Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:26

Büdcə də artır, qiymətlər də...


İqtisadi problemlər ildə bir dəfə, büdcə layihəsi müzakirə olunarkən yada düşməməlidir

İqtisadi problemlər ildə bir dəfə, büdcə layihəsi müzakirə olunarkən yada düşməməlidir

Artıq bir neçə gündür ki, Milli Məclisdə 2008-ci il üçün dövlət büdcəsinin müzakirəsi gedir. Azərbaycanda adətən büdcə ilə bağlı müzakirələrə az vaxt sərf edilməsindən gileylənirlər. Müzakirələrin bir neçə gün davam etməsi təəccüblü görünə bilər, amma dünya parlamentlərinin təcrübəsi göstərir ki, büdcə ilə bağlı müzakirələr digər qanunlarla müqayisədə daha az vaxt aparır.


Əslində, əsas məsələ büdcənin neçə gün müzakirə edilməsi deyil, onun necə müzakirə edilməsi və şəffaflığıdır, çünki büdcənin şəffaflığı özünü təkcə gəlirlərin və xərclərin aşkar ifadə edilməsində deyil, həm də müzakirələrin demokratik şəkildə aparılmasında təzahür etdirir. Prinsipcə, Milli Məclisdə alternativ fikrə malik olan şəxslər var. Amma onlar parlamentdə azlıq təşkil edir və qərarların qəbul edilməsinə təsir göstərə bilmirlər, çünki 125 nəfər üzvü olan Milli Məclisdə təxminən 10-a yaxın müxalifət deputatı var. Belə bir halda büdcə layihəsinin ciddi təftişdən keçdiyini iddia etmək çətindir. Bu mənzərə təkcə büdcə üçün xarakterik deyil, parlamentin hökumətin fəaliyyətinə nəzarəti demək olar ki, yox dərəcəsindədir, elə bu səbəbdən hökumətin parlamentlə təmasları formal xarakter daşıyır.


Hazırda büdcənin soyuqqanlı müzakirəsi yox, onun daha çox vəsf edilməsi, təriflənməsi müşahidə olunur. İcmal büdcənin əvvəlki illərlə müqayisədə təxminən on dəfə artması bildirilir. Belə bir fenomenin dünyada analoqunun olmaması qeyd edilir. Amma müqayisə üçün uzağa getmək lazım deyil. Mixail Saakaşvilinin hakimiyyəti dövründə büdcə altı dəfə artıb. Nəzərə alsaq ki, Gürcüstanda Azərbaycanda olduğu kimi neft gəlirləri yoxdur, onda bu faktın iqtisadi məzmunu özünü daha qabarıq biruzə verər.


2008-ci il üçün nəzərdə tutulan büdcə də sosial yönümlü adlandırılır. Amma burada bir detal var. Büdcə artdıqca qiymətlər də artır. Əksər hallarda qiymət artımı maaşların və təqaüdlərin artımını müqayisə olunmaz dərəcədə üstələyir. Çox maraqlıdır ki, müstəqil iqtisadçılar neft gəlirlərinin artması ilə qiymətlərin də artacağını çoxdan proqnozlaşdırmışdılar. Onlar bunu ölkə iqtisadiyyatının xüsusiyyətləri ilə izah edirdilər. Parlamentdəki müzakirələrdən məlum olur ki, bu problem hökumət üzvlərini və deputatları da düşündürür.


Səbəblə bağlı fikir ayrılığı yoxdur, qiymətlərin artımını hamı ölkədəki inhisarçılıqla bağlayır. Amma məsələ müzakirələrlə məhdudlaşır, hələki konkret proqram və ya konsepsiya yoxdur. Burada bir vaxt korrupsiya ilə bağlı aparılan müzakirələr yada düşür. Bu müzakirələr korrupsiyanı azaltmadı. Ola bilsin, inhisarçılıq problemini də eyni aqibət gözləyir. Bəlkə də son nəticədə hamı buna alışacaq. Bəs hakimiyyət niyə görə korrupsiya və inhisarçılıqla effektiv mübarizə apara bilmir? Belə bir mübarizəni aparmaq üçün bir neçə amil vacibdir, ən başlıcası isə ardıcıl siyasi və iqtisadi islahatlar aparılmalıdır. Dərindən fikirləşəndə korrupsiya kimi inhisarçılıq da ölkədəki siyasi-iqtisadi sistemin mahiyyətindən doğur. Azərbaycanda siyasətlə iqtisadiyyat biri-birindən ayrılmayıb, ayrı- ayrılıqda müstəqil siyasi və iqtisadi elita yoxdur. Təsadüfi deyil ki, Azərbaycandakı kapitalizmi mütəxəssislər «məmur kapitalizmi» adlandırırlar.


İnhisarçılıqdan söhbət düşəndə hakimiyyətə yaxın iqtisadçılar iki arqument gətirirlər. Birincisi budur ki, bütün iş adamları inhisarçılığa can atır. İkinci arqument isə budur ki, ölkədə böyük kapital yaranır və bu fenomen istər-istəməz inhisarçılığa gətirib çıxarır. Bununla bağlı nə demək olar?


Hər bir iş adamı inhisarçı olmağa can ata bilər, amma dövlət buna imkan verməməlidir, çünki bunu liberal bazar iqtisadiyyatının maraqları tələb edir. Böyük kapitala gəldikdə isə dövlət ilk növbədə kiçik və orta biznesin maraqlarını müdafiə etməlidir. Ancaq böyük kapitalın maraqlarını gözləmək və onun inhisarının qarşısını almamaq son nəticədə oliqarxiyaya yol açır.


İqtisadi problemlər ildə bir dəfə, büdcə layihəsi müzakirə olunarkən yada düşməməlidir. Azərbaycanda iqtisadi problemlər çoxdur. Korrupsiya, inhisarçılıq, iqtisadiyyatın müxtəlif sektorlarının və regionların qeyri-bərabər inkişafı, kəskin sosial qütbləşmə - bunların hamısı ciddi problemlərdir. Bu problemləri ildə bir dəfə yada salmaqla və ötəri müzakirə etməklə həll etmək mümkün deyil.


XS
SM
MD
LG