Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:18

Müəllimlər onlardan zorla pul yığıldığını deyirlər


«Söhbət külli miqdarda vəsaitin yığılıb bölünməsindən gedir»
«Söhbət külli miqdarda vəsaitin yığılıb bölünməsindən gedir»

Orta məktəblərdə şagirdlərdən müxtəlif adlarla pul yığılması haqda eşitmişik. Ancaq bu dəfəki şikayətlər müəllimlərdən pul yığılması barədədir. Düzdür, «Azadlıq» radiosuna müraciət edən həmin müəllimlər nə adlarının çəkilməsini istəyir, nə də işlədikləri məktəblərin sayını deyirlər. Dediklərisə odur ki, onların həyatını məcburən sığorta etdirir və iqtidar qəzetlərinə abunə yazdırırlar. Abunə məsələsiylə bağlı uyğun icra hakimiyyətindən möhürlü məktublar da daxil olur. Üstəlik, müəllimlərin bir şikayəti də var ki, onları hansısa tədbirdə iştiraka məcbur edirlər. Sonradan məlum olur ki, bu, hakim Yeni Azərbaycan Partiyasının 15 illiyi münasibətilə təşkil olunmuş mərasimdir.


«21-ci əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev deyir ki, onlara da oxşar müraciətlər gəlir: «Müəllimlərin əməkhaqqından da 2, 3, 4 manat çıxırlar. Səbəb də göstərirlər ki, direktorların xərcləri çıxır».


Vaxtilə Bakı Şəhər Baş Təhsil İdarəsi ləğv edilib yerində Bakı şəhəri üzrə Təhsil İdarəsi yaradılanda fikirlər səslənirdi ki, bu qurum təhsil sahəsində ikili hakimiyyətə - yəni məktəblərin icra hakimiyyətlərindən asılılığına son qoyacaq. Çünki əvvəlki qurum Bakı Şəhər İcra Hakimiyyətinə tabe idi, onun yerinə birbaşa nazirliyə tabe idarə yaradılırdı. Elə Təhsil naziri Misir Mərdanov da məktəbdə rüşvət hallarından söz düşəndə, məktəb direktorlarının təkcə ona tabe olmadığını deyirdi. Demək olarmı ki, təhsildə ikili hakimiyyət qalmaqdadır?


Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı təsdiqləyir ki, icra hakimiyyətlərindən məktəblərə tövsiyə xarakterli məktublar gələ bilər. Ancaq məktəblər özləri seçim etməlidirlər: «Məktəblərin hamısı bilir ki, rəsmi qəzetlərə abunə olmaq lazımdır, sərəncamlar, fərmanlar bu nəşrlərdə dərc olunur. Ona görə məktəblər özləri bu qəzetlərə abunə yazılırlar. Düzdür, icra hakimiyyətlərinin bu məktubları göndərməsi müəyyən mənada düzgün deyil. Ancaq biz bunu nə qadağan edə, nə də tövsiyə verə bilərik ki, göndərmə. Bir şey dəqiqdir ki, məcburən heç bir qəzetə abunə yazılmaq, kiminsə həyatını sığortalamaq olmaz. Bakı Təhsil İdarəsi bu halların heç birində məcburiyyət tətbiq etmir».


«Azadlıq» radiosuna Bakının ayrı-ayrı rayonlarından şikayətlər gəlsə də, bir neçə icra hakimiyyətinə müraciət etdik. Xətai və Səbail icra hakimiyyətlərindən zənglərə cavab verən olmadı. Nizami Rayon İcra Hakimiyyətindən isə deyilənləri təkzib etdilər. Sözügedən icra hakimiyyətinin təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri Gülnaz İsrafilova dedi ki, onların rayonunda belə hallara yol verilmir. Nə məcburən abunə yazılma halları var, nə də tədbirlərdə iştiraka məcburetmə. Ancaq xanım İsrafilova sığortayla bağlı kampaniya getdiyini təsdiqlədi. Ancaq dediyinə görə, Bakı Təhsil İdarəsi müəllimlərin məcburən sığortalanmasını həyata keçirir.


«21-ci əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə deyir ki, əslində, məktəblər yenə də iki qurumun arasında qalıb: «Əgər icra hakimiyyəti məktəbdə hansısa səbəbdən pul yığırsa, Təhsil Nazirliyinin ona gücü çatmaz. Çünki onlar da arxalı adamlardır. Həm də söhbət külli miqdarda vəsaitin yığılıb bölünməsindən gedir».


Əliyevin fikrincə, bu cür halların qarşısını almaq üçün məktəblərdə həmkarlar birlikləri, müəllim-valideyn komitələrinin işi gücləndirilməli, həmçinin müəllimlərin hüquqlarını müdafiə komitələri yaradılmalıdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG