Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:54

«Rusiyanın yeni köhnə dissidentləri»


Putinin müxalifəti «xarici ödəmələrlə yaşayaraq sülənən çaqqallar» adlandırıb
Putinin müxalifəti «xarici ödəmələrlə yaşayaraq sülənən çaqqallar» adlandırıb

Bu başlıqda noyabrın 27-də «Vaşinqton Post» qəzeti Ann Appelbaumun məqaləsini dərc edib. Məqalədə müəllif Rusiyanın indiki müxalifəti-Başqa Rusiya bloku ilə 60-70-ci illərdə SSRİ-də fəaliyyət göstərmiş sovet dissident hərəkatını müqayisə edir.


Ötən şənbə Başqa Rusiya blokunun keçirdiyi etiraz aksiyalarında müxalifət liderlərinin geyimlərinin belə köhnə sovet dissidentlərinin geyimləri ilə oxşarlığını qeyd edən müəllif yazır ki, «sovet dissident hərəkatı insan haqları müdafiəçiləri, narazı düşmüş aparat işçiləri, beyni qanlı marginallar, qatı dindarlar və müxtəlif sovet xalqlarının millətçilərindən ibarət qəribə və işlək olmayan bir insanlar toplusu idi». Müəllif o dövrün tanınmış sovetoloqlarından Peter Redeveyə istinad edərək yazır ki, «sovet dissidentlərinin sadə xalqla az əlaqəsi var idi, yaxud bu əlaqə heç yox idi».


Müəllifin fikrincə indiki Rusiya müxalifəti də eyni siyasi cizgiləri daşıyır. Siyasətdə yox, şahmat dünyasında tanınmış Harri Kasparov, Yeltsin dönəmində baş nazirin birinci müavini işləmiş Boris Nemtsov, ideoloji baxımdan faşist yönümlü Milli Bolşevik Partiyasına daha yaxın olan Eduard Limonov və Moskva Helsinki Qrupunun qalıqları. Müəllifin fikrincə, köhnə sovet dissidentlərini kommunizmə olan nifrət birləşdirdiyi kimi bu insanları da şəxsiyyətə pərəstiş ideologiyasına əsaslanan Putinizmə olan nifrət birləşdirir.


Hökumət mediası müxalifəti açıq-aydın kriminal ünsürlər və Rusiya cəmiyyətinin dibi adlandırır. Putinin özü müxalifəti «xarici ödəmələrlə yaşayaraq sülənən çaqqallar» adlandırıb


Müəllif yazır ki, qəribədir ki, bu hərəkatın fəaliyyətinin səsi hələ də gəlir. Bu yaxınlara qədər Putin hökuməti bu cür zərərsiz müxalifətin mövcudluğuna dözüb ona ciddi basqılar etməzdi. Putinin «idarə olunan demokratiya» modeli belə müxalifətin mövcudluğuna dözərdi. Televiziyalar tam nəzarətə götürülsə də, bir neçə aztirajlı müxalif qəzetin çıxmasına göz yumulardı. Amma son bir il ərzində vəziyyət dəyişib. Anna Politkovskayanın öldürülməsi ilə başlayan yeni dalğa müxalifətin açıq hədəfə götürülməsi ilə davam edib. Hökumət mediası müxalifəti açıq-aydın kriminal ünsürlər və Rusiya cəmiyyətinin dibi adlandırır. Putinin özü müxalifəti «xarici ödəmələrlə yaşayaraq sülənən çaqqallar» adlandırıb.


Əgər müxalifət doğrudan da «cəmiyyətin dibi və çaqqallar»dan ibarətdirsə, onları həbs etməyə nə gərək var? Əgər Putin hakimiyyəti bu qədər populyardırsa, müxalifəti müxtəlif sözlərlə təhqir etməyə nə gərək var?


Müəllif yazır ki, Kasparovun bu suala cavabı sadədir. Putin hakimiyyəti göründüyü qədər də möhkəm deyil. Müxtəlif sorğulara gəlincə, Kasparov deyir ki, avtoritar cəmiyyətdə tanış olmayan adamın telefonla vətəndaşlara zəng edərək «Putini necə qiymətləndirirsiniz» sualına səmimi cavab almaq qeyri-mümkündür. Amma sual başqa cür qoyulsa-məsələn, «yaşadığınız şəhər necə idarə olunur», yaxud «sizin şəhərin meri nə dərəcədə korrupsiyalaşmışdır» sualları rusiyalıların bu hökumətdən narazı olmalarını üzə çıxarar.


Ola bilər ki, son basqıların səbəbi budur, lakin müəllifin fikrincə, daha sadə cavabı da istisna etmək olmaz. «Putin müxalifəti əzir, çünki bunu edə bilir. Dollar çökür, Buş getmək üzrədir, Avropanın vahid Rusiya siyasəti yoxdur. Bu müddət ərzində isə Rusiya neft pullarında üzür və gələn həftə keçirilən parlament seçkilərində də Kremlin istədiyi nəticə alınacaq. Belə olan şəraitdə «Vaşinqton Post»da Rusiya hökumətinin tənqidi Rusiya prezidentini niyə də narahat etməlidir ki?..»


Rusiya hətta səkkizlərin sammitinin belə Sankt-Peterburqda keçirilməsinə Qərbi razı sala bilib. Müxalifət aksiyalarının dağıdılması şəkillərinin 30 il əvvəlki fotolara oxşaması Rusiya hökuməti üçün problem deyil. Rusiyanın özündə çox az adam bu şəkilləri görəcək, görənlər də, gələn dəfə Moskva meydanında yığılan kütlədən uzaq durmağa çalışacaqlar.


XS
SM
MD
LG