Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:12

«Rus millətçilərinin anti-Qafqaz yürüşü»


Millətçi-şovinist dairələr deyirlər ki, bütün Moskva bazarlarını dağıtmağı planlaşdırırlar

Millətçi-şovinist dairələr deyirlər ki, bütün Moskva bazarlarını dağıtmağı planlaşdırırlar

Rusiyadakı Azərbaycan diaspor təşkilatları Moskva bazarlarında ticarətlə məşğul olan azərbaycanlılara noyabrın 4-də bazarlara çıxmamaq barədə müraciət ünvanlayıb. Müraciətdə azərbaycanlılar ayıq-sayıq olmağa çağırılır.


Rusiya Milli Təşkilatlarının Konqresi də bəyanatla çıxış edib. «Biz sizi təşkil olunmamış kütlənin xoşagəlməz halları ilə üzləşməməyiniz üçün hərəkətlərinizdə diqqətli olmağa çağırırıq», - deyə sənəddə bildirilir. Bəyanat müəllifləri həmçinin bildiriblər ki, «Rus marşı» çoxmillətli ölkə üçün çox təhlükəlidir.


Ötən il də Rusiyadakı millətçi-şovinist dairələrin keçirdiyi bu yürüş zamanı onlar bəyan edirdilər ki, bütün Moskva bazarlarını dağıtmağı planlaşdırırlar.


Millətçilərin əsas hədəfi Rusiyada olan qafqazlılara qarşı mübarizə və onları «Ana Rusiyadan qovmaq»dır. Ötən il yürüş ərəfəsində azərbaycanlıların ticarət etdikləri bazarların qarşısına müxtəlif hədə dolu çağırışlar yazılmış vərəqələr atılmışdı. Millətçilərin şüarları isə onların saytında əks olunub: «Rus torpağında russayağı qayda yaradaq», «Rus, sən haqlısan».


Artıq Rusiyada fəaliyyət göstərən Qafqaz və Orta Asiya respublikalarının diaspor təşkilatları narahatlıq keçirməyə başlayıblar.


«Ayna» qəzeti yazır ki, Moskvadakı diaspor təşkilatları ultra-millətçilərə «yaşıl işıq» yandırdıqlarına görə, Moskva meri Yuri Lujkovla görüşmək və narazılıqlarını bildirmək istəyirlər. Öz növbəsində, Moskva meriyası «Rus marşı»nı keçirməyə hazırlaşan millətçilərə bayram zamanı [7 noyabr Rusiyada Həmrəylik və Barışıq Günüdür – red.] qanuna zidd hərəkətə yol verməmələri barədə xəbərdarlıq edib…


Nüfuzlu «Amnesty International» təşkilatı da rus millətçilərinin aksiyasından narahatdır. Təşkilat dünən [noyabrın 2-də] Rusiya hökumətini milli zəmində ədavəti təbliğ edən çağırışları açıq şəkildə pisləməyə çağırıb. «Amnesty International» hesab edir ki, milli zəmində zorakılıq heç bir halda qəbul edilə bilməz.


«Amnesty International» Rusiyanın «SOVA» Analitik Mərkəzinin məlumatlarına istinadən bildirib ki, 2007-ci il yanvarın 1-dən sentyabrın 30-dək Rusiyada milli zəmində 20 hücum faktı qeydə alınıb, nəticədə 409 nəfər xəsarət alıb və onlardan 46 nəfəri vəfat edib.



Mətbuatda «Azadlıq» qəzetinin «dublikat»ı olan «Azadlıq+» qəzeti peyda olub. Baş redaktoru Aqil Mahmudov olan qəzet rəngi, şriftləri, bir sözlə, ümumi görüntüsü ilə tamamilə «Azadlıq»a bənzəyir. Bu, mətbuatda birinci hal deyil. Daha öncə də Hafiz Hacıyev «Yeni Müsavat» qəzetinin şriftləri və loqotipi əsasında «Müasir Müsavat» adlı qəzet nəşr etdirmişdi...

