Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:49

Uşaqda fərasətə bax…


Körpələr doğulduqdan bir neçə ay sonra olaylara sosial qiymət verə bilirlər

Körpələr doğulduqdan bir neçə ay sonra olaylara sosial qiymət verə bilirlər

Körpələr altı aylığa çatanda təzə-təzə oturmaq, bəzi hallarda isə gəzmək və tək-tük sözlər deməyə başlayırlar. Amma sən demə, onlar biz düşündüyümüzdən də ağıllı imişlər. Yel Universitetindən olan alimlərin apardığı yeni tədqiqatın nəticələri belə deməyə əsas verir.


Tədqiqat nəticəsində məlum olub ki, altı aylıq körpələr başqalarının onlara qarşı olan niyyətini, başqa sözlə kimin dost, kimin isə düşmən olduğunu müəyyənləşdirə bilirlər.


Amerikalı alimlər hesab edirlər ki, körpələr doğulduqdan bir neçə ay sonra olaylara sosial qiymət verə bilmək qabiliyyəti əldə edirlər.


Altı və on aylıq körpələrin başqalarının davranışını qiymətləndirə bilmələrini araşdırmaq üçün alimlər belə bir eksperiment aparıblar. Eksperiment zamanı iki oyuncaqdan istifadə olunub.


Valideynlərinin qucaqlarında oturan körpələr ekranda göstərilən bir səhnəciyə tamaşa ediblər. Səhnəcikdə olan personajlardan biri çox çətinliklə təpəyə dırmaşmağa cəhd göstərir. Digər personaj isə təpəyə çıxmaq istəyənə mane olur, onu aşağı itələməyə çalışır. Üçüncü bir personaj da təpəyə çıxmaq istəyənə kömək edir, əl uzadır. Körpələr bu səhnəciyə bir neçə dəfə baxırlar. Sonra onlara iki oyuncaq verilir ki, seçim etsinlər, oyuncaqlardan biri kömək etmək istəyən personaja, digəri isə mane olmaq istəyən personaja bənzəyir.


Eksperimentdə iştirak edən altıaylıq 12 körpədən hər biri, on aylıq 16 körpədən isə 14-ü oyuncaqlardan kömək edən personaja bənzəyənini seçib. Və bununla da eksperimentin müəllifləri bu qənaətə gəliblər ki, körpələr biz düşündüyümüzdən də ağıllıdırlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG