Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:32

«Zahidovlarda daha kim yazı-pozuyla məşğul olur?!»


Beynəlxalq hüquq müdafiə təşkilatları Qənimət Zahidin həbsini pisləyən bəyanatlar veriblər

Beynəlxalq hüquq müdafiə təşkilatları Qənimət Zahidin həbsini pisləyən bəyanatlar veriblər

«Daha bir jurnalist həbs olundu. Hərləyib-fırlayıb «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidi də həbs etdilər. Özü də nə üstə olsa, yaxşıdır. Guya baş redaktor «Azərbaycan» nəşriyyatının qarşısında kimisə təhqir edib. Halbuki hadisə baş verən gün Qənimət özü mətbuata açıqlamasında kimlərinsə təzyiqinə məruz qaldığını bildirmişdi».


«Ekspress» qəzetinin əməkdaşı Qalib İbrahimoğlu qəzetin 13 noyabr sayındakı köşəsində belə yazır.


«Daha bir jurnalist Bayıl türməsinə göndərildi. Artıq beynəlxalq təşkilatların, səfirliklərin «söz azadlığı boğulur» bəyanatlarına da fikir verən yoxdur. Əgər əvvəllər hansısa jurnalistin məhkəməsi olanda səfirliklərin nümayəndələri zala sərbəst keçə bilirdilərsə, indi onları elə məhkəmə qarşısındaca qarşılayıb, «ədəb-ərkanla» da yola salırlar. Məsələn, Qənimətin məhkəməsi keçirilən zaman ABŞ səfirliyinin əməkdaşı Conatan Henik nə qədər çalışsa da, məhkəmə zalına keçə bilməyib. Jurnalistlərin «dostu» Çingiz Məmmədov ona elə onun öz dilində «go away» deyərək, yola salıb. Burda cənab Henikin məhkəmə zalına buraxılmaması nə qədər təəssüfedicidirsə, Çingiz müəllimin ingilis dilində danışması bir o qədər sevindiricidir.


Nəsə, Qənimət Zahidi qardaşı Mirzə Sakitin ardınca həbs etdilər. Görəsən, Zahidovlar ailəsində yazı-pozuyla məşğul olan özgə birisi varmı?!...»


«Yeni Müsavat» yazır ki, Nardaran kəndinin sakinləri davamlı aksiyalar qərar veriblər. «Nardaran qəsəbəsinə elektrik enerjisinin verilməsi dünən yenidən dayandırılıb. Havalar soyuq keçsə də müvafiq qurumlar gün ərzində qəsəbəyə qaz və işıq verməkdən imtina edib. Bundan cana doymuş kənd camaatı bu gündən davamlı aksiyalara qərar verib. Bu barədə «Yeni Müsavat»a qəsəbə sakini Yaşar Cəbrayılov məlumat verib. Onun sözlərinə görə, kənd camaatının müvafiq qurumlara işıqla bağlı verdiyi vaxt başa çatır».


Qəsəbəyə işığın verilməyəcəyi təqdirdə sakinlərin etiraz aksiyasına başlayacağını söyləyən Y.Cəbrayılov mitinqin uzunmüddətli olacağını da istisna etməyib: «Gücümüz bundan başqa heç nəyə çatmır. İmkan vermərik ki, qocalarımız və uşaqlarımız soyuqdan donsun».


«Müşahidəçilərin fikrincə, prezident yanında yaradılmış Strateji Araşdırmalar Mərkəzi 2008-ci il seçkiləri öncəsi cəmiyyətdə hakim komandanın nüfuzunun qaldırılmasına çalışacaq»- bunu «Ayna» yazır.


«Strateji Araşdırmalar Mərkəzinin işçilərinin say həddi 30 ştat həddində müəyyənləşdirilir. Ədliyyə Nazirliyinə 15 gün müddətində mərkəzi dövlət qeydiyyatına almaq, Nazirlər Kabinetinə isə bir ay müddətində mərkəzi bina və zəruri avadanlıqla təmin etmək və yeni qurumun maliyyələşdirmə məsələlərini həll etmək tapşırılır».


Qəzet yazır ki, yeni yaradılmış Mərkəzin fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması və onun fəaliyyətinin effektli edilməsi üçün xaricdən mütəxəssislərin dəvət olunması mümkündür. Bu mütəxəssislərin isə ayrı-ayrı vaxtlarda ayrı-ayrı şəxslərin hakimiyyət uğrunda qələbəsini təmin edəcək «piar»çılardan ibarət olacağı da istisna edilmir...


Milli Televiziya və Radio Şurasının (MTRŞ) Azərbaycan telekanallarında filmlərin əcnəbi dillərdə yayımına qoyduğu qadağa türk dilinə də şamil oluna bilər. Bu barədə «Üç nöqtə» yazır. «Şuranın sədri Nuşirəvan Məhərrəmli bildirib: «Telekanallar türk dilinin əcnəbi dillər siyahısına salınmamasından sui-istifadə edərək bu dildə filmlərin yayımını çoxaldıb».


Bu il martın 14-də MTRŞ-nin iclasında Azərbaycanda fəaliyyət göstərən telekanallarda 2008-ci ilin yanvarın 1-dən əcnəbi dillərdə filmlərin (bədii, sənədli) nümayişinin tamamilə qadağan olunmasına dair qərar çıxarılıb. Qərarda türk dili başadüşülən olduğundan əcnəbi dillər siyahısına salınmayıb. Teleradio Şurası qərarında qeyd edib ki, gələn ildən telekanallar bütün filmləri Azərbaycan dilinə dublyaj etməlidir. Qərara tabe olmayan telekanalların fəaliyyətinə xitam veriləcək. Məhərrəmli deyib ki, Telekanallar sui-istifadə hallarını artırmaqla Şuranı əlavə tədbirlər görməyə məcbur edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG