Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:51

«Görünür, bunun bir cavabı olmalıydı…»


«Qənimət Zahidə hücumlar hələ 2005-ci il parlament seçkiləri ərəfəsində başlamışdı»
«Qənimət Zahidə hücumlar hələ 2005-ci il parlament seçkiləri ərəfəsində başlamışdı»

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin həbsdən azad edilməsi ilə bağlı həm beynəlxalq, həm də yerli təşəbbüslər artır. Noyabrın 13-də Daxili İşlər naziri Ramil Usubovla görüşən «Gün səhər» qəzetinin baş redaktoru Arif Əliyev ümid edir ki, yaxın günlərdə bütün bu təşəbbüslər bəhrə verə bilər: «Nazir dedi ki, yaxın günlərdə bizim Qənimət Zahidin azadlıqda qalması şərti ilə istintaqının davam etdirilməsi müraciətimizə baxılacaq. Məndə belə bir inam var ki, bu realdır».


Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov isə jurnalistlərə verdiyi açıqlamada baş redaktorun yaxın vaxtlarda azadlığa buraxıla biləcəyindən heç nə deməyib. Jurnalistlərin həbsindən dövlət başçısının da narahat olduğunu bildirən Həsənov deyir ki, onlar Qənimət Zahidlə bağlı istintaqın işinə qarışmaq niyyətində deyillər.


Qənimət Zahid xuliqanlıq və xəsarət yetirmə ilə bağlı şikayət əsasında həbs edilib. Ancaq müstəqil və müxalif yönlü jurnalist dairələrində hesab edirlər ki, onun həbsinin daha ciddi səbəbləri var. «Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu deyir ki, baş redaktorun azadlığa buraxılması istiqamətində müzakirələr aparılsa da, onun həbsinin əsl səbəbləri haqqında o qədər də geniş danışılmır: «Qənimət Zahid başqa jurnalistlərə nisbətən hakimiyyəti daim hədəf olaraq seçmişdi. Eyni zamanda o, daha çox prezidenti tənqid edirdi. Görünür, bunun bir cavabı olmalıydı…»


Rəşidoğlu hesab edir ki, Qənimət Zahidə hücumlar hələ 2005-ci il parlament seçkiləri ərəfəsində başlamışdı. Onun fikrincə, həmin vaxt «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli Qənimət Zahidə qarşı hücumları ikinci plana keçirmişdi. Azər Rəşidoğlu düşünür ki, istər Qənimət Zahidin qardaşı Mirzə Sakitin həbsi, istər onun 87 yaşlı atasını həbs etməyə cəhdlər, istərsə də «Azadlıq» qəzetinin binasının əlindən alınaraq bank hesabının dondurulması bu hücumların planlı və məqsədli şəkildə aparılmasından xəbər verir. Onun fikrincə, baş redaktorun azadlığa buraxılması istiqamətində yerli və beynəlxalq təşkilatların səyləri bir nəticə verməyə də bilər. Azər Rəşidoğlu deyir ki, hazırda hakimiyyət Azərbaycanın regional əhəmiyyətindən çox ciddi şəkildə sui-istifadə edib demokratiya və söz azadlığını tamamilə boğmağa çalışır. Bu isə ölkənin yaxın gələcəyinə sözügedən kontekstdə müsbət yeniliklər vəd etmir…


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG