Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:26

Axıra qalan məsələ...


ATƏT həmsədrləri Qarabağ məsələsindən seçkilərdə spekulyasiya etməməyə çağırırlar
ATƏT həmsədrləri Qarabağ məsələsindən seçkilərdə spekulyasiya etməməyə çağırırlar

Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri noyabrın 29-da Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini yenidən görüşdürüblər.


Noyabrın 29-da Madriddə keçirilən görüş Rusiya ilə Fransanın xarici işlər nazirləri və ABŞ Dövlət katibinin müavini Nikolas Bernsin iştirakı ilə keçirilib.


Danışıqlarda həmsədrlər tərəflərə Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni layihə təqdim ediblər. Vasitəçilər bu sənədin güzəştlərdən, Azərbaycan rəsmiləri isə sadəcə, prinsiplərdən bəhs etdiyini deyirlər.


Azərbaycan XİN mətbuat katibi Xəzər İbrahim: «Söhbət yeni təklifdən getmir. Sadəcə olaraq, həmsədrlər «Praqa prosesi» çərçivəsində müzakirə olunan əsas prinsipləri rəsmi olaraq təqdim ediblər. Bu prinsiplərə indiyə qədər baxılıb, əksəriyyəti ilə bağlı razılıq da əldə edilib. Sadəcə olaraq, bir məsələ üzrə fikir ayrılığı mövcuddur və bu yöndə danışıqlar davam etməlidir».


Madrid görüşündən əvvəl Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan «Qarabağ xalqı» üçün öz müqəddəratını həlletmə prinsipinin artıq razılaşdırıldığını bildirmişdi. Xəzər İbrahim isə deyir ki, ümumiyyətlə, Qarabağın statusu danışıqlarda müzakirə edilmir.


Bəs, axıra qalan bir məsələ nədir? XİN-nin rəsmisi Xəzər İbrahim bunu dəqiqləşdirmir.


Prezident Katibliyinin keçmiş rəhbəri Eldar Namazovun isə fikrincə, ehtimal ki, bu, Qarabağ ətrafındakı işğal edilmiş rayonların qaytarılması ilə bağlıdır. Azərbaycan hesab edir ki, nizamlamanın ilkin mərhələsində həmin 7 rayonun hamısı qayıtmalıdır, Ermənistan isə bununla razılaşmır.


Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza isə bildirib ki, Ermənistandakı seçkiyə qədər tərəflər yeni sənədlə bağlı öz addımlarını müəyyənləşdirməlidirlər. Ermənistanda növbəti prezident seçkiləri gələn ilin fevralına təyin olunub.


Ancaq Azərbaycan prezidentinin Qarabağ məsələsi üzrə xüsusi nümayəndəsi Araz Əzimov deyir ki, yeni sənəd məhz seçkidən sonraya hesablanıb. Yeni sənədin məqsədi gələcəkdə məsuliyyətdən mümkün qaçma cəhdlərinin qarşısını almaqdır. Onun dediyinə görə, 10 bəndlik bu sənəd daha çox hər iki ölkədə qarşıdakı prezident seçkisindən sonra da danışıqların davamlılığını təmin etməyə yönəlib.


Bakıdakı ekspertlər hesab edirlər ki, Madrid müzakirələri tərəflərdən daha çox həmsədrlərə lazımdır. Onlar üçillik danışıqları qoruyub saxlamaq və imitasiya etmək istəyirlər.


Politoloq Vəfa Quluzadə: «Münaqişənin həlli ilə bağlı yazılı təklif böyük bir sensasiya olardı… İndiyə qədər ortalıqda heç bir sənəd yoxdur. Ümumi sözlərdən ibarət yarım səhifəlik bir sənəddir. Heç bir şey mümkün də deyil indi. Çünki, mövqelərdə heç bir dəyişiklik yoxdur».


Madrid danışıqlarının sonunda ATƏT həmsədrləri Azərbaycan və Ermənistanı Qarabağ məsələsindən seçkilərdə spekulyasiya etməməyə çağırıblar.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG