Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:45

Məhkəmə qərarları niyə icra olunmur?


«Ən çox zəbt edilmiş mənzillərlə bağlı çıxarılan qərarlar icra olunmur»

«Ən çox zəbt edilmiş mənzillərlə bağlı çıxarılan qərarlar icra olunmur»

İki yüzdən çox keçmiş hərbçi neçə illərdir ki, onlara çatacaq kompensasiyanı ala bilmirlər. Kompensasiyaların ödənilməsilə bağlı qüvvəyə minmiş məhkəmə qərarları da var. Sadəcə, bu qərarlar icra olunmur. Ehtiyatda və İstefada olan Zabitlər İctimai Birliyinin üzvü Üzeyir Cəfərov deyir ki, keçmiş hərbçilərə kompensasiyanı Müdafiə Nazirliyi ödəməlidir.


Cəfərov bildirir ki, sabiq zabitlərin istədiyi məbləğ də elə çox deyil. Sadəcə, nəyə görəsə Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarları məmurlar tərəfindən yerinə yetirilmir. Ü.Cəfərov deyir ki, artıq həmin zabitlərdən bəziləri Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib, dövlətdən onlara çatacaq kompensasiyanı almaq istəyirlər.


Ancaq deyəsən, məhkəmə qərarlarının icra olunmaması təkcə pulla bağlı məsələ deyil.


Hüquqşünas Sahib Məmmədov deyir ki, bu məsələdə həm obyektiv, həm də subyektiv amillər var. Belə ki, indi ən çox qaçqın və məcburi köçkünlərin zəbt etdiyi mənzillərlə bağlı çıxarılan məhkəmə qərarları icra olunmur. Çünki icranın mümkünsüzlüyü elə çıxarılan məhkəmə qərarlarının sonunda yer alan bir qeydlə bağlıdır: «Bəzən məhkəmələr qərar çıxarır, amma qərarın altında qeyd olunur ki, bu qərar məcburi köçkünlər evlərinə qayıdana qədər yerinə yetirilməməlidir».


Digər bir problem də məhkəmə qərarlarının çox mürəkkəb yazılmasıyla bağlıdır. Yəni hakimlər qərarları elə yazırlar ki, məhkəmə icraçıları işi icra etməkdə çətinlik çəkirlər: «Tutaq ki, mənzilə sahiblik hüququ təsdiq edilir, amma oranı zəbt edən adamın mənzildən çıxarılmasını təmin edən qərar verilmir».


Hüquqşünas məhkəmə qərarlarının icra olunmamasının Azərbaycanda ciddi bir problemə çevrildiyini deyir. Onun sözlərinə görə, artıq bununla bağlı Avropa İnsan Haqları Məhkəməsində vətəndaşların xeyrinə bir neçə işə baxılıb.


Sahib Məmmədov bildirir ki, maliyyə məsələləriylə bağlı məhkəmə qərarlarının icrasında da xeyli fəndlərdən istifadə edilir. Misal üçün məhkəmənin qərarıyla kiməsə pul ödəməli olan qurum hesabında pul olmadığını əsas gətirir, yaxud saxta iflas sənədləri təqdim edir və s.


Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Aydın Ağazadə isə deyir ki, ümumiyyətlə, yerinə yetirilməyən məhkəmə qərarı olmur. Çünki həmin qərarlar gec-tez icra olunur.


Günün bütün mövzuları

XS
SM
MD
LG