«Yeni Müsavat» qəzeti tərəflərlə əlaqə saxlayıb, bu məsələnin təfərrüatları ilə maraqlanıb. «Azadlıq» qəzetinin baş direktoru Azər Əhmədov qarşı tərəfin onları təqlid etdiyi məqamlara toxunub:


«Köşklərdə bizim qəzetlə onların qəzeti arasında heç bir fərq görünmür. Bu gün bir neçə oxucu zəng vurub ki, sizin qəzetdən ikisi çıxıb, hansı gerçəkdir? Məsələn, biz loqonun altında «gündəlik qəzet» yazırıq, onlar «həftəlik» sözünü yazırlar. Bizim ünvanımız azadlıq@azdata.net-dir, onlarınkı azadlıq@qazdata.net. Bizim 89-dan bəri 3506 sayımız çıxıb. Onlar isə qəzetin üstündə yazıblar ki, guya 506 sayları çıxıb. Əgər bunlar həftəlik qəzetdirlərsə, həmin məntiqlə 10 ildir ki, nəşr olunurlar».


Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirir ki, burada söhbət öncə müəlliflik hüququnun qorunmasından gedir:


«Azadlıq+» adlı qəzeti ancaq «Azadlıq» qəzeti nəşr etdirə bilər. Çünki bu ad onlara aiddir. Problemin həlli odur ki, bu qəzet öz hüququnu məhkəmə yolu ilə həll etsin. Mətbuat Şurasına məlumat verilib, amma yazılı şikayət olunmayıb. Biz növbəti toplantılarımızda bu məsələni müzakirə edəcəyik»…


«Azadlıq+» qəzetinin baş redaktoru Adil Mahmudov isə «Yeni Müsavat»la söhbətində bütün iddiaları təkzib edib. «Qənimət Zahidin əgər alnına Allah təala tərəfindən möhür vurulubsa ki, «azadlıq» sözü ancaq ona məxsusdur, o ayrı söhbət» deyərək özünə haqq qazandırmağa çalışan A. Mahmudov respublikada «azadlıq» sözünü, onun mahiyyətini bilən hər kəsin bu adda qəzet aça biləcəyini vurğuladı:


«Mən bu qəzeti ona görə açmamışam ki, məhz Qənimətlə rəqabət aparım. Mənim qəzetimin öz fikirləri var. Bu o demək deyil ki, mən Qənimətin qəzetinin surətini çıxarmışam. Həmin qəzet formasında çıxarmışam, amma mənimki həftəlik qəzetdir, onlarınkı isə gündəlik»...




«Azərbaycanda «Eurovision»da çıxış etməyə layiq müğənninin olması gülünc səslənir. Azərbaycan millətini, dövlətini həmin yarışmada təmsil edən müğənnimiz hələ yetişməyib».


Bunu «Gün səhər» qəzeti ilə söhbətində 35 ildən çoxdur səhnədə olan xalq artisti Yalçın Rzazadə deyib.



«Bir ara yerindən duran «Eurovision»a getmək istəyirdi. Məsələ dövlət səviyyəsində həll olunmağa başlayanda, onlardan səs-soraq çıxmadı. Əslində, bizim beynəlxalq müsabiqədə təmsil olunmağımız müsbət haldır, lakin Azərbaycanda «Eurovision»da çıxış etməyə layiq müğənninin olması gülünc səslənir. Azərbaycan millətini, dövlətini həmin yarışmada təmsil edən müğənnimiz yoxdur! Orada çıxış etməkdə iddialı olanlar ancaq restoranda oxuya, kliplərini pulla fırlada bilərlər. Xaricdə pul keçmir. Yenə deyirəm, bizdə «Eurovision»a göndərməyə layiqli gənc müğənni yoxdur...», - deyə Yalçın Rzazadə bildirib.


XS
SM
MD
LG