Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:22

Türkdilli dövlətlərin qurultayı keçirilir


Qurultaya 30-dan çox ölkədən 800-dən artıq nümayəndə və qonaq qatılıb

Qurultaya 30-dan çox ölkədən 800-dən artıq nümayəndə və qonaq qatılıb

«Erməniləri tez-tez dünyanın iri dövlətlərinin bəzi riyakar siyasətçiləri də müdafiə edirlər. Buna qarşı durmaq üçün birlik zəruridir».


Bu fikirləri Bakıda keçirilən Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib. O, deyib ki, Azərbaycan və Türkiyə diaspora təşkilatları arasında artıq belə əməkdaşlıq var.


Noyabrın 17-də Bakıda öz işinə başlayan bu Qurultaya 30-dan çox ölkədən 800-dən artıq nümayəndə və qonaq qatılıb.


Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğan isə qurultaydakı çıxışında türk dövlətlərinin xarici siyasətinin koordinasiyası və Türkdilli Dövlətlərin Sammitinin Katibliyini yaratmaq təklifi ilə çıxış edib. Onun fikrincə, belə siyasət həm beynəlxalq aləmdə, həm də beynəlxalq təşkilatlarda türk xalqlarının maraqlarını tamamilə müdafiə edəcək.


Çıxışlardan sonra türk dövlətlərinin birliyinin rəmzi olaraq, türk dövlətləri və toplumlarının rəhbərləri qılınc üzərinə dəmir çəkiclə vurublar.


Türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətə görə Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri «Orxan Yenisey» mükafatı ilə təltif olunublar.


Qurultay noyabrın 18-də işini komissiyalarda davam etdirəcək.


Noyabrın 19-a kimi davam edəcək bu qurultayın məqsədi türk dövlət və cəmiyyətləri arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdir.


Qurultayda Dağlıq Qarabağ münaqişəsi, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, İraq və Əfqanıstanda yaşayan türkdilli xalqların vəziyyəti, ahıska türklərinin öz tarixi torpaqlarına qayıdışı ilə bağlı fikir mübadiləsi aparılacaq. Bu problemlərin həllində onların mövqelərini əks etdirən bəzi sənədlər, «erməni soyqırımı» iddiaları ilə bağlı bəyanat qəbul ediləcək.


Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayları 1993-cü ildən keçirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG