Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:13

Müxalifət seçki qanunvericiliyi ilə bağlı tədbirə qatılmadı


Tədbir noyabrın 8-də davam edəcək
Tədbir noyabrın 8-də davam edəcək

Noyabrın 7-də Bakıda seçkilər zamanı şikayət və müraciətlərə baxılma qaydaları ilə bağlı iki günlük tədbir öz işinə başladı. Tədbirin təşkilatçıları Mərkəzi Seçki Komissiyası (MSK), İFES - Seçki Sistemləri üzrə Beynəlxalq Fond və Avropa Şurası Venesiya Komissiyasıdır. Tədbirdə beynəlxalq qurumların, Prezident Aparatının, parlamentin, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı müxalifət partiyaları da dəvətliydi. Amma Müsavat, Xalq Cəbhəsi, Demokrat və Liberal partiyaları həmin tədbirə qatılmayacaqlarını əvvəlcədən bildirmişdilər. Tədbir təşkilatçıları isə buna münasibət bildirməkdən imtina etdilər.


Müxalifətsə tədbirə qatılmamasını təşkilatçılardan birinin İFES olması ilə bağlayır. Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı: «Biz bu təşkilata etimad göstərmirik. Bu qurum hakimiyyətin mövqeyinə uyğun siyasət yürüdür».


Cənab Hacılı bir başqa məqama da diqqət çəkir. Onun qənaətincə, bu tədbir gözdən pərdə asmaq, diqqəti daha prinsipial məsələ olan seçki komissiyalarını paritet əsasda formalaşdırmaq haqda müzakirələrdən yayındırmaq üçündür. A.Hacılı deyir ki, seçkilərlə bağlı şikayətlərin araşdırılması, prosedurun sadələşdirilməsi və operativliyin artırılması önəmli məsələdir. Ancaq bu gün daha önəmli məsələ, müxalifət düşərgəsi üçün seçkiləri keçirən komissiyaların yenidən formalaşdırılmasıdır. Özü də söhbət paritet əsasda formalaşacaq seçki komissiyalarından gedir: «Bu məsələlərin seçki komissiyalarından qabaq müzakirə edilməsi narahatlıq yaradır. Müstəqil məhkəmə olmayan ölkədə şikayətə bir günə və ya beş günə baxılması həlledici əhəmiyyət kəsb etmir. Ona görə bu məsələni də səmərəli saymırıq».


MSK katibi Natiq Məmmədov isə hesab edir ki, müxalifətin şikayətlərlə bağlı müzakirələrdə iştirakı səmərəli olardı. O ki qaldı, İFES-in etimadını itirməsi haqda fikirlərə, cənab Məmmədova görə, bunu demək üçün əldə əsas yoxdur. YAP-çı millət vəkili Siyavuş Novruzov isə müxalifətin tədbirə qatılmamasını onun potensialının olmaması ilə izah edir: «Söz demək üçün 5000-dən artıq məntəqədə müşahidə aparmaq lazımdır. Onların adamı yoxdur, ona görə də gəlmirlər».


Venesiya Komissiyasının eksperti Sergey Kuznetsov isə söylədi ki, bu tədbirin təşkilatçısı və iştirakçısı olan beynəlxalq qurumlar uzun zamandır bu sahədə birgə fəaliyyət göstərirlər. Buna görə də həmin tədbiri konkret qurumun yox, hamısının birgə səyi kimi qiymətləndirmək lazımdır.


Tədbirin məqsədi isə maraqlı tərəfləri müzakirələrə cəlb etmək, seçkilərin şəffaflığını təmin etmək üçün dəyişikliklər haqda düşünməkdir.


İndisə keçək mətləbə. Beynəlxalq qurumlar, Azərbaycandakı qeyri-hökumət təşkilatları və partiyalar seçki şikayətlərinin araşdırılmasında nəyi dəyişmək istəyirlər? Müsavat funksioneri Arif Hacılının sözlərinə görə, 2005-ci il parlament seçkilərində hüquqlarının pozulması ilə bağlı dairə seçki komissiyasına da, MSK-ya da, Apellyasiya Məhkəməsinə də müraciət edib. Yerli məhkəmələr onun şikayətini təmin etməsə də, Avropa İnsan Hüquqları Məhkəməsi müraciətini icraata götürüb. Onun sözlərinə görə, seçki gününə qədər bir yana, seçki günü edilən şikayətlər demək olar ki, nəticəsiz qalır. Tutalım seçkilərin saxtalaşdırılması ilə bağlı əvvəlcə dairə seçki komissiyasına, daha sonra MSK-ya və nəhayət, məhkəməyə müraciət etmək lazımdır və bunun üçün günlər tələb olunur. Buna görə də əksəriyyət həmin müddətin qısaldılmasının və şikayətin araşdırılmasının maksimum sürətləndirilməsini istəyir. Bəzi qeyri-hökumət təşkilatları isə düşünür ki, seçici siyahısında adı olmayan seçicinin məhkəməyə müraciətinə lüzum yoxdur. Müstəqil Hüquq Mərkəzinin nümayəndəsi Aydın Kərimov: «Seçici siyahılarının hazırlanması ilə bağlı məhkəməyə müraciətə ehtiyac yoxdur. Seçici şəxsiyyət vəsiqəsini verməli, adı siyahıya daxil olmalı və məsələ yerindəcə yoluna qoyulmalıdır».


Qeyd edək ki, sözügedən tədbir qapalı keçirildi. Yalnız tədbirin əvvəlində jurnalistlər iştirak edə bildilər. MSK sədri Məzahir Pənahov isə jurnalistlərə sadəcə bunu dedi: «Azərbaycandakı vəziyyətlə beynəlxalq standart arasında fərq varsa, onlara diqqət yetiriləcək. Əsas məqsəd odur ki, tədbirə toplaşmış müxtəlif qurumların fikirləri eşidilsin. Yekunda platforma formalaşdırılacaq».


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG