Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:03

ADP-nin sabiq fəalı müalicə müəssisəsində vəfat edib


Kunqurovanın təcridxanada qəfil vəfatının səbəbi məlum deyil

Kunqurovanın təcridxanada qəfil vəfatının səbəbi məlum deyil

Noyabrın 18-də Böyükşordakı müalicə müəssisəsində Azərbaycan Demokrat Partiyasının (ADP) sabiq fəalı Faina Kunqurova vəfat edib. Ədliyyə Nazirliyi Penitensar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqov «Azadlıq» radiosuna deyib ki, Kunqurova Şüvəlan istintaq təcridxanasında saxlanırdı, sonradan Böyükşordakı müalicə müəssisəsinə köçürülüb.


Cənab Sadıqovun sözlərinə görə, F.Kunqurova oktyabrın əvvəllərində külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. Bir aya yaxın Şüvəlandakı istintaq təcridxanasında saxlandıqdan sonra öz xahişi ilə Ədliyyə Nazirliyinin Böyükşordakı müalicə müəssisəsinə göndərilib.


Mehman Sadıqov bildirir ki, meyit məhkəmə-tibbi ekspertizadan keçirilib. Rəy hazır olan kimi bir nüsxəsi müalicə müəssisəsinə, digər nüsxəsi isə prokurorluğa göndəriləcək.


Azərbaycanın insan haqları müdafiəçiləri isə rəsmi versiya ilə razılaşmırlar. Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva bildirir ki, onu qanunsuz narkotik dövriyyəsinə görə deyil, məhz müxalifətçi olduğuna görə həbs ediblər. Abdullayeva deyir ki, onda olan məlumata görə, Kunqurova prezident İlham Əliyevin karteji keçən yola çıxdığına görə saxlanıb: «Polis bölməsində onun çantasının üstünə Rəsul Quliyevin şəklinin yapışdırıldığını görəndən sonra Kunqurovaya narkotiklərlə bağlı qondarma ittiham irəli sürülüb».


ADP-nin sabiq fəalının ölümünün 8 gündən sonra açıqlanmasına gəlincə, A.Abdullayeva bildirir ki, bu, onun ailə üzvlərinin hüquq-mühafizə orqanları tərəfindən qorxudulması ilə bağlıdır: «Onlar qorxudan heç yerə xəbər verməyiblər. Ailə təqib altındadır. Deyirlər ki, heç yerə şikayət etmirik, təki bizi rahat buraxsınlar».


F.Kunqurovanın indiyə qədər bərabər yaşadığı analığı milliyyətcə ermənidir. Hüquq müdafiəçiləri bu faktın da mərhumun ailəsinə təzyiq vasitəsi kimi istifadə edilməsinə imkan yaratdığını bildirirlər.


Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da Faina Kunqurovanın məhs siyasi səbəblərdən öldürülməsinə şübhə etmir. Qəhrəmanlı onunla bir neçə ay öncə görüşdüyünü və Kunqurovanın ona edilən təzyiqlərlə bağlı şikayətləndiyini deyir: «Onun ölümü çox şübhəlidir. Faina Rəsul Quliyevin Azərbaycana qayıtmasına imkan yaradılmasını tələb edirdi».


M.Qəhrəmanlı hakimiyyətin öz siyasi rəqiblərinə qarşı narkotiklərlə bağlı iddialar irəli sürməsinin artıq tendensiya halını almasından da narahatdır. O, bunun Azərbaycanın beynəlxalq imicinə ziyan vuracağını düşünür: «Ədliyyə naziri məsələni diqqətlə araşdırmalıdır. Necə olur ki, sağlam, cavan qadın müalicə müəssisəsində saxlanır və birdən-birə ölür?».


Ədliyyə naziri yanında penitensiar xidmət üzrə İctimai Komitənin koordinatoru Sahib Məmmədov isə artıq nazirliyə məsələ ilə bağlı sorğu göndərildiyini bildirir. Onun sözlərinə görə, qurumun noyabrın 27-də keçirilən toplantısında bu məsələ bir daha müzakirəyə çıxarılacaq.


Faina Kunqurova birinci dəfə 2002-ci ildə xuliqanlıq ittihamı ilə həbs edilib. Lakin həbsə əsas səbəb Kunqurovanın sabiq spiker Rəsul Quliyevin müdafiəsi üçün keçirilən kütləvi aksiyalarda fəal iştirakı hesab edilirdi. İki il sonra, 2004-cü il mayın 10-da F.Kunqurova beynəlxalq ictimaiyyətin və xüsusən, Avropa Şurasının çoxsaylı tələblərindən sonra əfv olunub.


Mərhumun azyaşlı uşağı var idi.


Günün bütün mövzuları

XS
SM
MD
LG