Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:41

Kunqurovanın bacısı ailəsinə görə narahatdır


«Sağlam qadın bir ayın içində ölə bilər?»
«Sağlam qadın bir ayın içində ölə bilər?»

Son bir ildə cəzaçəkmə müəssisələrində və həbsxana xəstəxanalarında ölənlərin sayı artmaqdadır. Noyabrın 28-də bu bəyanatla hüquq müdafiə təşkilatlarının Monitorinq Qrupu çıxış edib. Onlar başqa məhbuslara görə narahat olduqlarını bildiriblər. Hüquq müdafiəçisi Səidə Qocamanlı bildirir ki, bu ölüm halları onlarda şübhə doğurur. Xüsusən də sonuncu hal - noyabrın 18-də ölmüş və bu haqda ailəsinə üç gün sonra məlumat verilmiş Demokrat Partiyasının sabiq fəalı Fainə Kunqurovanın ölümü ilə bağlı diaqnoz onlarda suallar yaradır. Hüquq müdafiəçisi deyir ki, Ədliyyə Nazirliyi Kunqurovanın qida və ürək çatışmazlığından öldüyünü bildirir, halbuki o sağlam qadın idi, üstəlik idmançıydı.


Kunqurovanın bacısı Zeynəb Vəkilova isə sual edir: «Sağlam qadın bir ayın içində ölə bilər?»


Vəkilovanın sözlərinə görə, mərhumun üzündəki ifadədən onun əziyyətlə dünyasını dəyişdiyi görünürmüş, o, ağrıdan dodaqlarını sıxıbmış: «Elə bil üzündə əziyyət vardı. Heç mən dodaqlarını görmədim, sıxıb bağlamışdı…»


Fainə Kunqurova narkotik maddə satmaqda ittiham olunurdu. Zeynəb Vəkilova isə deyir ki, həmin cinayət işi bağlanmadığından ailəsinə görə narahatdır və bu üzdən bir çox şeylər haqda susmağa üstünlük verir. Hüquq müdafiəçisi Səidə Qocamanlı isə bildirir ki, belə hallar baş verəndə ölümün əsl səbəbini açıqlamaq çətin olur: «Bu illər ərzində cəzaçəkmə müəssisələrində neçə-neçə «OMON»çu ölüb, son bir ildə Kunqurovadan əvvəl Əli Muradov, Əlihüseyn Şaliyev vəfat edib. Bu ölümlər yeddi pərdə arxasında baş verir. 2007-ci ildəki silsilə ölüm halları bizi narahat etməyə bilməz. Artıq biz digər məhbuslar üçün də narahatıq. Ələlxüsus da hakimiyyət tərəfindən mərhəmət göstərilməyən məhbuslara görə».


Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrasına Nəzarət Baş İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Mehman Sadıqov isə «Azadlıq» radiosuna deyir ki, təcridxana və həbsxana xəstəxanalarında ölüm halları var: «Amma bu rəqəm hüquq müdafiəçilərinin söylədiyi qədər çox deyil. Əlimin altında rəqəm yoxdur. Hər halda hüquq müdafiəçilərinin narahatlığına əsas görmürəm».


Hüquq müdafiəçilərisə hazırda həbsxanada aclıq edən iki jurnalistin həyatına görə narahatdır. Bunlar «Azadlıq» qəzetinin əməkdaşı, satirik şeirlər müəllifi, Mirzə Sakit imzası ilə tanınan Sakit Zahidov və «Nota-bene» qəzetinin əməkdaşı Fərəməz Allahverdiyevdir. Səidə Qocamanlının sözlərinə görə, Fərəməz Allahverdiyev təcili əməliyyat olunmalıdır: «Fərəməzin ağır durumu bizi narahat edir. Onun cərrahiyyə əməliyyatı təhkim olunduğu 4 saylı xəstəxanada keçirilə bilər. Diaqnoz ağırdır, cəzaçəkmə müəssisəsində belə əməliyyat keçirmək mümkün deyil. Orda anastezioloq yoxdur…»


Həbsxana xəstəxanalarında ölüm hallarının artdığını söyləsələr də, konkret rəqəm demədilər. Onlar bu məlumatları hələlik topladıqlarını və bir neçə gün sonra insan haqları günü ərəfəsində açıqlayacaqlarını bildirdilər.


Amma təxmini məlumatlara görə, təkcə bu il 1 saylı cəzaçəkmə müəssisəsində üç ölüm faktı qeydə alınıb. Bundan başqa, Murtuza Muxtarov küçəsində uçan binanı inşa etmiş «Mütəfəkkir» firmasının rəhbəri Əli Muradov və nəhayət ADP fəalı Fainə Kunqurova həbsxanada ölüblər. Bunlar mətbuata çıxarılan rəqəmlərdir. Ayrı-ayrı vaxtlarda Qobustan qapalı təcridxanasında ölüm halları ilə bağlı məlumatlar gəlsə də, sonradan onları təsdiqləmək və ya təkzib etmək mümkün olmayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG