Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:27

«Pənah Hüseynə qarşı təxribat hazırlanıb»


«P.Hüseynlə bağlı təxribat planının hazırlanmasına göstəriş veriblər»
«P.Hüseynlə bağlı təxribat planının hazırlanmasına göstəriş veriblər»

«Yeni Müsavat» qəzeti yazır ki, redaksiyaya millət vəkili, Müsavat deputat qrupunun üzvü Pənah Hüseynə qarşı təxribat ssenarisinin hazırlandığı barədə məlumat daxil olub: «Adının çəkilməsini istəməyən mötəbər mənbənin əməkdaşımıza bildirdiyinə görə, deputatın parlamentdəki sərt çıxışları, xüsusilə də 2008-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı bir sıra qurumları kəskin tənqid etməsi, həmçinin aztəminatlı vətəndaşların durumu ilə bağlı müzakirələrə az vaxt ayrılmasına etiraz sərgiləməsi yuxarılarda müzakirə mövzusu olub.
Millət vəkilinin ayağa qalxaraq «xalqın taleyini üç dəqiqəyə həll etmək istəyirsiniz, ayıb olsun!» bəyanatını verməsi bir sıra şəxslərdə ciddi reaksiya doğurub və onlar P.Hüseynlə bağlı təxribat planının hazırlanmasına göstəriş veriblər».


Qəzetin iddiasına görə, təxribat planının parlament iclaslarının birində, yaxud kənarda hazırlanacağı konkret bilinmir. Ancaq istisna olunmur ki, tamam ağlagəlməyən bir ssenari işlənib həyata keçirilsin: «Məlumatlara görə, seçkilər ərəfəsində siyasi münasibətlərin onsuz da gərginləşəcəyini proqnozlaşdıran iqtidar mənsubları həmin vaxtda Müsavat deputat qrupunun fəal üzvünü mandatsız qoymağı planlaşdırır».


«Yeni Müsavat» yazır: «Sabiq deputat Hüseyn Abdullayevin hökuməti tənqid etməsi cavabsız qalmadı. Analoji ssenarinin P.Hüseynlə bağlı da həyata keçirilə biləcəyi istisna olunmur».


Məsələ ilə bağlı qəzet P.Hüseynə müraciət edib. Millət vəkili bildirib ki, ona da belə söhbətlər çatıb: «Kifayət qədər ciddi, mənimlə münasibəti olan, hörmət bəslədiyim bir şəxs bildirdi ki, bir qədər ehtiyatlı olmaq lazımdır. Yəni söhbət təkcə iqtidardan ehtiyatlanmaqdan getmir. Mənə bildirildiyinə görə, seçkilər və digər məsələlərlə bağlı gərginliklə əlaqədar hansısa hərəkətlər ola bilər. Bu zaman isə hədəflərdən biri mən ola bilərəm».


Zəfər Quliyevin «Azadlıq» qəzetindəki «Müxalifətin impuls gözləntiləri əsassızdır» başlıqlı məqalədə bildirilir ki, öz maraqlarını aktiv şəkildə yorulmadan müdafiə edən hakimiyyətdən fərqli olaraq, müxalifət son dərəcə passiv görsənir: «Müxalifət daha çox öz problemlərinin həlliylə məşğuldur. Bu düşərgədə qarşıdurmalar, parçalanmalar daha da dərinləşməkdədir».


Politoloqun fikrincə, müxalifət xalq arasına çıxmaq və ona arxalanmaq əvəzinə baron Münhauzen kimi hərəkətlər edərək, özünü saçından tutaraq bataqlıqdan çıxarmağa çalışır: «Müxalifət daxilində bu fikrin faydasız və qısır olduğunu düşünənlərin əksəriyyəti (elə toplum kimi) durğunluq bataqlığına qərq olma prosesinə heç müqavimət də göstərmirlər».


Müəllifin sözlərinə görə, amma bununla belə, ağızı açıq saxlamaq məsləhətdir: «Bəlkə də çox arzulanan siyasi revanşın «narıncı kəpənəyi» və yaxud bəd ayaqda hakimiyyətin stolundan qızardılmış kəpənək birdən ora düşdü».


Zəfər Quliyev yazır ki, belə təəssürat yaranıb ki, əksər müxalifət partiyaları və siyasətçilər nümayişkaranə şəkildə (bunu necə izah etmək olar – bu küskünlükdür, biganəlikdir, yoxsa zəmanənin gərdişiylə bağlıdır?) xalqdan və onun problemlərindən üz döndəriblər: «Bir sözlə, müxalifət də hakimiyyət kimi hələlik xalq barəsində düşünmür».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG