Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:52

«Qənimət Zahidin həbsinə cəmiyyətin təpkisi yetərli deyil»


«İndi Qəniməti tutublar cəmiyyət susur. Sabah Qarabağı verəndə də cəmiyyət susacaq»
«İndi Qəniməti tutublar cəmiyyət susur. Sabah Qarabağı verəndə də cəmiyyət susacaq»

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsinə cəmiyyətin təpkisi yetərli deyil. Bunu «Far» İqtisadi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə deyir. Onun sözlərinə görə, aparıcı Qərb ölkələri, nüfuzlu beynəlxalq təşkilatlar bu həbsdən dərhal sonra reaksiya verib onu pisləsələr də, Azərbaycan cəmiyyətinin böyük bir kəsimi seyrçi mövqe tutdu. Hacızadə bunu bütünlükdə cəmiyyətin artıq susdurulması ilə izah edir: «İctimai fikir var ey…Camaat mətbəxdə oturub fikir edir. Ancaq konkret iş görən yoxdur. Onsuz da bizim cəmiyyət yuxulamağa meyillidir. Bir qapaz da vursan, tamam yatır…»


Uzun müddət cəmiyyətdə belə bir fikir dolaşırdı ki, Qərbin Azərbaycanda gedən demokratik proseslərə reaksiyası adekvat deyil. Hətta bəzi qənaətlərə görə, Qərb Azərbaycanda demokratiyanı neft və təhlükəsizlik maraqlarına qurban verir. «Atlas» Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, cəmiyyətdə belə fikirlərin yaranması daxildə mübarizəni ikinci plana keçirib ancaq xaricə ümid bəsləməkdən irəli gəlirdi. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin susdurulmasının kompleks səbəbləri var. Şahinoğlunun fikrincə, hər şeydən əvvəl ölkənin regional əhəmiyyətindən və neft pullarından arxayınlaşan hakimiyyət artıq beynəlxalq təpkiləri nəzərə almır. Üstəlik, həm müxalifət partiyaları, həm də qeyri-hökumət təşkilatları gücdən salınıb: «Yerdə qalıb bir neçə müxalifət qəzetləri. Onların da cəmiyyətə böyük təsiri yoxdur. Cəmiyyətə ancaq televiziyalar təsir edə bilər. Onlar da hakimiyyətin nəzarətindədir».


Ancaq hakim düşərgədə baş verən prosesləri fərqli prizmadan dəyərləndirirlər. «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun sözlərinə görə, Qənimət Zahidin həbsinin ciddi etirazlarla qarşılanmaması onu nəinki oxucuların, hətta arxalandığı siyasi qüvvənin müdafiə etməməsinin göstəricisidir: «Görünür, onların arasında ziddiyyət var. Bəlkə də onlar da hesab edirlər ki, Qənimət Zahidi düzgün tutublar, ona görə müdafiə etmirlər».


Ancaq Hikmət Hacızadə düşünür ki, cəmiyyətin böyük bir kəsimi tək Qənimət Zahidin həbsinə biganə deyil. Onun fikrincə, əslində, cəmiyyət öz problemlərinə biganə yanaşmağa başlayıb. Bu isə bütünlükdə ölkə üçün təhlükə yaradır: «İndi Qəniməti tutublar cəmiyyət susur. Sabah Qarabağı verəndə də cəmiyyət susacaq. Necə ki, Sovetlər dönəmində susurduq…»
Hikmət Hacızadə deyir ki, əslində, bu, tək müstəqil şəxsləri yox, hakimiyyətin özünü də narahat etməlidir. Çünki onda ölkənin üzləşdiyi təhlükələrin məsuliyyəti xalqın yox, yalnız hakimiyyətin üzərində qalır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG