Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 21:56

Türkiyə ilə Azərbaycan arasında 5 sənəd imzalanıb


Abdulla Gül İlham Əliyevlə Bakıda aparılan danışıqları çox səmərəli və mühüm adlandırıb

Abdulla Gül İlham Əliyevlə Bakıda aparılan danışıqları çox səmərəli və mühüm adlandırıb


«Noyabrın 7-də Bakıda Azərbaycan və Türkiyənin iri şirkətlərinin rəhbərlərinin iştirakı ilə biznes-forum keçiriləcək. Bu tədbir iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına ciddi təkan verəcək».



Bu sözləri prezident İlham Əliyev Türkiyə dövlət başçısı Abdulla Güllə keçirdiyi birgə brifinqdə deyib.


İ.Əliyev Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə dair tutduğu mövqedən razılığını bildirib. «Türkiyə həmişə bizim yanımızda olub və biz daim bu dəstəyi hiss etmişik», - deyə İ. Əliyev bildirib.


Azərbaycanın Kipr probleminə münasibətini ifadə edən İ.Əliyev bildirib ki, bu mövqe BMT-nin məlum qərarlarının yerinə yetirilməsi zərurətinə əsaslanır.


İ. Əliyev Türkiyənin kürd terrorçularına qarşı əməliyyatlarını dəstəkləyərək bəyan edib ki, Türkiyəyə qarşı terror, Azərbaycana qarşı terrordur.


Öz növbəsində, A. Gül rəsmi Bakının bu mövqeyindən məmnun qaldığını bildirib.


Sonda İlham Əliyev bütün dünyanın Azərbaycan və Türk diasporlarını erməni lobbisinə qarşı mübarizədə səylərini birləşdirməyə çağırıb. / Turan /



***


Türkiyə prezidenti Abdulla Gül İlham Əliyevlə Bakıda aparılan danışıqları «çox səmərəli və mühüm» adlandırıb.




İkitərəfli sənədlərin imzalanması mərasimindən sonra jurnalistlər qarşısında çıxış edən A. Gül deyib ki, danışıqlar ikitərəfli münasibətlərin bütün aspektlərini, Qarabağ münaqişəsini və digər regional problemləri əhatə edib.


Türkiyə hesab edir ki, Qarabağ münaqişəsi sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla tənzimlənməlidir. Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin dəstəklənməsi üçün bütün səylərini birləşdirməyə hazırdır.



İqtisadi aspektlərə toxunan A. Gül ikitərəfli əlaqələrin inkişafında və regional əməkdaşlıqda qlobal enerji və nəqliyyat layihələrinin böyük rolunu qeyd edib. O, bu təcrübənin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib və Türkmənistanı «TransXəzər» qaz kəməri layihəsində iştirak etməyə çağırıb.



A. Gül qeyd edib ki, yaxın gələcək üçün əsas vəzifələr Bakı-Tbilisi-Qars kimi böyük nəqliyyat layihələrinin reallaşması məsələləri olacaq.


Türkiyə biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı haqqında danışan A. Gül deyib ki, 2 mindən çox Türkiyə firmasının Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 2,5 milyard dollar təşkil edib. Energetika sahəsinə qoyulmuş investisiyalar nəzərə alınmaqla, Türkiyə investisiyalarının həcmi 5 milyard dollardır. Türkiyə şirkətləri Azərbaycanda 50 min iş yeri açıb və bu proses davam edir. / Turan /


***


Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana ilk rəsmi səfəri çərçivəsində iki ölkə arasında 5 sənəd imzalanıb.



1. « Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Türkiyə Respublikası Qadın və Ailə Məsələləri üzrə Dövlət Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum »


2. «Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında saziş»


3. «Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş»


4. «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında uzunmüddətli ticarət və iqtisadi əməkdaşlıq proqramı və İcra planı»


5. «Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdulla Gülün strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməsi» / Turan /


Günün bütün mövzuları

XS
SM
MD
LG