Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:13

Saakaşvili erkən prezident seçkisi elan etdi


Prezident Mixail Saakaşvili Gürcüstanda fövqəladə vəziyyət elan edib
Prezident Mixail Saakaşvili Gürcüstanda fövqəladə vəziyyət elan edib

Gələn il yanvarın 5-də Gürcüstanda erkən prezident seçkisi keçiriləcək. Gürcüstan prezidenti Mixail Saakaşvili noyabrın 8-də belə deyib.


Etiraz aksiyası keçirən müxalifət 2008-ci ilin mart ayında prezident seçkisinin keçirilməsini istəyirdi. Gürcüstanda isə həm parlament, həm də prezident seçkiləri eyni vaxta - 2008-ci ilin payızına nəzərdə tutulmuşdu.


Prezident Saakaşvili öz qərarını elan edərkən, müxalifət qüvvələrini nəzərdə tutaraq deyib:


«Erkən prezident seçkisini yanvarın 5-də keçirmək mənim təklifimdir. Siz erkən prezident seçkisi istəyirdiniz. İndi bu seçkilər sizin istədiyinizdən də tez olacaq».


***


Prezident Mixail Saakaşvili Gürcüstanda fövqəladə vəziyyət elan edib. 15 gün ərzində müstəqil televiziyaların xəbər proqramlarının yayımı dayandırılıb.


Gürcüstan hospitallarına 500-ə qədər yaralı gətirilib. Onlardan yüzə qədəri gecə də xəstəxanada qalıb. 20 polis yaralanıb.


Baş nazir Zorab Noqaideli isə deyir ki, hakimiyyət dövlət çevrilişinin qarşısını alıb.


Müxalifət isə bəyan edir ki, Saakaşvilinin hərəkəti bir daha sübut etdi ki, o, «avtoritar və korrupsioner» prezidentdir.


***


8 noyabr Avropa Birliyi Cənubi Qafqaza elçi göndərir. Birliyin Cənubi Qafqaz üzrə nümayəndəsi Piter Semnebi Tiflisdə baş verənləri araşdırmaq üçün Gürcüstana gəlir. Amerika bildirib ki, Gürcüstan hadisələrindən narahatdır.


Gürcüstanın patriarxı II Ilya hakimiyyətin zor işlətməsini pisləyib.


***




7 noyabr Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanı təxribatçılıqda ittiham edib.

Saakaşvili Tbilisidəki Rusiya səfirliyinin bəzi əməkdaşlarının Gürcüstandan çıxarılacaqlarını bildirib. Gürcüstan səfiri də Moskvadan geri çağırılıb.


Xalqa müraciətində prezident müxalifəti dialoqa çağırıb.


Müxalifət liderlərindən biri, sabiq Xarici İşlər naziri Salome Zurabişvili cavabında deyib ki, Tbilisidəki nümayişlərin dağıdılması hakimiyyətlə dialoqu mümkünsüz edib. Yüzlərlə adamın xəsarət aldığı bildirilir.


Noyabrın 7-si axşam Gürcüstanın xüsusi təyinatlıları müstəqil «İmedi» teleşirkətinin yayımını dayandırıblar. Diktor efirdə yalnız xüsusi təyinatlıların binaya zorla girdiyini deyə bilib.



***

Tbilisidə xüsusi təyinatlılarla küçələrə çıxmış müxalifət tərəfdarları arasında toqquşmalar davam edir. Polis rezin güllələrdən, su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edir. Xüsusi təyinatlıları daşa basırlar. Hər iki tərəfdən xəsarət alanlar var.

Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına əsasən, səhər tezdən - polis müxalifətin mitinqini dağıtmağa başlayandan bəri 360 adam tibbi yardım üçün müraciət edib.

***



Gürcüstanın Rusiyadakı səfiri İrakli Çubinişvili təcili məsləhətləşmələr üçün Tbilisiyə geri çağırılıb.

Rusiyanın Tbilisidəki səfiri Vyaçeslav Kovalenko isə Gürcüstanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Gürcüstan xüsusi xidmət orqanları Rusiya səfirliyi əməkdaşlarının müxalifətin nümayəndələri ilə əlaqələrinə dəlalət edən materiallar açıqlayıblar. Ehtimal edilir ki, Rusiya səfirinın XİN-ə çağırılması da məhz bununla bağlıdır.


***


Noyabrın 7-də Tbilisidə müxalifətin keçirdiyi mitinqin dağıdılması zamanı bir neçə adam xəsarət alıb. Polis gözyaşardıcı qazdan, su və dəyənəklərdən istifadə edib. Bir neçə adam xəstəxanaya yerləşdirilib.


«Azadlıq» radiosunun gürcü xidmətinin məlumatına görə, jurnalistləri ərazidə işləməyə qoymayıblar. Media işçilərinin əlindən kameraları, videokassetləri alınıb.



Müxalifət liderlərindən Georgi Xaindrava, Koba Davitaşvili, Paata Davitiya saxlanılıb. Daha sonra Tbilisi məhkəməsinin qərarı ilə Georgi Xaindrava azad edilib.

Hakimiyyət müxalifətçilərə təzyiq edilmədiyini, sadəcə, şəhərdə sakitlik yaradıldığını bildirir.


Gürcüstan parlamentinin qarşısında aksiya noyabrın 2-dən başlamışdı.


Mitinqi təşkil edən müxalifət blokunun əsas tələbi 2008-ci ilin payızına nəzərdə tutulmuş parlament seçkisinin vaxtını aprel ayına dəyişmək idi.


Hakimiyyət bu təklifi qəti şəkildə rədd edir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG