Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:31

Dövlət qurumlarından məlumat almaq niyə çətindir?


«Hər bir dövlət qurumu cəmiyyətə açıq informasiya xidməti göstərməlidir»
«Hər bir dövlət qurumu cəmiyyətə açıq informasiya xidməti göstərməlidir»

«9 ildir mətbuatdayam, ancaq bu günə qədər bilmirəm ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri kimdir. Həmin adamın səsini bir dəfə də eşitməmişəm. Ora bizim üçün sirli bir obyekt kimi qalıb. Dəfələrlə yazılı, şifahi müraciət etmişik, ancaq heç bir cavab almamışıq. Bir jurnalist kimi bu 9 ildə mən Nazirlər Kabinetindən bir cümlə belə ala bilməmişəm».


«Yeni Müsavat» qəzetinin müxbiri Sevinc Telmanqızı neçə illərdir fəal jurnalistikayla məşğul olur. Ancaq o da bir çox həmkarları kimi dövlət strukturlarından, xüsuslə Nazirlər Kabinetindən məlumat almaqda çətinlik çəkir.


Dövlət qurumlarından məlumat almada çətinlik çəkmək KİV nümayəndələrinin çoxdankı qayğısıdır. Elə ATƏT də jurnalistləri bu qayğıdan qurtarmaq üçün Bakıda iki günlük konfransa başlayıb. Təşkilatın Bakı Ofisinin rəhbəri Xose Luis Herroro deyir ki, mətbuatın vəziyyəti onun təmsil olunduğu təşkilatı çox maraqlandırır. Ona görə də ATƏT bu dialoqu vacib sayır: «Azərbaycan mətbuatı keçid dövrünü yaşayır. Ancaq irəliləyişlərin əldə olunması üçün hərəkət lazımdır».


Herrero onu da deyir ki, ATƏT-in təşəbbüsü ilə Azərbaycanda BBC ekspertlərinin iştirakıyla hökumət və media arasında əlaqələrin vəziyyətiylə bağlı hesabat hazırlanır.


Prezidentin İcra Aparatının şöbə müdiri Əli Həsənovsa bildirir ki, son vaxtlar dövlət strukturlarından xəbər almaq asanlaşıb. Ancaq problemlər də var. Onun sözlərinə görə, azad mətbuatın gücləndirilməsi və jurnalistlərin peşəkarlığının artırılması hökumətin marağındadır: «Hakimiyyətin marağındadır ki, bir tərəfdən onun fəaliyyəti işıqlandırılsın, digər tərəfdənsə cəmiyyətin onun fəaliyyəti haqqında nə düşündüyünü bilsin. Biz mətbuatın siyasi və başqa qüvvələrin təsiri altında deformasiya olunmasını istəmirik».


Əli Həsənov onu da deyir ki, mətbuatın iqtisadi asılılığının qarşısını almaq üçün hökumət gələn il bu sahədə işlər görməyi planlaşdırır.


ATƏT-in Bakı Ofisinin əməkdaşı Elşad Fərzəliyevsə bildirir ki, BBC ekspertlərinin tövsiyəsi ilə «Vahid informasiya və kommunikasiya strategiyası» layihəsi hazırlanacaq. Səkkiz ay müddətində sənəd hazırlanıb hökumət qurumlarına və media rəhbərlərinin müzakirəsinə veriləcək. Sonrasa tərəflər memorandum imzalayacaqlar və sənədin tətbiqinin monitorinqi aparılacaq.


Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı deyir ki, mətbuat xidmətləri dövlət orqanları ilə medianın əlaqələri baxımından müəyyən işlər görsə də, dövlət orqanında informasiya açıqlığını təmin edən tamam başqa qurumlar olmalıdır: «Mətbuat xidmətləri bunu edə bilməzlər. Hər bir dövlət qurumu cəmiyyətə açıq informasiya xidməti göstərməlidir. Bunun üçün xüsusi struktur yaradılmalı, büdcə ayrılmalıdır».


Elə mətbuat xidmətləri rəhbərləri də oldu ki, onlar öz rəhbərlərindən, nazirlərindən asılı olduqlarını dedilər. Bildirdilər ki, əslində, xəbəri mətbuata verib-verməmək çox vaxt onlardan yox, rəhbərlikdən asılı olur. Əli Həsənov isə bildirdi ki, rəsmi qurumların mətbuat xidmətləri rəhbərlərinin əsasnaməsi hazırdır. Bu yaxınlarda prezident bu əsasnaməni təsdiq edəcək, bununla da xəbər ötürmədə həmin qurumların rəhbərləri özləri maraqlı olacaqlar.


Jurnalistlərsə ümid edirlər ki, bəlkə bundan sonra dövlət qurumlarından xəbər almaq nisbətən asan olacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG