Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:43

Tikinti biznesi can almaqda davam edir


İlin əvvəlindən istehsalatda təqribən 100 ölüm hadisəsi qeydə alınıb
İlin əvvəlindən istehsalatda təqribən 100 ölüm hadisəsi qeydə alınıb

Ölkədə tikinti biznesi can almaqda davam edir. Yalnız noyabrın 26-da Bakıda 4 ailə təkcə dolanışacağının əsas hissəsindən yox, həm də əzizlərindən məhrum olub. 3 nəfər uçan divarın altında qalıb, bir nəfər isə tikilməkdə olan göydələnin 17-ci mərtəbəsindən yıxılıb ölüb. Nəticə göstərir ki, fəhlələr təhlükəsizlik qaydasına əməl etməmənin qurbanı olublar.


Avqustun 28-də Bakının Yasamal rayonunda çoxmərtəbəli bina çökəndən sonra təhlükəsizlik qaydalarının ciddiləşdirilməsi barədə dövlət başçısı özü göstərişlər vermişdi. Ancaq məsələ bununla da yekunlaşmadı. Parlament payız sessiyasına başlayandan az sonra millət vəkilləri nəinki tikintidə baş vermiş qəzalara görə, həm də işçilərin həyatına yaranacaq təhlükəyə görə də Cinayət Məcəlləsinə ciddi cəza nəzərdə tutan dəyişikliklər ediblər.


Ancaq buna baxmayaraq, hələ ki, hətta hökumət qurumunda işləyən fəhlənin belə tikinti təhlükəsizliyi qaydasına əməl etmədiyi özünü büruzə verir. Səbəb nədir? Göstərişlər kağız üzərində qalır, yoxsa başqa səbəblər var?


Bu ayın əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin rəhbəri Nəbi Şükürlü KİV –ə bildirmişdi ki, onlar dəfələrlə tikintilərdə texniki təhlükəsizlik qaydalarına əməl olunması barədə xəbərdarlıq ediblər. Ancaq buna baxmayaraq ilin əvvəlindən bəri istehsalatda təqribən 100 ölüm hadisəsi qeydə alıb. Ölüm hallarının yarıdan çoxu tikinti işlərində baş verib.


Yeri gəlmişkən deyim ki, bir gün əvvəl 3 işçisini itirən «Bakelektrikşəbəkə»də işçiləri xüsusi geyim və digər vasitələrlə təmin edən ayrıca şöbə var. Qurumun Mətbuat Xidmətindən bir müddət əvvəl aldığımız məlumata görə, hətta qış və yay mövsümləri üçün ayrı-ayrı dəstlər nəzərdə tutulur. Ancaq buna baxmayaraq son hadisədə fəhlələrin bu vasitələrdən istifadə etmədiklərinin şahidi olduq.


Təhlükəsizlik qaydalarına niyə riayət etməmələri barədə tikintilərin birində işləyən fəhlə ilə danışdım. Əlində sarı rəngli əlcəkdən başqa heç nə olmayan bu adam, təhlükəsizlik üçün lazım olan hər şeyi müəssisənin onlara pulsuz verdiyini deyir. Ancaq söhbətdən də görünür ki, fəhlə nəyin harada istifadə olunmasını yaxşı bilmir.


Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov isə deyir ki, əslində, fəhlələr müəyyən müddətdən bir təhlükəsizlik qaydaları barədə təlimatlandırılmalıdırlar. Onlar təlimat almalarını imzaları ilə təsdiqləməlidirlər. Bundan sonra onların fəaliyyət dairəsindən və iş şəraitindən asılı olaraq zəruri geyimlərdən istifadə etmədikləri müəyyən olunarsa, inzibati qaydada cəzalandırılmalıdırlar. Əgər bu edilmirsə günahkar işəgötürəndir.


Ancaq Sahib Məmmədov deyir ki, ölüm hallarının azalmamasının səbəbi dövlətin səbəblə yox, nəticə ilə mübarizə aparmasıdır: «Səbəb ikili mühasibat, gizli əmək bazarının olması, məsuliyyətdən yaxa qurtarmaq imkanının mövcudluğu və sairədir».


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG