyasətinə müxalif olduqlarını göstərsinlər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG