Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:39

«Azərbaycanla İran bütün məsələlərdə birgədir»


«İki ölkə gələcəkdə parlament diplomatiyasından da bəhrələnə bilərlər»

«İki ölkə gələcəkdə parlament diplomatiyasından da bəhrələnə bilərlər»

«Azərbaycanla İran bütün məsələlərdə birgədir». Bunu noyabrın 23-də Bakıda keçirdiyi görüşlərdən sonra İran İslam Respublikası parlamentinin – İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adeli bildirdi. Onun sözlərinə görə, iki ölkənin münasibətlərində heç bir gərginlik yoxdur, olubsa da aradan qaldırıblar.


İran parlamentinin rəhbəri Bakıya noyabrın 23-də səhər gəlib. O, artıq Azərbaycan prezidenti, Baş naziri, parlamentin spikeri və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri ilə görüşüb.


Son üç ayda Bakıda ABŞ-ın düşmən elan etdiyi İran siyasətçilərini bir-birinin ardınca qarşılayıb yola salırlar. Qulaməli Adelidən əvvəl İran prezidenti və vitse-prezidentləri də Azərbaycana səfər etmişdilər.


Bakıdakı müşahidəçilər hesab edirlər ki, İran rəsmilərinin bu cür intensiv səfərləri Tehranın nüvə proqramı ətrafındakı beynəlxalq gərginliklə əlaqədardır. Belə ki, İran Azərbaycan ərazisindən özünə qarşı kənar təhlükə olmayacağına dair növbəti dəfə vəd almaq istəyir. Əslində, Azərbaycan bu məsələ ilə bağlı mövqeyini çoxdan elan edib Milli Məclis hələ ötən il qəbul etdiyi sənədlə ölkə ərazisindən anti-İran məqsədləri üçün istifadəni istisna edib. Bu mövqe daha sonra prezident İlham Əliyev tərəfindən də Vaşinqtonda səsləndirilib. Bununla yanaşı, Azərbaycanın ABŞ-la da bu mövzuda apardığı danışıqlar Tehranı narahat etməyə bilməz.


İran parlamentinin sədri Bakıya özü ilə 4 millət vəkili və Xarici İşlər nazirinin konsulluq məsələləri üzrə bir müavinini də gətirib. Dediyinə görə, məqsədi Azərbaycanla viza rejiminin sadələşdirilməsi və parlament səviyyəsində dostluq qrupunun fəaliyyətinin gücləndirilməsinə nail olmaqdır.


İran bir neçə il əvvəl təklif edib ki, Azərbaycanla aralarındakı viza rejimi tamamilə ləğv olunsun. Bakı isə hələlik buna tələsmir. Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim «Azadlıq» radiosuna deyib ki. hazırda belə məsələ gündəlikdə yoxdur. Qulaməli Həddad Adeli isə Bakıdakı danışıqlarında viza problemi ilə bağlı bir sıra razılaşmalar əldə edildiyini və konkret detallar barədə tezliklə diplomatik kanallarla məlumat veriləcəyini vurğuladı.


İran rəsmisinin fikrincə, iki ölkə gələcəkdə parlament diplomatiyasından da bəhrələnə bilərlər.


Hazırda Azərbaycanın Milli Məclisində İran-Azərbaycan dostluq qrupuna millət vəkili, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov başçılıq edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG