Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:09

Müxalifətin sonuncu böyük aksiyası…


Bir azdan meydanda yerə düşüb qalmış çoxlu ayaqqabı, narıncı və göy bayraqlar qalacaq...
Bir azdan meydanda yerə düşüb qalmış çoxlu ayaqqabı, narıncı və göy bayraqlar qalacaq...

2005-ci il noyabrın 26-da Azərbaycan müxalifəti – daha dəqiq desək, «Azadlıq» siyasi bloku və onu dəstəkləyən qüvvələr parlament seçkilərində qanun pozuntularının baş verməsi iddiası ilə etiraz aksiyası keçirdilər. Bu mitinq təkcə «Qələbə» meydanında həmin gün yaşanan hadisələrə görə yox, həm də müxalifətin sonuncu böyük aksiyası kimi yadda qaldı. Burda həm fikir ayrılığı, həm tərəddüd, həm də hakimiyyətin aksiyanı dağıtmaqda nə qədər qətiyyətli olduğu özünü büruzə verdi.


Başlayaq fikir ayrılığından. Mitinqin sonuna yaxın AXCP lideri Əli Kərimli ayaqüstü etirazı oturaq aksiyaya çevirməkdə təkid etdi. O, hesab edirdi ki, artıq iradə nümayiş etdirməyin vaxtıdır.


Müsavat başqanı İsa Qəmbər isə bunu məqbul saymadı. O, düşünürdü ki, oturaq aksiyaya cəhd vəziyyəti arzulanmayan istiqamətdə dəyişəcək.


Liberal Partiyanın lideri Lalə Şövkət isə iradə nümayiş etdirməyə tərəfdar olmaqla yanaşı, ətrafı necə deyərlər, üzük qaşı kimi dövrəyə almış daxili qoşunların dinc sakinlərə əl qaldıracağına inanmadığını deyirdi.


Daha sonra daxili qoşunlar qısa bir müddətdə nəinki meydanı orada oturmaq istəyənlərdən, buna qarşı olanlardan və tərəddüd edənlərdən, eləcə də təsadüfən oradan keçənlərdən də təmizlədi. Hətta bir az əvvəl müxalifət liderlərinin yanaşı dayandıqları dəmir tribunanı də söküb dağıtdılar.


Hava qaralanda meydanda yerə düşüb qalmış çoxlu ayaqqabı, narıncı, göy bayraq parçaları və bir də Liberal Partiyanın sədr müavini Əvəz Temirxan gözə dəyirdi. Əlbəttə ki, ətrafı nəzarətə götürmüş daxili qoşun hissələrini, təlim keçmiş itləri, polis maşınlarını nəzərə almasaq. Sözsüz ki, bu toqquşmada partiya liderləri də daxil olmaqla xəsarət alanlar da yetərincə idi.


Həmin gün axşam keçirdiyi mətbuat konfransında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev dedi ki, meydandakılar onlara ayrılan vaxt başa çatdıqda polisin dağılışmaq barədə xəbərdarlığına məhəl qoymadıqları üçün güc tətbiq edilib. Polisdən də xəsarət alanlar var.


Həmin vaxtdan iki il keçir. Müsavat Partiyasının lideri İsa Qəmbər deyir ki, hakimiyyətin 2005-ci il noyabrın 26-dakı addımı insanların ehtiyatlanmasına gətirib çıxarıb.


Qəmbərə görə, müxalifətin gücünü müəyyənləşdirmək üçün həmin mitinqi yada salmaq kifayətdir.


Onu da deyim ki, müxalif düşərgədə çoxları bu fikirdədir.


Hakim YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı isə bildirir ki, müxalifətin sosial bazası zəifdir. Zəifliyini gizlətmək üçün də kütləvi aksiya keçirməkdən çəkinib günahı iqtidarın üstünə atır: «Qanun çərçivəsində ölkədə hamı kütləvi aksiya keçirir və keçirə bilər».


Ancaq müxalifətin kütləvi aksiya keçirməməsinin səbəbini başqa cür izah edənlər də var. Ekspertlərin bəziləri hesab edir ki, buna həm iqtidarın sərt addımları, həm də müxalifətin zəifliyi mane olur.


«Turan» Agentliyinin şərhçisi Zəfər Quliyevin fikrincə, hazırda kütləvi etiraz aksiyalarına imkan verilməməsi keçmiş post-sovet məkanında tendensiyaya çevrilib. Sadəcə, Azərbaycan bu məsələdə Rusiya, Gürcüstan və digərlərini xeyli qabaqlayıb.


Azərbaycanda müxalifətin 2005-ci ildən sonra o cür aksiya keçirə bilməməsində iqtidarın apardığı repressiv siyasətlə yanaşı, müxalifətin zəifliyi də rol oynayır. Zəfər Quliyev 2008-ci il prezident seçkisi öncəsi müxalifətin kütləvi aksiyalar keçirəcəyini istisna etmir. Ancaq bunun iqtidarla razılaşdırılmadan mümkün olmayacağını deyir.


Prezident İlham Əliyev polis günündə çıxışı zamanı 26 noyabr hadisələrinə toxunaraq bildirmişdi ki, o vaxt bəzi beynəlxalq təşkilatlar və dövlətlər polisin cəzalandırılmasını istəyirdilər. Ancaq o, buna imkan verməyib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG