Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:17

«Dini kitablar satışdan yığışdırılır…»


«Mətbuat yayımı şirkətlərinə dini ədəbiyyat satmamaqla bağlı xəbərdarlıq edilib»
«Mətbuat yayımı şirkətlərinə dini ədəbiyyat satmamaqla bağlı xəbərdarlıq edilib»

«Bakıda bütün dini kitabların, hətta Qurani-Kərimin də satışdan yığışdırılması ilə bağlı ən yüksək səviyyədə tapşırıq verilib». Bu barədə «Ayna»ya daxil olan məlumata əsasən, hökumət problemi mümkün qədər səs-küy olmadan həll etmək istəyir.


Mənbənin sözlərinə görə, artıq mətbuat yayımı şirkətlərinə məsələ ilə bağlı xəbərdarlıq edilib. Qəzet-jurnalla bərabər həm də dini kitabların yayımı ilə məşğul olan şirkətlər artıq tədbirlərə başlayıb və hələlik satışda Qurani-Kərim saxlanılsa da, digər dini ədəbiyyatların hamısı yığışdırılıb.


Qəzet yazır ki, kitabların yığışdırılması kampaniyası hüquq-mühafizə orqanlarının son günlər radikal dini təriqət nümayəndələrinə, xüsusilə də vəhhabilərə qarşı başladığı əməliyyatlarla bağlıdır. Bu səbəbdən də hüquq-mühafizə orqanları əsasən radikal dini təriqətlərə aid olan dini ədəbiyyatların satışdan çıxarılması istiqamətində işə başlayıblar. Amma bu kampaniya çərçivəsində digər dini ədəbiyyatlar da yığışdırılır. Həm də kitabları heç kim müsadirə etmir, sadəcə, kitabların satışdan yığışdırılmasına dair xəbərdarlıq edilir.


«Yeni Azərbaycan» yazır ki, 2008-ci ildə bütün sahələrdə əməkhaqları artırılacaq. Qəzet Milli Məclisin komissiyalarında aparılan müzakirələrə əsaslanaraq belə qənaətə gəlib.


«2008-ci ildə büdcədə sosialyönümlü xərclərin çəkisi 32,8 faiz olmaqla 2 milyard 800 milyon manat nəzərdə tutulur».


«Gürcüstan azərbaycanlıları bu dəfə nə hakimiyyətə, nə də müxalifətə dəstək verir». Son vaxtlar Gürcüstanda baş verən hadisələrdən bəh edən «Ekspress» belə yazır.


Gürcüstanda fəaliyyət göstərən azərbaycanlıların «Qeyrət» xalq hərəkatının lideri Əlibala Əsgərov bildirib ki, azərbaycanlıların demək olar ki, heç bir cəmiyyəti etiraz aksiyalarında iştirak etmir: «Çünki Gürcüstan müstəqilliyini əldə edəndən bəri, indiyədək heç bir siyasi lider, partiya milli azlıqlarla bağlı əsaslı proqram ortaya qoymayıb. Neçə gündən bəri etiraz aksiyaları keçirən müxalifətçilər də indiki hakimiyyətin içərisindən çıxmış adamlardır, yəni milli azlıqlara münasibətdə onların mövqeyi hakimiyyətdən heç nə ilə fərqlənmir. Son hakimiyyət dəyişikliyi zamanı Eduard Şevardnadzeyə dəstək verdiyimizə görə bizi günahlandırırdılar. Bu dəfə isə nə iqtidarın, nə də müxalifətin yanındayıq» - deyə Əsgərov bildirib.


«Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Hazırda ölkəmizdə 400-dən artıq türk şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda əcnəbi investorlar arasında həm sayına, həm də yatırdığı investisiyanın həcminə görə, Türkiyə birinci yerdədir. Azərbaycan iş adamları da türk iş adamları ilə birgə əməkdaşlıq etməyə maraq göstərirlər». Bunu «Üç nöqtə»yə müsahibəsində Azərbaycan Sahibkarları Konfederasiyasının prezidenti Ələkbər Məmmədov deyib.


Cənab Məmmədov həmçinin bildirir ki, türk iş adamlarının Azərbaycanda qeyri-neft sektoruna sərmayə yatırmasının tərəfdarıdır. «Birinci növbədə kənd təsərrüfatı məhsullarının emalı diqqət mərkəzindədir. Burada emal olunacaq məhsulların qablaşdırılması və saxlanması təcrübəsinin öyrənilməsi çox önəmlidir. İkinci diqqət cəlb edən sahə tikinti materiallarının emalı sahəsidir. Türk iş adamlarının maraq göstərdiyi üçüncü sahə turizm sektorudur. Bundan başqa, bank sektoru da iş adamlarını maraqlandırır».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG