Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:52

Bakı hələ yeni sənədi öyrənir


Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov

Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov

«Əgər həmsədrlərin Madriddə nazirlərə təqdim etdiyi sənəd Ermənistan tərəfinin iddia etdiyi kimi, Qarabağ ermənilərinin müqəddəratının həlli prinsipini də nəzərdə tutursa, Bakı onu qəbul etməyəcək».


Bunu «Azadlıq» radiosuna Prezidentin İcra Aparatının şöbə müdiri Novruz Məmmədov bildirib.


ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni sənədi Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinə noyabrın 29-da Madriddə təqdim ediblər. Bu təqdimatdan sonra Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan bildirmişdi ki, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə prinsipi Azərbaycanla Ermənistan arasında artıq razılaşdırılıb və bu, həmsədrlərin təqdim etdiyi son təkliflərdə əksini tapıb.


Amma Madriddə olan Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyirdi ki, Dağlıq Qarabağın statusu ümumiyyətlə, müzakirə predmeti deyil.


Öz növbəsində, Prezident Aparatının rəsmisi Novruz Məmmədov qeyd edir ki, Bakı sənədlə tanışlıqdan sonra ona daha konkret münasibətini bildirəcək:


«Sənəd gəlsin, baxaq görək, orada necə qeyd olunub. Ermənistan tərəfinin dediyi şəkildədirsə, əlbəttə, bizi heç vaxt təmin edə bilməz. Prezidentin bəyanatlarında da bu prinsipin qəbuledilməz olduğu öz əksini tapıb».


Cənab Məmmədov onu da vurğulayıb ki, Azərbaycanın sülh danışıqlarındakı mövqeyi dəyişməzdir və bu mövqe dövlətlərin ərazi bütövlüyü prinsipinə əsaslanır.


Ona görə də Bakı hesab edir ki, yeni sənədin də səmərəliliyi Yerevanın konstruktivliyindən asılı olacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG