Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:02

Səs-küy çirklənməsi…


Bakıda səs-küyün səviyyəsi normadan 2-3 dəfə artıqdır

Bakıda səs-küyün səviyyəsi normadan 2-3 dəfə artıqdır

Gecəyarısı şirin yuxuya gedəndə qəfil səslərdən diksinib ayılmamış olmazsız. Bayramqabağı günlərdə isə vəziyyət daha gərgindir. Hələ isti yay gecələrində həyətə toplaşanların mübahisəsini, yay-qış mənzillərdən gələn təmir səslərini demirəm. Bakı sakini Sabir Məmmədov da şəhərdəki səs-küydən gileylənir: «Maqnitofonlara bir səs verirlər ki, bütün şəhəri başına götürür. Sonra bu maşınların siqnalları, elə bil parovoz səsidir…»


Mütəxəssislər deyirlər ki, səs-küy, gurultu, insanın psixoloji durumuna mənfi təsir edir, onun aqressivliyini artırır. Üstəlik, son vaxtlar Bakıda texnogen, yəni qeyri-təbii səslər normadan xeyli artıb. Bunun bir səbəbi kimi şəhərdə gedən tikinti işləri və maşınların sayının artması göstərilir. Ekoloqların dediyinə görə, əslində, səs-küyün səviyyəsi 40-50 destibel olmalıdır. Bakıda isə bu, normadan 2-3 dəfə artıqdır. Ancaq Yaşıllar Hərəkatının rəhbəri Fəridə Zeynalova deyir ki, heç bu səviyyəni ölçmək üçün cihazlar da yoxdur. İndi bu işlər ayr-ayrı səviyyələrdə aparılır. Məsələn, Dövlət Yol Polisi siqnallara nəzarət edir: «Onlar da siqnalların standartlara uyğun olub-olmamasına baxır. Ancaq məsələn, tikintiyə nəzarət edən yoxdur. Axşam saat 11-dən səhər 8-dək əhalinin istirahət vaxtı sayılır. Səs salmaq olmaz. Ancaq göydələnlərin tikintisi gecə-gündüz aparılır, böyük səs-küy yaradılır».


Fəridə Hüseynova deyir ki, səs salma ətraf mühitin fiziki çirklənməsi sayılır deyə, bu işə Ekologiya Nazirliyi nəzarət etməlidir.


Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov «Azadlıq» radiosuna deyib ki, uyğun qanun qəbul olunarsa, nazirlik bu sənədi digər normativ aktlar kimi rəhbər tutacaq. Nazir belə bir qanunun qəbulunu düzgün sayır: «Bu məsələ düzgün qoyulub, əgər siqaret çəkəndə ətrafdakıların sağlamlığına ziyan vurursansa, səs-küylə çirklənmə də insanların sağlamlığına ziyandır. Buna görə də belə bir qanun qəbul edilməlidir».


Milli Məclisin Sosial-Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli də düşünür ki, səs-küy haqqında qanun qəbul edilməlidir, ancaq hələlik bu, bəzi səbəblərdən mümkün deyil: «Sanitar-epidemioloji xidmətlərdə normativlərə, tikintilərdə mədəniyyət abidlərinin akustika normalarına əməl olunmur. Ancaq bəzi adamlar deyir ki, belə bir qanunun qəbulu hələ tezdir, cəmiyyət buna hazır deyil. Məncə, yaxın gələcəkdə Milli Məclisin növbəti sessiyasında bu sənədi qəbul edə biləcəyik».


«Ekoloji təhlükəsizlik haqqında» qanuna isə əlavə və dəyişikliklər ediləcək. Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib ki, məqsəd səs-küy çirklənməsini nizamlamaqdır. Bu qaydaları pozan fiziki şəxslər şərti maliyyə vahidinin min mislinədək - yəni təxminən 1.000 manatdan çox, hüquqi şəxslər isə əlli min mislinədək - yəni 50.000 manatdan çox cərimə olunacaqlar. Ancaq bir məsələ var ki, qüvvədə olan İnzibati Xətalar Məcəlləsi məişət səs-küyünə qarşı, ətraf mühitin mühafizəsi məqsədilə cərimələr nəzərdə tutur. Onda yeni qanun nəyisə dəyişə bilərmi?


Günün bütün mövzuları

XS
SM
MD
LG