Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:24

Tehranda azərbaycanlı jurnalist həbs edilib


Seyyidinzadə hazırda Evin zindanının 209-cu bölümündə saxlanır

Seyyidinzadə hazırda Evin zindanının 209-cu bölümündə saxlanır

Jurnalist, Tehran bələdiyyəsinin əməkdaşı 28 yaşlı Mir Qasım Seyyidinzadə noyabrın 1-də həbs edilib. «Savalan Səsi» xəbər saytının verdiyi məlumata görə, İran Azərbaycanının Culfa şəhərindən olan Seyyidinzadə hazırda Evin zindanının 209-cu bölümündə saxlanır.


Həbs edildikdən sonra ETTELAAT əməkdaşları onun evində axtarış aparıb, kompyuter və əlyazmalarını müsadirə ediblər.


Cənab Seyyidinzadə Tehran Universitetinin siyasi elmlər üzrə məzunudur. O, jurnalist kimi fəaliyyət göstərib və vaxtilə tələbə hərəkatının fəallarından olub.


Mir Qasım Seyyidinzadə tələbə illərində universitetin Azərbaycan və fars dilli «Düzgün xəbər» jurnalını təsis edib. Fəal universiteti bitirdikdən sonra jurnalı universitet müəllimi Doktor Məhəmməd Əli Heydəriyə tapşırıb.


Doktor Heydəri isə oktyabrın 27-də Tehranda həbs edilib. Son məlumata görə, onun da Evin həbsxanasında saxlandığı ehtimal edilir.


Bu arada Kanadada fəaliyyət göstərən iranlı hüquq müdafiəçisi və «Azərbaycan Məhbuslarını Müdafiə Assosiasiyası»nın sədri Faxtə Zəmani bildirib ki, Ərdəbil həbsxanasında saxlanan tanınmış fəal Abbas Lisaniyə qarşı təzyiqlər artıb. Belə ki, onun saxlandığı kameraya vaxtaşırı cinayətkar və canilər salınır, Lisaniyə mənəvi işgəncələr verilir.


Fəalın xanımı Ruqiyyə Lisani noyabrın 4-də həyat yoldaşı ilə zindanda görüşdükdən sonra bildirib ki, məhbus fiziki təzyiqlər altında sorğu-suala tutulur.


Hüquq müdafiəçisi xanım Zəmani isə bu haqda deyib: «Həbsxana insan haqlarına riayət olunmasına mane ola bilməz. Bütün dustaqların səhhəti və hüququ burada da qorunmalıdır. Lakin təəssüf ki, insan hüquqlarının siyasi məhbuslara tətbiq olunmamasının dönə-dönə şahidi oluruq. Cənab Lisani 18 ay həbsdə qalsa da, ağır cinayətkarlardan başqa bütün məhbuslara şamil olunan izn indiyədək ona verilməyib. O, müvəqqəti də olsa evinə gedə, kiçik yaşlı uşaqları ilə görüşə bilməyib».


Faxtə Zəmani bildirir ki, həbsdə saxlanan fəalların ailə üzvləri də davamlı olaraq təhlükəsizlik orqanlarının repressiyalarına məruz qalırlar. Onlar da həbslə təhdid edilərək, məhbus haqda xəbərləri media və insan haqları təşkilatlarına çatdırmaqdan çəkindirilirlər.


XS
SM
MD
LG