Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:13

Prezidentin dedikləri müxalifətin sərt reaksiyasına səbəb oldu


Müxalifətin İlham Əliyevin çıxışına münasibəti birmənalıdır
Müxalifətin İlham Əliyevin çıxışına münasibəti birmənalıdır
Prezident İlham Əliyev noyabrın 22-də hakim Yeni Azərbaycan Partiyasının 15 illiyinə həsr olunmuş ziyafətdə deyib ki, Azərbaycanın siyasi səhnəsində artıq ənənəvi müxalifətin yeri yoxdur. Onun sözlərinə görə, müxalifətin siyasi meydanı iqtidarın apardığı işlərin hesabına daralıb:

«Artıq dörd ildir ki, öz iş otaqları da olmayan, evlərdə fəaliyyət göstərən siyasi qüvvələrin nümayəndələri hansı dəstəyə ümid edə bilər? Yəni, bu, bir illüziyadır, yaxud da görüntü yaratmaq cəhdi. Bəzi beynəlxalq qurumların onlara verdiyi dəstək onların mövcudluğunu davam etdirir. Amma belə mövcudluqdansa, məncə, siyasi fəaliyyət göstərməmək daha şərəfli olardı».

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, bu açıqlamasıyla İlham Əliyev əslində, bir neçə məsələni aydınlaşdırıb: «İlham Əliyev həm Azərbaycan, həm də dünya ictimaiyyətinə etiraf etdi ki, son illərdə müxalifətə, o cümlədən azad mətbuata qarşı sistemli şəkildə həyata keçirilən repressiyaların başında o, şəxsən özü dayanıbmış. Deməli, Xalq Cəbhəsinin, «Azadlıq» qəzetinin binasının əlindən alınması da, «Azadlıq» qəzetinin redaktorunun və başqa jurnalistlərin həbs olunması da birbaşa dövlət başçısı səviyyəsində sanksiyalaşdırılıbmış».


Kərimli bildirir ki, prezidentin müxalifətin ünvanına «artıq 4 ildir iş otaqları da yoxdur, evlərdə fəaliyyət göstərirlər» deməsi onun siyasi opponentlərlə ədalətli rəqabət apara bilməməsindən irəli gəlir: «Polisin gücüylə ofisin əlindən alasan, fəaliyyət imkanlarını məhdudlaşdırasan, evdə fəaliyyət göstərməyə məcbur edəsən və sonra da bununla öyünəsən…Dünyada daha neçə belə diktator qalıb? Özünə hörmət edən dövlət başçısı belə açıqlama verməzdi. Utanardı ki, onun sivil hesab etdiyi ölkədə müxalifətin fəaliyyət göstərməyə imkanı yoxdur, ofisini, konstitusion hüquqlarını zorla əlindən alıb. Mən başa düşə bilmirəm o, nəylə fəxr edir?»


Müsavat Partiyasının başqanı İsa Qəmbər isə deyir ki, xeyli müddətdi ki, prezident özü müxalifət haqqında danışmırdı. O, hesab edir ki, İ.Əliyevin bu cür çıxışı diqqəti ölkədəki problemlərdən yayındırmaq üçündür: «Görünür, İlham Əliyev öz vəziyyətinin çətinliyini, hakimiyyətinin zəifliyini dərk etməyə başlayıb. Adətən Heydər Əliyev çətin vəziyyətə düşəndə müxalifətə qarşı ittihamlar səsləndirməyə başlayırdı. İndi İlham Əliyev də atasının bu siyasətini davam etdirir. Belə yersiz-əsassız, böhtan xarakterli çıxışlar hakimiyyətin zəifliyindən irəli gəlir».


İsa Qəmbər də deyir ki, müxalifətin meydanı hakimiyyətin uğurlarına görə yox, prezidentin rəqabətdən çəkindiyinə görə daralıb: «Çox yüksək həyat səviyyəsi olan, insanların hüquqlarının təmin olunduğu ölkələrə baxaq. İlham Əliyevin məntiqinə qalsa, həmin ölkələrdə hansı partiya, hansı siyasi qüvvə hakimiyyətdədirsə, o, heç vaxt dəyişməməlidir».


«İnam» Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi isə hesab edir ki, bu cür çıxışlar müxalifətlə iqtidar arasında münasibətlərin sivil səviyyəyə çata bilməməsiylə bağlıdır. Ancaq o, hesab edir ki, prezidentin dediklərində həqiqət var: «Bu ifadələrin tonunu bir kənara qoysaq, prezidentin dediyində müəyyən qədər həqiqət var. Bunu onun dediyi kimi, ənənəvi müxalifətin özü də hansısa müsahibələrdə, tədbirlərdə etiraf edir. Bizim ənənəvi müxalifət əvvəlki seçkilərlə müqayisədə güclü görünmür. Prezidentin dediklərini doğru qəbul etmək lazımdır».


Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Anar Məmmədli isə deyir ki, dövlət başçısı prezidentliyə namizədliyə əsas iddialı şəxslərdən olduğuna görə, belə çıxışlar təbiidir. Azərbaycandakı siyasi reallıqsa onun fikrincə, əslində başqa cürdür: «Mən o fikirlə razıyam ki, müxalifət üçün siyasi meydan çox daralıb. Amma bunun səbəbi təkcə iqtidar partiyasının müxalifət partiyalarından güclü fəaliyyət göstərməsiylə bağlı deyil. Razılaşmaq lazımdır ki, son iki ildə bir dəfə parlament seçkiləri keçirilib və seçkiqabağı mühit demokratik olmayıb. Seçkinin özü çoxsaylı insan haqları və azadlıqlarının pozulmasıyla baş tutub. Müxalifətin meydanının daralması başqa siyasi qüvvələrə fəaliyyət üçün imkan verilməməsiylə bağlıdır».


Ekspertlər deyirlər ki, seçkiöncəsi belə çıxışlar çox olacaq. Ancaq rəqiblər bir-birilərinə hörmətlə yanaşmalıdırlar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG