Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:45

Qənimət Zahid iki aylıq həbs edildi


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidi polis bir gün əvvəl, noyabrın 10-da saxlamışdı. Polis onu şikayət əsasında saxladığını bildirib, baş redaktora qarşı sağlamlığa az ağır zərərvurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürmüşdü.



Noyabrın 11-i axşam saat 22-də isə Yasamal rayon Məhkəməsi Qənimət Zahidin iki aylığa həbs olunması barədə qərar çıxarıb. İndi istintaq aparılacaq və baş redaktora qarşı ittihamlar sübut edilərsə, o, altı ilə qədər azadlıqdan məhrum edilə bilər.


Bir neçə gün əvvəl Qənimət Zahid iş yerinə - «Azərbaycan» Nəşriyyatının binasına daxil olarkən, bir qadının təxribatına məruz qaldığını demişdi. Baş redaktor bildirirdi ki, binanın girişində bir qadın onu təhqir etdiyini deyərək, dava salmağa çalışıb. Kənarda dayanmış gənc oğlan isə baş redaktora hücum edərək, qadına sataşdığını deyib.



Polis bu hadisəyə görə həmin cavan oğlanın şikayət etdiyini, baş redaktorun da bu şikayət əsasında saxlandığını bildirir.


Qənimət Zahid də şikayət edərək, əksinə Vüsal Həsənov adlı bu cavan oğlanın ona hücum etdiyini bildirib və eyni məzmunda şikayət verib. Məhkəmə isə Vusal Həsənovun da iki aylığa həbs olunması barədə qərar verib.



ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Conatan Henik Yasamal rayon Məhkəməsinin baş redaktor haqqında qərarını şərh edərkən bunu Azərbaycanda mətbuata qarşı təzyiqlərin daha bir nümunəsi adlandırıb.



Bu hadisəyə qədər Azərbaycanda 8 jurnalist şərəf və ləyaqətin təhqir edilməsi, dini ədavəti qızışdırma və başqa ittihamlarla azadlıqdan məhrum edilib, hazırda onlar cəzaçəkmə müəssisələrində saxlanırlar.



Müxalifət mövqeli «Azadlıq» qəzetinin baş redaktorundan savayı bu qəzetin əməkdaşı Sakit Zahidov (Qənimət Zahidin qardaşı) da hazırda həbsxanadadır. O, ötən ilin iyununda narkotik maddələrdən istifadə etmək ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilib.



***


AXCP, «Milli Birlik» Hərəkatı və Ədalət və İnkişaf Partiyasının birləşdiyi «Azadlıq» bloku Qənimət Zahidin həbsini siyasi sifariş və azad sözə təzyiq hesab edir. Blokun noyabrın 11-də keçirdiyi brifinqdə «Milli Birlik» Hərəkatının sədri, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva bildirib ki, son zamanlar ölkədə mətbuat azadlığına qarşı səlib yürüşü başlanıb: «Biz düşünürük ki, Azərbaycan demokratiya yolundan diktatura yoluna keçib və bu yolda iri addımlarla irəliləyir. Bu isə Azərbaycanın gələcəyi üçün təhlükədir».



AXCP sədri Əli Kərimli isə deyir ki, hökumət tənqidçi jurnalistlərə qarış eyni taktikadan istifadə edir: «Hökumət Qənimət Zahidi tutmaqla bütövlükdə «Azadlıq» qəzetinin fəaliyyətini iflic etmək istəyir».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG