Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:24

«Benzin də bahalaşacaq»


«Gələn ilin əvvəllərində Azərbaycanda yanacağın bahalaşacağını istisna edilmir»
«Gələn ilin əvvəllərində Azərbaycanda yanacağın bahalaşacağını istisna edilmir»

Türkmənistan, Azərbaycan və Qırğızıstan istisna olmaqla MDB məkanında, ələlxüsus da Rusiyada kəskin benzin çatışmazlığı başlayıb. Artıq ay yarımdır ki, yanacağın qiyməti sürətlə artır. Yanacaqdoldurma stansiyalarında benzinin satış qiymətləri 20% bahalaşması gözlənilir. Bu barədə «Ekspress» yazır.


Azərbaycan Müstəqil İqtisadi Araşdırmalar Assosiasiyası isə hesab edir ki, dünya bazarlarında xam neftin bahalaşması, tələbatın təklifi üstələməsi və ən başlıcası, bütün postsovet məkanındakı iqtisadi proseslərə şəksiz təsir edən Rusiyada benzinin qiymətlərinin qalxması Azərbaycandan yan keçməyəcək.


«Son 4 ay ərzində gündəlik tələbat və ərzaq məhsullarının qiymətlərinin artan templərlə bahalaşması, yerli istehsalın həcmində müsbət dəyişikliklərin çox cüzi olması, dövriyyədəki pul kütləsinin böyüməsi, maaşlarının artırılma vədi inflyasiya proseslərini sürətləndirən amillərdir. Azərbaycanın idxalında Rusiyanın xüsusi yer tutduğunu nəzərə alsaq, orada yanacaq-sürgü materialları, xüsusilə də benzinin bahalaşması bumeranq kimi Azərbaycan iqtisadiyyatına dəyəcək. Gələn ilin əvvəllərində Azərbaycanda da yanacağın bahalaşacağını istisna etmirəm», - assosiasiyanın eksperti Vüqar Qurbanov «Ekspress»ə bildirib.


«Yeni Müsavat» sa yazır ki, daşınmaz əmlak bazarında da mənzillər bahalaşmaqdadır. «Ekspertlərin fikrincə, təkcə ötən ay Bakıda mənzillərin qiyməti 5,1 faiz artıb. Paytaxtın mərkəzi rayonlarında isə bu rəqəm təxminən 7,8 faiz təşkil edib».


«Binəqədi rayonu, 8-ci mikrorayon ərazisindəki alqı-satqı məntəqəsində işləyən Turab Həsənov deyir ki, noyabrın birinci ongünlüyündə mənzillərin qiymətində stabillik yaransa da, artıq artım müşahidə edilməkdədir: «Hazırda 7-ci mikrorayonda «Leninqrad» və «Kiyev» layihəsi əsasında inşa edilmiş birotaqlı mənzilin qiyməti 45, ikiotaqlı mənzilin qiyməti isə 72-75 min dollardır. 8-ci mikrorayonda bu rəqəm bir qədər fərqlidir. Belə ki, burada birotaqlının qiyməti 50-55, ikiotaqlı mənzilin qiyməti isə 52 min dollardır. Halbuki ötən ay ortatəmirli ikiotaqlı mənzil 85 min dollara satılıb. Bahalaşma eyni zamanda digər sahələrdə müşahidə edilib. Məsələn, son iki ayda adıçəkilən ərazilərdə mənzillərin kirayə haqqı təxminən 100 dollar artıb».


«Yeni Müsavat» mütəxəssislərin sözlərinə istinad edərək bildirir ki, daşınmaz əmlakın bahalaşması Bakıətrafı qəsəbələrdə də özünü göstərib. Təkcə ötən ay Zabrat, Zığ, Maştağa, Hövsan qəsəbələrində evlərin qiyməti təxminən 1495 manat bahalaşıb.


«Bizim Yol» noyabrın 15-i sayında paytaxtın enerji və qaza olan tələbatı barədə araşdırma təqdim edib. Qəzet bu qənaətə gəlib ki, «Bakı qışa hazır deyil».


«Paytaxtın qışa necə hazır olmasını öyrənmək üçün şəhərə kiçicik gəzintiyə çıxdıq. Aydın təsəvvür yaransın deyə bildirək ki, şəhər gəzintimiz Əhmədli qəsəbəsindən başlamış, mikrorayonlara qədər olan ərazini əhatə edir. Eyni zamanda, yazının məhz bu gün üçün hazırlanacağını nəzərə alaraq Bakının bir sıra kəndlərinə də baş çəkdik və ya dostlarımızla əlaqə saxladıq. Topladığımız məlumatlar nazirlərin pafoslu çıxışlarından tam fərqli idi. Qısaca vəziyyəti acınacaqlı adlandırmaq olar».


«Seçim qarşısında qalsam, rektorluğu seçərəm»-bunu jurnalistlərlə söhbətində Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyir.


«Üç nöqtə» yazır ki, ali məktəb rəhbərlərinin bir neçə dövlət vəzifəsi tutması sualına rektor belə cavab verib: «Əlbəttə mən bir təhsil işçisi olduğuma görə bu sahəni üstün tutardım. Mən 30 ildir təhsil sahəsində fəaliyyət göstərirəm. Müxtəlif rəhbər vəzifələrdə olmuşam. Özü də professor, akademikəm. Buna görə də mən seçim qarşısında qalsam təhsili seçərəm».


Rektor Azərbaycan universitetlərinin verdikləri diplomların xarici ölkələrdə tanınması məsələsinə də problemlər olduğunu bildirib. O, bu yaxınlarda BDU-da qonaq olan Türkiyə prezidenti Abdullah Güldən universitetin diplomlarının Türkiyədə tanınmasına köməklik göstərməyi xahiş etdiyini söyləyib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG