Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:11

Azərbaycan insan inkişafı indeksində 98-ci pillədədir


BMT-nin İnkişaf Proqramı insan inkişafı hesabatını açıqlayıb
BMT-nin İnkişaf Proqramı insan inkişafı hesabatını açıqlayıb

BMT-nin İnkişaf Proqramı «İqlim dəyişikliklərinə qarşı mübarizə: bölünmüş dünyada insan həmrəyliyi 2007-2008-ci illər üzrə» insan inkişafı hesabatını açıqlayıb. Hesabatda qlobal iqlim dəyişiklikləri, dünya ölkələrinin bunda rolu və bu təhlükəyə qarşı mübarizəyə dair tədbirlərlə yanaşı, insan inkişafının ölkələr üzrə reytinq cədvəli öz əksini tapır. İnsan potensialının inkişafı indeksi ölkələrdə vətəndaşların uzunömürlülüyü, təhsili və faktiki gəlirlərinə əsaslanaraq hazırlanıb.


İslandiya və Norveçin başçılıq etdiyi 177 yerlik cədvəldə Azərbaycan 98-ci pillədə qərarlaşıb.


Diqqəti çəkən odur ki, bu cədvəldə Sakit okeanda yerləşən Tonqo krallığı, eləcə də qonşu Gürcüstan və Ermənistan da Azərbaycandan qabaqdadır. Yəni, bu ölkələrdə uzunömürlülük, təhsil alma və adambaşına düşən real illik gəlir – konkret desək, insan inkişafı Azərbaycandakından xeyli yüksəkdir.


Gürcüstandakı son dövr dəyişiklikləri, ölkənin beynəlxalq layihələrdə iştirakını nəzərə alıb buna haqq qazandırmaq olar. Bəs Ermənistan niyə Azərbaycandan irəlidədir? Əlbəttə ki, bu təəccüblə heç də Ermənistanın cədvəldəki yerini şübhə altına almaq istəmirik. Məsələ ondadır ki, Azərbaycanda Ümum Daxili Məhsulun (ÜDM) dayanmadan artması, ölkə iqtisadiyyatının sürətli inkişafı və bütövlükdə iqtisadi inkişaf tempinə görə respublikanın dünyada birinci olması barədə son vaxtlar təkcə ölkə rəsmiləri deyil, xaricdən gələnlər də danışır. Onda niyə insan inkişafı qonşu ölkədən zəifdir?


Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov deyir ki, Azərbaycanın geridə qalması kənd əhalisinin sayının çox olması ilə əlaqədardır. Ermənistanda isə kənd əhalisi azdır.


Ekspertlər isə bildirir ki, əgər həqiqətən də Azərbaycanda kənd əhalisinin çoxluğu və kənd yoxsulluğu göstəricilərə təsir edirsə, onda hökumət kənd yoxsulluğunun şəhər yoxsulluğu səviyyəsindən iki dəfə çox olduğunu da etiraf etməlidir. Ancaq hələ ki, belə bir bəyanat eşidilmir.


Son vaxtlar bəzi beynəlxalq təşkilatların sosial-iqtisadi vəziyyəti əks etdirən siyahılarında Azərbaycanın Ermənistandan geri qalmasının siyasi mahiyyət daşıdığını deyənlər də az deyil. Bu fikirdə olanlar həmin beynəlxalq təşkilatlarda fəaliyyət göstərən ayrı-ayrı fərdlərin və ya bütövlükdə qurumun özünün bunda maraqlı olduğunu deyirlər.


İqtisadçı ekspert Rövşən Ağayev də belə halların mümkünlüyünü istisna etmir. Ancaq bununla yanaşı, o, əlavə edir ki, hər halda BMT kimi samballı bir təşkilatı belə şeydə ittiham etmək bayağı çıxar. Onun sözlərinə görə, iqtisadi inkişaf barədə deyilənlərə baxmayaraq Azərbaycan orta uzunömürlülük, adambaşına düşən gəlir və təhsil məsələsində heç də Qafqazda öndə gedən ölkə deyil.


Ağayevin fikrincə, bunlar bir daha təsdiq edir ki, hazırda Azərbaycanda sosial-iqtisadi göstəricilərlə ciddi möhtəkirlik edilir. Ancaq beynəlxalq təşkilatlar bu cür halları qəbul etmir və müstəqil tədqiqatlarla gerçəkliyi ortaya qoyurlar. Ona görə də obyektiv rəqəmləri çıxarıb iqtisadi problemlərlə mübarizə aparmaq lazımdır.


Mütəxəssislər bir məsələdə daha çox həmfikirdilər ki, Azərbaycanda haqqında danışılan Ümum Daxili Məhsulun yarısını beynəlxalq əməliyyat şirkəti – ABƏŞ istehsal edir. Adambaşına düşən gəlirlər də bununla bağlıdır. Əgər ABƏŞ istehsal etdiyi ÜDM-nin böyük bir hissəsini pul şəklində xaricə çıxarırsa, onda adambaşına düşən gəlirin vəziyyətinin nə dərəcədə acınacaqlı olduğunu anlamaq çətin deyil.


Ətraf mühitin çirklənməsi və bunun insan inkişafına təsiri məsələsinə gəlincə, rəsmi rəqəmlərə inansaq 1990-cı ilə nisbətən Azərbaycan 2 dəfə az tullantı atmaq səviyyəsinə enib. Əgər 1990-cı ildə 70 milyon tona yaxın karbon və parnik effektli qazların atılması ilə xarakterizə olunurdusa, 2000-ci ildə bu rəqəm 30-35 milyon tonadək enib.


Hüseynqulu Bağırovun sözlərinə görə, vəziyyətin belə nəzərəçarpacaq səviyyədə dəyişməsinə SSRİ dağıldıqdan sonra Azərbaycanda sənayenin çökməsi səbəb olub. Ancaq son illər tullantıların həcmi 40-46 faizə yaxınlaşır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG