Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:12

«İzimizi itirmək istəyirlər»


«Yaxud da hamımızın birgə törətdiyimiz günahlara görə cəzalandırılmışıq»

«Yaxud da hamımızın birgə törətdiyimiz günahlara görə cəzalandırılmışıq»

«Bizim Yol» qəzeti AXCP sədri Əli Kərimli ilə müsahibə dərc edib. Qəzet AXCP liderinin bir vaxtlar partiyasının qərargahının yerləşdiyi binanın sökülməsinin onda hansı hissləri yaratdığını soruşub.


«Təbii ki, ciddi təəssüf hissləri yaşadım. Eyni zamanda hökumətin müxaliflərinə sadəcə müxalifət kimi yox, düşmən kimi yanaşdığına bir daha əmin oldum. Bizim izimizi itirmək, rəhmətlik Elçibəyin ev-muzeyini məhv etmək, AXCP və «Azadlıq»ın 14 illik tarixini silmək, bax məqsədlər bundan ibarət idi. Bəli, insani baxımdan yanaşanda çox ağır əməllərdir. Mən hökumətin bu səviyyəyə düşəcəyini gözləyirdim, amma görəndə yenə də məyus oldum».


Ölkədəki siyasi vəziyyəti təhlil edən Əli Kərimli deyir: «Azərbaycanın bəxti gətirməyib, millətimizə həddən artıq qəddar rejim qismət olub. Yaxud da hamımızın birgə törətdiyimiz günahlara görə cəzalandırılmışıq. Bəlkə də demokratik hakimiyyətin qədrini bilmədiyimiz üçün belə olub. Hər halda mən mütləq ədalətə inanıram».


Politoloq Zəfər Quliyev deyir ki, ölkədə «demokratiyanın, söz və mətbuat azadlığının boğulmasına görə Qərb günahkardır». O, bunu «Yeni Müsavat»a açıqlamasında bildirib.


«Məsələ ondadır ki, Azərbaycanın Qərb, Avropa dövlətləri üçün əhəmiyyətinin artmasından hakimiyyət özünün xeyrinə sui-istifadə edir. Bu, birmənalı şəkildə belədir. Qərb isə hakimiyyətin bu hərəkətləri ilə razılaşmağa məcburdur. Çünki hazırda bütün dünyada, xüsusilə Qərbdə əsas prioritet enerji məsələləridir. Enerji məsələsi geosiyasi maraqlar bir-birinə elə sıx bağlanıb ki, bunları ayrı təsəvvür etmək mümkün deyil. Bu səbəbdən indiki mərhələdə təkcə Azərbaycanda deyil, əksər ölkələrdə, hətta Rusiyanın özündə belə demokratik proseslərdə geriləmələr baş verir və dünya buna dözümlü yanaşmağa məcburdur. Çünki Avropa Rusiyanın hər zaman istifadə etdiyi təbii qazla bağlı şantajı ilə hesablaşmağa məhkumdur».


YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı «Yeni Azərbaycan» qəzetinə deyib ki, YAP vətəndaş həmrəyliyi xartiyasına ehtiyac görmür.


Ölkədə milli həmrəylik üçün xartiyanın imzalanmasını təklif edən Eldar Namazov növbəti prezident seçkilərindən sonra bir neçə partiyanın iştirakı ilə milli etimad hökumətinin yaradılmasının sənəddə əks olunduğunu bildirib.


Mübariz Qurbanlı isə bildirib ki, Azərbaycanda milli və vətəndaş həmrəyliyi çoxdan bərqərar olub: «Eldar Namazov hələ hakimiyyətdə təmsil olunan zaman dəfələrlə bəyan etmişdi ki, ölkədə milli həmrəylik bərqərar edilib. İndi isə bu mövzuya qayıtmaq müasir Azərbaycanı ötən əsrin 90-cı illərinin əvvəli ilə dəyişik salmaqdı. Onlar yaxşı bilir ki, Azərbaycanda hakimiyyətə, Prezident İlham Əliyevin siyasətinə etimad var. Belə olan şəraitdə qondarma sənədin ortaya çıxarılması cəfəng işlərlə məşğul olmaq deməkdir».


«Sosial ipotekaların maksimum məbləği artırılmalıdır». «Ayna» yazır ki, iqtisadçının fikrincə, əks halda, bunun səmərəsi olmayacaq.


İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyir ki, 35 milyon manatdan əhalinin bütün təbəqələri yararlana bilməyəcək. «Azərbaycanda gənclik yaşının 35-dən 30-a endirilməsi ilə bağlı müzakirələrin aparıldığını nəzərə alsaq, o zaman sosial ipotekanın saxlanması hesabına dövlət büdcəsinə əlavə ciddi xərc gəlməyəcəyi aydınlaşır».


İqtisadçı hesab edir ki, prosesə marağın saxlanması üçün sosial ipotekaların maksimum məbləği artırılmalıdır. «Xatırladaq ki, sosial ipotekalar üçün maksimum məbləğ 35 min manat müəyyən edilir. Yəni, sosial ipotekadan istifadə edən şəxs ən çoxu 35 min manat kredit götürə bilər. Mənzillərin qiymətlərinin yüksəldiyini nəzərə alsaq, həmin məbləğə ikiotaqlı mənzil almağın mümkünsüzlüyü ortaya çıxar».


Günün bütün mövzuları

XS
SM
MD
LG