Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:28

Qənimət Zahidin həbsi ATƏT-in Daimi Şurasında müzakirə olunub


Haraşti deyir ki, 9 jurnalistin həbsi ATƏT regionunda ən yüksək göstəricidir
Haraşti deyir ki, 9 jurnalistin həbsi ATƏT regionunda ən yüksək göstəricidir

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsi məsələsi noyabrın 15-də Vyanada ATƏT-in Daimi Şurasının iclasında müzakirə olunub. Bunu «Azadlıq» radiosuna ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti deyib. İclasda ATƏT üzvü olan 56 ölkənin nümayəndələri iştirak edib. Haraşti toplantıda Azərbaycanda 9 jurnalistin həbsdə olması məsələsini qaldırıb. Deyib ki, artıq həbsdə olan Sakit Zahidovun qardaşı Qənimət Zahid də xuliqanlıq ittihamıyla tutulub.


Mikloş Haraşti: «İnanıram ki, inzibati səbəblər bəzən tənqidi səsləri susdurmaq üçün istifadə oluna bilər. Mən bundan təəssüflənirəm. Məncə, vəziyyət çox ciddidir».


Haraşti deyir ki, 9 jurnalistin həbsi ATƏT regionunda ən yüksək göstəricidir: « Təkcə həbsdə olan jurnalist azadlığa buraxılmamalıdır, onların həbsinə imkan verən qanunlar da dəyişməlidir».


Onun sözlərinə görə, Azərbaycanda medianın vəziyyətində heç bir yaxşılaşma hiss olunmur. Haraşti deyir ki, Qənimət Zahidin həbsində bir məsələ diqqəti çəkir, az əvvəl o, böhtanda ittiham olunurdu: «Qənimət Zahid, onun işlədiyi qəzet Azərbaycan mediasında tənqidi səslərdəndir. Başqa zorakı hallar, jurnalistlərə qarşı zorakılıqlar bu cür dərhal araşdırılmayıb. Baxmayaraq bu halda az xəsarətdən danışılır. Məsələn, jurnalist Üzeyir Cəfərova qarşı zorakılıq edildi, o, döyəni tanımışdı da, ancaq bu iş araşdırılmadı».


Buna görə də ATƏT rəsmisi əmindir ki, hazırda Azərbaycanda müstəqil jurnalistlərə qarşı diskriminativ təzyiqlər dalğası var.


Bəs ABŞ Dövlət Departamentinin bəyanatında deyildiyi kimi, Azərbaycanda jurnalistlərə qarşı yeni təmayülün başlandığını demək olarmı? Cənab Haraşti bildirir ki, bu, təəssüf ki, belədir. Çünki jurnalistlərə qarşı təkcə peşə fəaliyyətləri ilə bağlı deyil, inzibati iddia da qaldırılır və nəticədə müstəqil səslər boğulur: «Məncə, vergidən yayınma, az xəsarətdən söhbət gedirsə, onda hamıya qarşı eyni tədbir görülməlidir, ikili standart olmamalıdır. Əks halda ağıla bu işlərdə ayrı-seçkilik olması fikri gəlir».


Bəs ATƏT-in media azadlığı üzrə nümayəndəsi həbsdə olan jurnalistlərin buraxılması üçün hansısa təsir vasitələrindən istifadə edə bilərmi?


Mikloş Haraşti deyir ki, o, media məsələləri üzrə müvəkkildir, onun ofisi hüquqi sanksiyalar tətbiq edə bilməz. Belədə ümid qalır ictimai fikrə, jurnalistlərə, beynəlxalq qurumlara. Haraşti əmindir ki, hakimiyyət nəhayət ki, bütün bunları eşidəcək: «Çünki jurnalistlərə qarşı bu repressiya ölkənin bütün öhdəliklərinə ziddir. Ümidvaram ki, ictimai fikir, jurnalistlər, daxili məktublaşma vasitəsilə biz hökumətə xatırladacağıq ki, söhbət onların öhdəliklərindən gedir».


Haraşti inanır ki, Azərbaycan hökuməti media azadlığı sahəsində beynəlxalq əməkdaşlıqda maraqlı olacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG