Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:26

«Yeraltı keçid bir il davam gətirmədi»


Mətbuat keçidlərin su buraxdığını, tavan hissəsində problem yarandığını yazır

Mətbuat keçidlərin su buraxdığını, tavan hissəsində problem yarandığını yazır

«Bizim Yol» qəzeti yazır ki, milyon dollara başa gələn keçid yararsız hala düşüb.


«Hökumətin təbliğat tezisində yeni tikilən körpülər və yeraltı keçidlər mühüm yer tutur. Reallaşması milyonlarla dollar hesabına baş tutan bu tikililərin əhəmiyyəti heç kim tərəfdən danılmır. Lakin aparılan işin keyfiyyəti və oraya sərf olunan vəsaitlərin kortəbii surətdə xərclənməsi daim mütəxəssislərin tənqidinə tuş gəlir. Mətbuat bu mövzuda kifayət qədər tutarlı məqalələr dərc etsə də, rəsmilər hələ ki, tənqidləri «qərəzli və gözü götürməməzlik» kimi qiymətləndirərək rədd etməkdədirlər. Buna baxmayaraq, yeni nəqliyyat tiklilərində baş verənlər təkzibolunmaz hala çatıb».


Qəzet yazır ki, Heydər Əliyev Sarayının yanındakı yeraltı keçid su buraxandan sonra əməkdaşlarımız ötən bazar daha bir yeraltı keçiddə biabırçı faktın şahidi olub.


«Belə ki, paytaxtın «Tarqovı» adlanan ərazisində Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində ötən il 23 dekabrda istifadəyə verilən yeraltı keçiddə bir sıra gözlə görülən «defekt»lər əmələ gəlib. Eyni zamanda, keçidin tavan hissəsində də enmə-çökmələr var. İşıqların yeddisi tamamilə yanmır».


«Milli Bankdan (MB) verilən məlumata görə, ölkədəki bütün banklara tapşırılıb ki, xarici banklarda hesab açmaq istəyən şəxslərdən əlavə sənədlər tələb olunsun». «Ekspress» «Pul ölkədən sel kimi çıxır» başlıqlı məqaləsində belə yazır.


«MB-nin tələblərinə görə, əgər hər hansı iş adamı xarici bankda hesab açaraq offşor şirkəti yaratmaq fikrinə düşübsə, onun üz tutduğu yer bank şəkildə qeyri-rezidentin, yəni həmin iş adamının - kiminlə hansı bank əməliyyatları keçirmək fikrində olduğunu soruşmalı, onun şirkəti və ya təsisçilər barədə başqa banklardan təminat məktubu istəyə bilər».


Lakin ekspertlər tam tərsini düşünürlər. Belə ki, bankların qarşısına qoyulan tələb onları faktiki olaraq heç nəyə vadar etmir və bu səbəbdən də offşor şirkətlərin qeydiyyata alınmasında hansısa ciddi maneələrdən danışmağa dəyməz.


Qəzetin yazdığına görə, azərbaycanlı iş adamlarının mümkün qədər az vergi ödəmək üçün üz tutduqları offşor məkanları arasında Vircin adaları, Antil adaları, Normand arxipelaqı, Lüksemburq, Hollandiyadır.


13 saylı cəzaçəkmə müəssisəsində (CM) saxlanılan sabiq səhiyyə naziri Əli İnsanov Ali Məhkəmənin sədrinə məktubla müraciət edib. Noyabrın 19-da o, məktubunu ünvana çatdırılması üçün CM rəhbərliyinə təqdim edib. Sabiq nazirin vəkili Toğrul Babayev «Yeni Müsavat»a açıqlamasında bildirib ki, Ə.İnsanov Milli Elmlər Akademiyasından uzaqlaşdırılmasının qeyri-qanuni hesab olunması iddiası ilə Səbayel Rayon Məhkəməsinə müraciət edib. Lakin Səbayel məhkəməsi sabiq nazirin iddiasına baxmaqdan imtina edib. Belə qərar verilib ki, iddia Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin İnsanovun barədəki hökmündən verdiyi apelyasiya şikayətinə baxılandan sonra nəzərdən keçiriləcək.


Bununla razılaşmayan İnsanov Apelyasiya Məhkəməsinə, sonra isə Ali Məhkəməyə müraciət edib. Bu il oktyabrın 19-da Ali Məhkəmənin hakimi Əsəd Mehdiyev Səbayel məhkəməsinin qərarından verilmiş şikayətə baxıb. Lakin çıxardığı qərarın surətini Ə.İnsanova göndərməyib. Vəkilin sözlərinə görə, Ali Məhkəmənin dəftərxanasından ona bildiriblər ki, qərar çıxarılsa da hələlik tərəflərə təqdim olunmaq üçün hazırlanmayıb.


Ə.İnsanov Ali Məhkəmənin sədrinə ünvanladığı məktubda hakim Ə.Mehdiyevin cəzalandırılmasını və qərarının surətinin ona göndərilməsini tələb edib. Vəkil Ə.İnsanovun istilik sistemi olmayan kamerada saxlanıldığını, müalicəsinə şərait yaradılmadığını da vurğulayıb.


«Qarabağ probleminin həllinin vaxtı çatıb»- Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl Bakıda jurnalistlərə belə deyib.


S.Dəmirəlin fikirləri bir çox qəzetlər kimi «525»də də yer alıb: «Qarabağ məsələsi yalnız Azərbaycan çərçivəsini əhatə etmir. Artıq bu problem dünya məsələsi halına gəlib, yəni beynəlxalq miqyaslı məsələyə çevrilib. Problemin həll olunmasının vaxtı çatıb. Amma düşünürəm ki, bir az səbirli olmaq lazımdır. Gec-tez bütün dünya Azərbaycanın bu məsələdə haqlı olduğunu qəbul etməlidir».


Günün bütün mövzuları

XS
SM
MD
LG