Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:29

«Azərbaycan gələcəkdə NATO-ya üzv olmaq niyyətindədir»


Azərbaycan NATO ilə əməkdaşlıq edir, üzvlük haqda konkret nə isə söyləmək olmaz

Azərbaycan NATO ilə əməkdaşlıq edir, üzvlük haqda konkret nə isə söyləmək olmaz

«Azərbaycan NATO-ya inteqrasiya edir və gələcəkdə alyansa üzv olmaq niyyətindədir. Bu istiqamətdə bir sıra proqramlar var və həmin proqramlara uyğun olaraq illik fəaliyyət planları hazırlanır».


Noyabrın 20-də Baş nazirin birinci müavini, Azərbaycan-NATO hökumət komissiyasının sədri Yaqub Eyyubov bu bəyanatla çıxış edib. Bununla da Azərbaycan hökuməti ilk dəfə NATO-ya üzv olmaq niyyətini açıqlamış oldu. İndiyə qədər Bakı bu haqda fikrini dəqiq ifadə etməmişdi. Yaqub Eyyubov ilk dövlət rəsmisidir ki, bu niyyəti dilə gətirir, düzdür, söhbət hələ rəsmi qərardan getmir. Görünür, buna görə də cənab Eyyubov daha sonra deyib ki, Azərbaycan hökuməti NATO ilə əməkdaşlıq edir, üzvlük haqda indidən konkret nə isə söyləmək olmaz.


Keçmiş dövlət müşaviri Vəfa Quluzadə isə bildirir ki, Bakı bu haqda qərarı çoxdan vermişdi. Hələ ötən əsrin 90-cı illərindən bu yöndə addımlar atılırdı və məlumdur ki, bunun sonu NATO-ya üzvlüklə bitməliydi.


«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Orucluya görə isə Azərbaycanın NATO-ya üzvlüyü labüd məsələdi. Sadəcə, bu niyyətin indi açıqlanması Gürcüstanda baş verənlərlə bağlıdır. Çox güman ki, təşəbbüskar da NATO özüdür. Oruclu deyir ki, Bakının bu bəyanatı irəliyə doğru addım kimi qiymətləndirilə bilər. Çünki NATO regionda ümidlərini Gürcüstana bağlamışdı. Bundan başqa, Azərbaycan hökumətindən fərqli olaraq Gürcüstanın bu məsələylə bağlı həmişə vahid mövqeyi olub. Azərbaycanda isə NATO məsələsi ilə bağlı ikili münasibət vardı.


Ekspert bildirir ki, hakimiyyət daxilində güclü qruplaşmalardan biri rusiyapərəstdir və hər zaman dövlətin fəaliyyətini sabotaj edib. Bu baxımdan sözügedən bəyanatın səslənməsini dövlət başçısının niyyəti kimi başa düşmək lazımdır, çünki avtoritar dövlət olan Azərbaycanda söz sahibi birinci şəxsdir və onun qərarı önəmlidir: «Bu baxımdan təşəbbüs NATO-dan gəlib. Gürcüstan NATO-nun regiondakı ümidlərini puça çıxardı. Bilmirəm NATO Azərbaycana hansı mesaj verib. Bəlkə də mövqeyini dəqiqləşdirməsini istəyib. Hər halda, qurum Azərbaycan hökumətindən belə bir addım gözləyib. Düzdür, bu Baş nazirin müavini səviyyəsində qərar kimi deyil, niyyət kimi səslənib və bu da irəliyə doğru addımdır».


Söhbətləşdiyim ekspertlərə görə, Azərbaycanın Avroatlantik təhlükəsizlik qurumlarına inteqrasiyası vacibdir, ölkə İran və Rusiya kimi qonşularla əhatə olunub. Və onun NATO məkanına çevrilməsi dövlətçiliyin təhlükəsizliyinə təminatdır.


Ancaq bu da var ki, Gürcüstan NATO-ya üzv olmaq qərarını bəyan edəndən sonra Moskvanın təzyiqlərinə məruz qaldı. Elə bu gün sözügedən ölkənin prezidenti Vladimir Putin NATO ilə bağlı qəzəbli bəyanatla çıxış edib, o, qurumun Rusiyanın sərhədlərində möhkəmlənməsini pisləyib.


Ekspertlərdən bəziləri düşünür ki, Moskvanın Bakı ilə eyni oyunu oynaması çətin olacaq. Ərəstun Oruclu bildirir ki, getdikcə Azərbaycanın Qərb üçün önəmi artır, Avropa üçün alternativ enerji mənbəyinə, tranzit ölkəyə çevrilir. Qərb Gürcüstan kimi zəif dövləti Rusiyanın təzyiqlərindən qoruya bildisə, Azərbaycanı da mütləq qoruyacaq. Sadəcə, Azərbaycanın Gürcüstandan fərqli bir problemi var. Hakimiyyət daxilində rusiyapərəst qruplaşma mövcuddur və Moskva ölkəyə içəridən nüfuz edə, sabitliyi poza bilər.


Vəfa Quluzadə isə hesab edir ki, Rusiya Azərbaycana heç nə edə bilməz. Əksinə Bakının indiki siyasəti onu məğlubiyyətə apara bilər.


İstənilən halda, yerli müşahidəçilər Bakının niyyətini müsbət dəyərləndirirlər və bundan sonra onun söz, yoxsa əməl olacağını gözləyirlər. Çünki Bakı bu niyyətini dilə gətirməklə həm də NATO standartlarını reallaşdırmalı olacağını, xüsusən də demokratik islahatlara təkan verəcəyini bilməmiş deyil. «Hökumət isə bu islahatlara bir o qədər meylli görünmür»,- deyə düşünən yerli müşahidəçilər deyirlər ki, hələ bu xəmir çox su aparacaq. Hərçənd istənilən halda ilkin addım atılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG