Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:05

«Paytaxtda qətllərin artması psixoloji gərginliklə bağlıdır»


Ekspertlərə görə, istənilən halda baş verənlərin günahkarı hüquq-mühafizə orqanlarıdır
Ekspertlərə görə, istənilən halda baş verənlərin günahkarı hüquq-mühafizə orqanlarıdır

Son günlər Bakıda odlu silahla törədilən cinayətlərin və qətllərin sayı artmaqdadır. Noyabrın 25-də şəhərin mərkəzində iş adamı Raquf Rüstəmov güllələnib. Bundan öncəsə polis əməkdaşına silahlı hücum olmuşdu. Bu cinayətlərin hamısını sıralamağa ehtiyac yoxdur. Çünki bunlar qısa zaman kəsiyində baş verib.


Söhbətləşdiyimiz Bakı sakinləri bu cür halların çoxalmasından narahat olduqlarını, qadınlarsa axşam saatlarında küçəyə çıxmamağa üstünlük verdiklərini deyirlər:


- Çox narahatam. Hüquq-mühafizə orqanları nəyisə gizlədirlər. Yəqin ki, kriminal qruplaşma var və onlar himayə olunur.


- Axşam saatlarında küçəyə çıxmıram. Polis artıq bu haqda düşünməlidir.


- Mən narahatam, özümə görə yox, qadınlara, uşaqlara görə. Məncə, bunlar əhalinin maddi durumu ilə bağlıdır.


- Mən narahatam. Uşaqlara görə, dövlətimizə görə. Baş verənlər birinci növbədə maddi vəziyyətlə bağlıdır.


- Cəmiyyətdə kriminal hadisələrin sayının artması narazılıq doğurur. Bu, araşdırılmalıdır.


- Narahatıq. Ola bilsin, şəhərdə əlavə banda peyda olub.


- Hər halda baş verənlər yaxşı hal deyil. Psixi təsir göstərir camaata…


Bir müddət öncə Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi, çoxsaylı qətllərdə və adam oğurluğunda ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilmiş, təxminən 30 nəfərlik dəstəyə rəhbərlik etdiyi deyilən Hacı Məmmədov demişdi ki, azadlıqda daha bir cinayətkar qruplaşma fəaliyyət göstərir. Amma o, bu haqda geniş məlumat verməmişdi.


Yeri gəlmişkən, ötən həftə vətəndaş Elxan Əlibəyovun qızı, Xəzər Universitetinin tələbəsi naməlum şəxs tərəfindən girov götürülmüş və külli miqdarda pul tələb olunmuşdu. Elə bu fakt da həm əhalini, həm də mətbuatı Hacı Məmmədovun dedikləri ətrafında yeni ehtimallar qurmağa vadar etmişdi. Çünki ittihamlara görə, sabiq idarə rəisinin dəstəsi də imkanlı adamların özlərini və ya yaxınlarını girov götürməklə və ya onları qətlə yetirməklə məşğul olmuşdu.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov Azərbaycanda hər hansı cinayətkar dəstə olmadığını və Xəzər Universitetinin tələbəsini girov götürən şəxslərin zərərsizləşdirildiyini deyir: «Mən bu fikirlərlə razı deyiləm. Dünyanın hansı ölkəsində cinayət olmur? Hər hansı cinayət baş verirsə, bunu kriminogen durumun nəzarətdən çıxması kimi başa düşmək olmaz. Azərbaycanda kriminogen durum tamamilə hüquq-mühafizə orqanlarının nəzarəti altındadır».


Ancaq «Femida-007» qəzetinin redaktoru Eyyub Kərimov nazirliyin bəyanatını şübhə altına alır və həmin dəstənin mövcudluğunu istisna etmir. Onun qənaətincə, artıq həmin dəstə hüquq-mühafizə orqanlarından çəkinmir. Cənab Kərimov son cinayətlərin hamısını həmin dəstənin törədib-törətmədiyini müəyyənləşdirməyi nazirliyin öhdəsinə buraxır. Amma sual edir: Vəziyyət nəzarətdədirsə, cinayətlərin sayı niyə artır? Niyə şəhərin mərkəzində, hətta prezidentin yaşadığı ərazinin yaxınlığında odlu silahla cinayət törədilir, polisə hücum edilir və sairə…


Eyyub Kərimov: «Həmin dəstə münbit şərait hiss edib və ona görə də öz dəsti-xəttini göstərməkdədir. Cinayətkar aləm hüquq-mühafizə orqanlarından çəkinmir. Polisi də güllələyirlər. Bu güllələr nazir Ramil Usubova atılan güllələrdir. Nə qədər ki, Daxili İşlər naziri Ramil Usubovdur, vəziyyət düzəlməyəcək, Hacının dediyi cinayətlər açılmayacaq…»


Keçmiş polis əməkdaşı Mahmud Hacıyev isə ölkədə adam oğurluğu və qətllərlə məşğul olan mütəşəkkil cinayətkar dəstənin mövcudluğuna inanmır. Onun qənaətincə, qətllərin artması psixoloji gərginliklə bağlıdır. Hacıyev deyir ki, cinayətlərin kökündə işsizlik, yoxsulluq və patoloji gərginlik durur. Bir məqamı da deyək ki, cənab Hacıyev hələ bir qədər əvvəl payızdan etibarən cinayətlərin artacağını proqnozlaşdırmışdı: «Ədalətsizlik psixi gərginlik yaradır və vətəndaşı cinayətə sürükləyir. Kim istəyər üç-dörd adamı güllələsin, əlini qana bulasın? Onu vadar edən səbəb var, o səbəbi araşdırmaq lazımdır».


Ekspertlərə görə, istənilən halda baş verənlərin günahkarı hüquq-mühafizə orqanlarıdır. Onlar cinayətlərin açılma dərəcəsinin 90 faizdən artıq olması ilə bağlı yalan məlumatlar verməklə nəyəsə nail ola bilməyəcəklər. Mahmud Hacıyev bildirir ki, güc nazirlikləri vəziyyəti düzgün qiymətləndirməli, mübarizəni düzgün qurmalıdırlar. Eyyub Kərimova görəsə, ciddi kadr dəyişikliyi aparılmalıdır.


Bir neçə gün öncə paytaxtın bir neçə rayonunun polis rəisləri dəyişdirilib. Ramil Usubov bunun heç də son hadisələrlə bağlı olmadığını desə də, gəzən məlumatlara görə, noyabrın 28-də Daxili İşlər Nazirliyində kollegiya iclası keçiriləcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG