Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:06

Nehrəm kəndində sahibkarların etiraz aksiyası olub


Şəhər bazarındakı mağazaların əksəriyyəti nehrəmlilərə məxsusdur
Şəhər bazarındakı mağazaların əksəriyyəti nehrəmlilərə məxsusdur

«Mağazalarımızı söksələr, özümüzü yandıracağıq. Yeganə dolanışıq yerimizi kəsirlər. Ölmək bundan yaxşıdır…»-noyabrın 5-də Naxçıvanın Nehrəm kəndində sahibkarlar keçirdikləri etiraz aksiyasında belə deyiblər.


Onlardan heç bir səbəb göstərmədən mağazalarını boşaltmağı tələb ediblər. Muxtar Respublikanın Babək rayonunun ən böyük kəndlərindən hesab edilən Nehrəmdə 450 mağaza və iaşə obyektləri var.


Bütün bu obyektlərin sökülməsi üçün qoyulan iki gün vaxt noyabrın 5-də başa çatıb. Rəsmilər sahibkarlardan mağazalarını könüllü tərk etməyəcəkləri təqdirdə obyektlərin texnikanın köməyi dağıdılacağını bildiriblər.


«Mağazalarımızı söksələr, özümüzü yandıracağıq. Yeganə dolanışıq yerimizi kəsirlər. Ölmək bundan yaxşıdır…»

Bu mağazalar 14 min əhalisi olan kəndin əsas dolanışıq mənbəyi hesab edilir.


«Azadlıq» radiosunun müxbiri xəbər verir ki, kəndin mərkəzində etiraz aksiyasına 450-dən çox sakin qoşulub.


Etirazçılar ticarət fəaliyyəti üçün onlara əlavə yer verilməsini və ya mülkiyyətlərinin dağıdılması müqabilində əvəz ödənilməsini tələb edirlər.


Sahibkarlar deyirlər ki, onlar bütün vergiləri vaxtlı-vaxtında ödəyiblər. Eyni zamanda həmkəndlilərinin imkanı olmadığından malları nisyə satırmışlar.


«Mənim nisyədə 20 min dollar malım var. Camaatın imkanı yoxdur. Təqaüdlərini alanda hissə-hissə verirlər. Bundan sonra necə olacaq bilmirəm?..»-bunu «Azadlıq» radiosuna etiraz aksiyasına qatılan sahibkarlardan biri deyib.


Aksiyada sosial tələblər də səsləndirilib. Çıxış edənlər Muxtar Respublika rəhbərliyindən əkin sahələrinə su verilməsini, yonca əkmək üçün imkan yaradılmasını, işsizliyin aradan qaldırılmasını tələb ediblər.


Naxçıvan şəhərində sökülməsi planlaşdırılan «57-ci bazar»dakı mağazaların böyük əksəriyyəti Nehrəm kəndindən olan şəxslərə məxsusdur.


Noyabrın 4-də həmin bazarın sökülməsinə etiraz əlaməti olaraq Naxçıvan şəhərində 2 mindən çox insanın iştirakı ilə etiraz aksiyası keçirilib.


XS
SM
MD
LG