Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:33

Azərbaycanlı fəallara təzyiqlər davam edir


Sulduz şəhəri bu günə qədər yarı hərbi nəzarət altındadır

Sulduz şəhəri bu günə qədər yarı hərbi nəzarət altındadır

Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi (ASMƏK) Sulduz (Nəqədə) şəhərindən olan bir neçə fəala qarşı həbs və şallaq hökmlərini pisləyib.


Urmiyənin İnqilab Məhkəməsinin qərarı ilə tanınmış milli fəallardan Qəhrəman Qənbərpura (Qənbəri) 50 şallağa məruz qalıb. O, həmçinin təxminən 1200 dollar məbləğində cərimə ödəməlidir.


Qənbəri ilk dəfə 2006-cı il fevralın 21-də «Beynəlxalq ana dili» münasibəti ilə keçirilən etiraz nümayişlərində həbs edilib. Daha sonra girov müqabilində məhkəməyə qədər sərbəst buraxılıb. Lakin onun məhkəməsi bu günə qədər yubadılmışdı.


Başqa fəal - Amir Fərahani isə 2006-cı il may hadisələrinin Sulduzda keçirilən anım mərasimində həbs edildikdən sonra bir ay ETTELAAT-ın təcridxanasında saxlanıb.


İnqilab Məhkəməsi iki kiçik yaşlı övladın atası olan bu fəalı bir il həbsə məhkum edib.


Gənc musiqiçi və bəstəkar Sirus Siyamiyə isə may hadisələrində iştirakına görə 91 gün həbs və 3600 dollar cərimə kəsilib. Lakin ASMƏK-in bildirdiyinə görə, o, daha çox milli mövzularda yaratdığı əsərləri və tələbə mərasimlərindəki çıxışlarına görə, cəzalandırılıb. Siyami ETTELAAT-ın təqib və təzyiqlərinə məruz qalıb.


2006-cı ildəki karikatura qalmaqalında ən qanlı hadisələrə şahid olan Sulduz şəhəri bu günə qədər yarı hərbi nəzarət altındadır. ASMƏK bildirir ki, həmin səbəbdən bu şəhərdə həbs edilən fəalların taleyi haqda dəqiq məlumat əldə etmək çətindir.


ASMƏK və beynəlxalq «Amnesty» təşkilatının bu ilin 9 mart tarixində yaydığı hesabata əsasən, yalnız fevralın 21-də Sulduzda həbs edilən fəalların sayı 25 nəfərə yüksəlib. Onların çoxunun taleyi indiyədək naməlumdur.


Günün bütün mövzuları

XS
SM
MD
LG