Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:38

«İran rəsmiləri Ermənistanla Azərbaycana fərq qoymur»


«İran-Ermənistan münasibətləri bölgə dövlətləri üçün örnək ola biləcək bir səviyyədədir»
«İran-Ermənistan münasibətləri bölgə dövlətləri üçün örnək ola biləcək bir səviyyədədir»

Ötən həftə İran parlamentinin sədri Qulaməli Həddad Adil Azərbaycana səfər etdi. Əslində bu səfər oktyabra planlaşdırılmışdı. Bu müddət ərzində İran prezidenti Mahmud Əhmədinijat və ölkənin müdafiə naziri Mustafa Məhəmməd Nəccar Ermənistanda səfərdə olmuşlar. Məlum olduğu kimi, Yerevandakı görüşlər zamanı iki ölkə arasında iqtisadi, mədəni, hətta hərbi sahədə əməkdaşlığa dair bir sıra sənədlər imzalandı. Bu barədə «Ayna» məqalə dərc edib.


Qəzet yazır: «Ölkəmizə səfərinin ilk günü jurnalistlərə açıqlamasında Q.Adil dedi ki, Tehran Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verir. Hərbi sahədə Ermənistanla bağlanan müqavilə ilə bağlı suala cavabında parlament sədri bunun respublikamıza və qonşulara qarşı olmadığını söyləyib».


«Ayna» yazır ki, əslində bu kimi səfərlərin hansı məqsəd daşıdığını bilmək çətin olur. Amma ehtimal etmək olar ki, iranlı qonaq Bakıya, Gəncəyə ziyarəti ilə Əhmədinijatın və Nəccarın Ermənistana səfərlərini kompensasiya edib.


«Bu ilin əvvəlində isə Qulaməli Həddad Adil Yerevana səfər etmişdi. O, Ermənistanda demişdi: «İran-Ermənistan münasibətləri bölgə dövlətləri üçün örnək ola biləcək bir səviyyədədir». Düzüdür, onun bu ifadəsini M.Əhmədinijat da ölkəmizə səfəri zamanı təkrarlayaraq «Ermənistan» sözünü «Azərbaycan Respublikası» ifadəsi ilə əvəzləmişdi».


Qəzet yazır ki, bunu Tehran təmsilçilərinin respublikamıza olan münasibəti kimi də dəyərləndirmək olar. Başqa sözlə, İran rəhbərliyi beynəlxalq qurumlarda çıxışı zamanı işğalçı kimi tanıdığı Ermənistan dövləti ilə ərazisi təcavüzə məruz qalmış Azərbaycan arasında bir fərq görmür.


Politoloq Vəfa Quluzadə Rusiyanın güclənməsini Azərbaycana təhlükə hesab edir.


«Rusiyada tarixən konstitusiyaya əsasən hakimiyyətdən getmək ənənəsi yoxdur. Ona görə də Vladimir Putinin üçüncü dəfə prezident olacağı istisna deyil. Özü də Putin növbəti dəfə prezident olandan sonra Rusiyada çox sərt siyasət aparacaq. Mövcud komandanın üzvləri hamısı yerlərini itirməli olacaqlar. Bu mənada Rusiyada gərgin mübarizə gözlənilir». Politoloq «Yeni Müsavat»a belə deyib.


Ekspert deyir ki, «Putinin vaxtında Rusiya daha güclü oldu. Putin Rusiyanı tezliklə dağılmaqdan xilas etdi. Ona görə də hesab edirəm ki, Rusiya əhalinin əksəriyyəti Putini dəstəkləyir».


Rusiyada baş verənlərin Azərbaycana təsirinə gəldikdə isə politoloq bildirdi ki, Azərbaycan bir tərəfdən Türkiyə ilə, digər tərəfdənsə Qərblə münasibətlərini gücləndirməlidir: «Rusiyanın güclənməsi ölkəmizə təhlükə vəd edir. Çünki güclənən Rusiya Azərbaycanı geri qaytarmaq fikrinə düşəcək».


«Yeni Azərbaycan» sa yazır ki, Rusiya Ermənistanı silahlandırmağa davam edir. Azərbaycanda hakim partiyanın orqanı olan qəzet APA-ya istinad edərək yazır ki, «Moskva Gümrüdəki 102 saylı bazaya 170 adda hərbi texnika və silah-sursat göndərib».


«Rusiya Gürcüstandakı hərbi bazalarına məxsus hərbi texnika, silah-sursat və avadanlığın böyük bir hissəsini Cənubi Qafqaz regionundan çıxarmayıb. Bu hərbi texnika və silah-sursatın böyük bir qismi Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci diviziyasının balansına verilib».


XS
SM
MD
LG