Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:03

Son Rusiya hərbi eşalonu Gürcüstandan çıxdı


Gürcüstandakı rus hərbi bazaları vaxtından əvvəl Gürcüstanı tərk etdi
Gürcüstandakı rus hərbi bazaları vaxtından əvvəl Gürcüstanı tərk etdi

Noyabrın 15-də Rusiya Gürcüstanda 225 illik hərbi mövcudiyyətinə son qoydu. Gürcüstandakı rus hərbi bazalarında xidmət edən hərbi qulluqçuların və əmlakın yüklənmiş olduğu sonuncu eşelon dünən gecə 00:10-da Batumidən çıxmış və Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazaya yollanıb.


«Ayna» yazır ki, «Gürcüstan ərazisindəki Rusiya hərbi bazalarının çıxarılmasına dair danışıqların gedişində Rusiya Batumidəki 12-ci bazanın 2008-ci il ərzində çıxarılacağını mümkün hesab edirdi və bunda təkid edirdi. İkitərəfli razılaşmada da bu tarix əksini tapdı. Lakin gördüyümüz kimi, bunu bir il tezləşdirdilər. Eləcə də Axalkalakidəki keçmiş 62-ci baza bu il oktyabrın 1-dək boşaldılmalı idi, lakin iyulun sonlarında daşınma işləri başa çatdı və Axalkalaki bazası gürcü tərəfinə təhvil verildi və bu bölgədə ermənilərin sonuncu ümidgahında Gürcüstan ordusu bölmələri yerləşdilər».


Beləliklə, Gürcüstan torpaqlarında Rusiyanın hərbi mövcudiyyəti yalnız Abxaziya və Cənubi Osetiya ərazisi ilə məhdudlaşdı. Bu iki separatçı bölgədə Rusiya hərbçiləri «sülhyaradıcı qüvvə» statusunda qalırlar. Lakin Gürcüstan tərəfi onların mövcudiyyətindən də narazıdır və onların buradan çıxarılaraq başqa ölkələrdən olan sülhyaradıcılarla əvəz olunmasını tələb edir. Rusiya isə müxtəlif bəhanələrlə bu iki bölgədən əsgərini çəkmək istəmir.


Politoloq Vəfa Quluzadə «Yeni Müsavat»a Beynəlxalq Böhran Qrupunun «ən boşboğaz» təşkilat olduğunu bildirib.


Beynəlxalq Böhran Qrupu növbəti hesabatında Ermənistanla Azərbaycan arasında müharibənin yenidən alovlanacağı xəbərdarlığını edib. Müharibənin başlanması ehtimalının artması isə Ermənistanın silahlanması, Azərbaycanın isə hərbi büdcəsinin 1 milyard manatı ötməsi ilə əsaslandırılır.


Sabiq dövlət müşaviri Vəfa Quluzadə bu qrupun hesabatını ciddi saymır: «Dünyada ən boşboğaz beynəlxalq təşkilatlardan biri Beynəlxalq Böhran Qrupudur. Bu təşkilat indiyədək dəfələrlə belə bəyanatlar verib, ancaq biri də doğru çıxmayıb. Onlar Ermənistanla Azərbaycanın yaxın vaxtlarda müharibəyə başlayacağını iddia edəndə ciddi əsas ortaya qoya bilmirlər. Mən isə dəqiq deyə bilərəm ki, nə Ermənistan, nə də Azərbaycan müharibəyə hazırlaşır. Heç bir tərəfin müharibə etmək fikri yoxdur».


Qrupun hesabatına münasibət bildirən digər ekspert Elxan Mehdiyev də «Bizim Yol» qəzetinə deyib ki, «Azərbaycan heç vaxt müharibəyə başlamayacaq».


«Beynəlxalq Böhran Qrupunun üzvləri burda olan vəziyyəti çox gözəl bilir. Bu səbəbdən də təbliğat aparmağa heç bir ehtiyac yoxdur. Sadəcə olaraq, onlar indiki reallıqdan çıxış edərək bu fikirləri söyləyirlər. Baxmırlar ki, bu ərazilər işğal olunub, orda etnik təmizləmə aparılıb. Mən heç də demərəm onlar Azərbaycanın əleyhinə çalışan bir təşkilatdı. Yox. Əksinə, Azərbaycan ərazilərinin işğal olunduğunu və orada etnik təmizləmələrin aparıldığını hər zaman qeyd edirlər, öz hesabatlarında göstərirlər. Yəni Beynəlxalq Böhran Qrupu obyektivliyə daha çox yaxın olan təşkilatdı. Amma, sadəcə olaraq, indiki reallıqdan çıxış edib o fikri söyləyiblər. Yəni Azərbaycan tərəfi müharibənin başlanacağı ilə bağlı daha çox bəyanat verir. Amma erməni tərəfi belə bəyanatlar vermir. Müharibənin başlanması onlara sərf etmir. Çünki bu ərazilər onların əlindədir. Erməni tərəfi istəyir ki, vaxtı uzatsın. Bu müddət ərzində isə vəziyyət dəyişsin və hər hansı bir yolla istədiklərinə nail olsunlar. Azərbaycan isə yalan bəyanatlar verməklə çətin vəziyyətə düşüb. Hamı bilir ki, o, müharibə edən deyil. Amma elə bu cür bəyanatlar hələ də Azərbaycanın mövqeyini zəiflətməkdədir».


«Ekspress» yazır ki, maarifləndirmə işinin gücləndirilməsi üçün gələn ildən Azərbaycanın televiziya kanallarında dini verilişlər efirə çıxacaq.


«Azərbaycanda radikal dini təriqətlərin fəaliyyətinin qarşısının alınması üçün maarifləndirmə işləri gücləndiriləcək. «Ölkədə kifayət qədər dini ədəbiyyatın nəşr edilməməsi xaricdən gətirilən dini ədəbiyyatların geniş yayılmasına səbəb olub»-,bunu Şəkidə seminar-treninq keçirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov bildirib. İsmayılov deyib ki, ölkədə maarifləndirici dini kitabların çapı üçün gələn ilin əvvəlindən komitədə yeni mətbəə fəaliyyətə başlayacaq».


«Yeni Azərbaycan» yazır ki, Heydər Əliyev Mükafatı Komissiyasının tərkibi müəyyənləşib.


«Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Mükafatı Komissiyasının tərkibinin müəyyən edilməsi haqqında fərman imzalayıb. Prezident İlham Əliyev komissiyanın sədri təyin olunub. Komissiyaya baş nazir, Prezidentin İcra Aparatının rəhbəri və digər yüksək vəzifəli məmurlar daxil olunub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG